«İşbazlar «Freedom House»la işbirliyinə can atırlar»

«İşbazlar «Freedom House»la işbirliyinə can atırlar»

Müsahibə
18 Dekabr 2012, 15:49 2043
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət “Kaspi”nin suallarını cavablandırır.

- Azər bəy, ötən həftə “Freedom House” beynəlxalq təşkilatı Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair növbəti hesabatını açıqlayıb. Sizin bu hesabata münasibətiniz necədir?
- “Freedom House”un tərtib etdiyi hesabatın istər Azərbaycanla, istərsə də qonşu ölkələrlə bağlı hissələrini dərindən analiz etdik. Diqqətlə oxuduqda belə anlaşıldı ki, Azərbaycanla bağlı hissədə kifayət qədər qeyri-obyektivliyə, qeyri-dəqiqliyə yol verilib. Azərbaycandakı real durum orada öz əksini tapmayıb. Bütövlükdə Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı hesabat hazırlanarkən, ya köhnəlmiş, ya da əsassız informasiyalardan istifadə olunub. Buna görə də biz məsələyə münasibət bildirərkən maddə-maddə həmin hesabatın hissələrini ayırıb onlara konkret cavablar verdik. Yəni, biz hesab edirik ki, bu hesabat yetərincə araşdırılma aparılmadan, əsaslı faktlar olmadan hazırlanıb. Bu səbəbdən də Azərbaycanın adı layiq olmadığı yerdə, yəni azad olmayan ölkələr sırasında göstərilib.
- Qeyd etdiniz ki, “Freedom House” yetərincə araşdırma aparmadan, əsaslı faktlar göstərmədən Azərbaycanla bağlı hesabat hazırlayıb. Sizcə, belə hesabatların hazırlanmasında və yayılmasında məqsəd nədir?
- Mən mətbuat vasitəsilə bizim ictimai-siyasi xadimlərin, hətta dövlət rəsmilərinin hesabatla bağlı mövqeyini izlədim. Birmənalı olaraq Azərbaycan ictimai rəyi hesab edir ki, bu hesabatlar adətən qərəzli hazırlanır, qeyri-obyektiv olur. Hətta bəzi adamlar bu cür Azərbaycanın əleyhinə olan hesabatların arxasında erməni diasporunun, erməni lobbisinin dayandığını söyləyirlər. Bu fikri qismən paylaşmaq olar. Amma tam olaraq bununla razılaşa bilmirəm. Çünki mən uzun müddət beynəlxalq təşkilatlarla, o cümlədən də “Freedom House”la işləmişəm. Onlarla iş birliyimiz olub. Bu təşkilatların qarşısına normal, Azərbaycandakı durumu əks etdirən real faktlar qoyanda istər-istəməz nəzərə alırlar və əslində almağa da məcburdurlar. O təşkilatın mandatı, missiyası bunu tələb edir ki, fərqli mənbələrdən fərqli fikirləri mütləq diqqətə alsınlar. Görünür indiki hesabat hazırlananda tək tərəfli, Azərbaycana qarşı olan, yaxud da ki, Azərbaycanda hər şeyi qara görməyə adət etmiş adamlar onlara məlumatlar ötürüblər. Çox zaman belə məlumatlar əsassız, qeyri-obyektiv, üstəlik də bəzi hallarda ümumiyyətlə köhnə olur. Bu məlumatların nəticəsində də belə bir hesabat ortaya çıxır. Mən burada təşkilatın özünün qərəzindən, yaxud onun arxasında bu hesabatı hazırlayanların arxasında erməni diasporunun dayanmasından daha çox Azərbaycanın içində oturub ölkəmiz əleyhinə beynəlxalq səviyyədə informasiyalar yayan adamları ittiham edərdim. Təəssüflər olsun ki, həmin adamlar öz missiyalarına sadiq olmayıblar. Yəni Azərbaycan haqqında obyektiv informasiya ötürmək yerinə, qeyri-obyektiv informasiyalar ötürüblər.
- Tutaq ki, Azərbaycanda yaşayaraq bütün hadisələri qara rəngdə görən hər hansı bir adam bu xarakterindən irəli gələrək, beynəlxalq səviyyədə ölkəmiz əleyhinə həqiqətə uyğun olmayan informasiyalar yayır. Bəs, “Freedom House” təşkilatı bu informasiyaların nə dərəcədə düzgün olub-olmadığını araşdırmalı deyilmi?
- Mütləq şəkildə araşdırmağa borcludur. Çünki əvvəllər bu təşkilatlarla işləyəndə göndərdiyimiz informasiyalar alternativ mənbələrdən, yaxud da başqa mənbələrdən alınan informasiyalar bizim vasitəmizlə dəqiqləşdirilib. Dəfələrlə olub ki, “Freedom House”un, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatları mənim əlimə gəlib çatıb. Onlar bu hesabatı mənə göndəriblər ki, xahiş edirik bunu yoxlayın, nəzərdən keçirin, yanlışlığa yol verməyək və s. Mən də həmin təşkilatların hesabatlarına düzəlişlər etmişəm. Yəni faktları dəqiqləşdirmişəm, düzgün olmayan hisslərini qeyd etmişəm ki, bunları çıxarmaq lazımdır. Görünür “Freedom House” və başqa təşkilatlar Azərbaycanla bağlı hesabat hazırlayanda bütün mənbələrə inanıblar və ona görə də dəqiqləşdirmə aparmayıblar. Təəssüflər olsun ki, milli mənafeləri daha üstün tutan, dürüst informasiya yaymaqda maraqlı olan bir sıra qeyri-hökumət təşkilatlarımız, insan hüquqları mərkəzlərimiz “Freedom House”la yetərincə işləməyiblər. Buna görə “Freedom House” başqa mənbələrdən öz informasiyalarını dəqiqləşdirən zaman məsələyə səthi yanaşıblar. Yaxud ya dəqiqləşdirə bilməyiblər, ya da müvəqqəti olaraq qeyri-obyektiv informasiyanı bir daha təsdiqlədiblər. Bu baxımdan hazırda şəxsən mənim və mənim kimi düşünən insanların qarşısında duran əsas vəzifə ondan ibarətdir ki, “Freedom House” da daxil olmaqla bir çox beynəlxalq insan hüquqları, jurnalist hüquqları, söz azadlıqları ilə məşğul olan təşkilatlarla iş birliyimizi dərinləşdirək. Onlarla açıq şəkildə informasiya mübadiləsi aparaq ki, Azərbaycanda hər şeyin qara rəngdə olmadığını göstərə bilək.
- Ola bilərmi ki, “Freedom House” hər hansı ölkə ilə bağlı hesabat hazırlayarkən əldə etdiyi məlumatların dəqiqləşdirilməsində özü maraqlı olmasın?
- Bu, az ehtimal olunan məqamdır. Biz həmin təşkilatları ittiham edə, Azərbaycana qarşı qərəzli yanaşmada, bilərəkdən ölkəmiz haqqında mənfi imic formalaşdırmaqda günahlandıra bilərik. Lakin, məsələ burasındadır ki, onların bəlli standartları var. Həmin standartlar çərçivəsindən çıxmaq beynəlxalq təşkilatlar üçün çox çətindir. Çünki biz bu təşkilatları necə ittiham ediriksə, Amerika ictimaiyyətinin də içindəki nüfuzlu adamlar da onları obyektiv olub-olmamaqda ittiham edirlər. Bu kimi ittihamlardan qorxub-çəkindikləri üçün, ictimai rəylə hesablaşdıqları üçün bu təşkilatlar çalışırlar ki, informasiya mənbələrinin şəbəkəsini genişləndirsinlər. Sabah hər hansı ölkəylə bağlı qərəzli informasiya yayılanda onları ittiham edənlərin qarşısına həmin şəbəkənin siyahısını qoysunlar. Desinlər ki, baxın görün, biz nə qədər alternativ mənbələrdən bu məlumatları dəqiqləşdirmişik. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən və milli maraqlardan çıxış edən, obyektivliyinə şübhə edilməyən təşkilatların “Freedom House” və başqaları ilə dərin işbirliyinə getməsi zəruridir. Belə olsa “Freedom House” hesabat hazırlayarkən məcburiyyət qarşısında qalıb Azərbaycanla bağlı məqamları yerli QHT-lərlə də dəqiqləşdirəcək. Belə olmayan halda Azərbaycandakı bəzi insan haqları dəllalları, işbazlar, ölkəmizin əleyhinə işləyən dairələr “Freedom House” kimi təşkilatlarla işbirliyinə can atırlar. Biz belə bir vəziyyətin yaranmasına imkan verməməliyik. Hamıya bəlli olan bir neçə təşkilat var ki, həmin qurumlar gözüyumulu şəkildə hesabatlar hazırlayır, hər şeyi qara rəngdə təqdim edirlər. Bunun nəticəsində Azərbaycanı biabır edir, ölkəmizdəki vəziyyətin dəhşətli olduğunu göstərməklə böyük məbləğdə qrantlar alırlar. Məhz bunun qarşısını almaq üçün Azərbaycanda insan hüquq və azadlıqlarının durumu ilə bağlı alternativ hesabat hazırlamaq lazımdır. Azərbaycanda gerçək durumun necə olduğunu dünyaya göstərməliyik. Belə olsa beynəlxalq təşkilatlar da görəcəklər ki, bəzi qaraguruhçular tərəfindən onlara təqdim olunan hesabatlar obyektiv deyil.
- “Freedom House”un hesabatında Ermənistanın Azərbaycandan daha demokratik ölkə kimi təqdim edilməsinə münasibətiniz necədir?
- Azərbaycanın bəzi üçüncü sektor təmsilçilərindən fərqli olaraq, Ermənistanın heç bir QHT-si beynəlxalq təşkilatlara ölkəsi barədə donos vermək üçün növbəyə düzülmürlər. Ermənistanda mənim də tanıdığım jurnalist təşkilatları var. Həmin təşkilat rəhbərləri ilə biz beynəlxalq tədbirlərdə üz-üzə gəlirik. Həm onlar, həm də Ermənistanın insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan ən radikal təşkilatları belə öz ölkəsi barəsində sərt, tənqidi hesabatlar yaymırlar. Onlar öz ölkələrinin müsbət imicinin formalaşdırılması qayğısına qalırlar. Ancaq, Azərbaycanda fəaliyyət göstərən və beynəlxalq səviyyədə aktiv olan bəzi təşkilatlar belə bir qayğını çəkmirlər. Onlar Azərbaycandakı vəziyyəti daha da şişirdərək, bərbad şəkildə beynəlxalq aləmə təqdim edirlər. Ona görə də bir qayda olaraq, “Freedom House” kimi beynəlxalq təşkilatların hesabatında Ermənistan Azərbaycandan daha demokratik ölkə kimi göstərilir.

Rufik İSMAYILOV