• çərşənbə axşamı, 16 aprel, 14:18
  • Baku Bakı 19°C

İşarəni dənizdən gözləyin

07.01.19 12:15 3086
İşarəni dənizdən gözləyin
Yazıçı Firudun Ağayevin "İldırım dənizdə çaxır” romanın motivləri əsasında çəkilmiş "İşarəni dənizdən gözləyin” filmi bu il yüz illiyini qeyd etdiyimiz Azərbaycan cümhuriyyəti hökumətinin dağılması prosesini əks etdirən filmdir. 1986-cı ildə aktyor-rejissor Ceyhun Mirzəyevin çəkdiyi bu film günümüz baxımından da aktualdır.
Filmə ilk dəfə nə zaman baxdığımı xatırlamasam da filmdəki Baş nazir (Həsənağa Turabov) obrazı mənə o zaman zahiri baxımdan Məhəmməd Əmin Rəsulzadəni xatırlatmışdı.
Bu filmdə digər çəkilən o dövrkü inqilabi filmlərdən fərqi ondadır ki, Cümhuriyyət hökuməti daha yaxşı şəkildə göstərilir. Bundan öncəki filmlərdə biz bu hökumətin adını eşitsək də, bu ekran əsərində özünün kabinetini, nazirlərini və üçrəngli bayrağını görükürük. Qeyd etmək yerinə düşər ki bundan öncə üçrəngli bayraq Nəriman Nərimanov haqqında çəkilən "Ulduzlar sönmür” (1971) və "Qatır Məmməd” (1974) filmində də göstərilmişdir.
Film Firudun Ağayevin romanı əsasında çəkilsə də filmlə əsər əsasında ciddi fərqlər mövcuddur. Bir qədər bu haqda. İstənilən romanda obrazlar çox olduğuna görə onun əsasında müəyyən obraz ixtisarları olur. "İldırım dənizdə çaxır” romanında real tarixi şəxsiyyətlər Nəsib bəy Yusifbəyli, Nəriman Nərimanov, Murad Gəray Tlexas kimi obrazlar var. Bununla yanaşı daxili işlər naziri kimi təqdim edilən Sərgarbəyov obrazı isə tarixə əsaslanmır. Bu obraz müəllif təxəyyülünün məhsuludur. Bildiyimiz kimi cümhuriyyətin son dövründə Daxili işlər naziri Mustafa bəy Vəkilov olmuşdur. Romanda film üçün maraqlı ola biləcək xeyli olaylar ixtisar olunmuşdur. Onlardan biri "Van” gəmisinin qaçırılması hadisədir. Bolşeviklər Çingiz İldırımın dəstəyi ilə Ənzəliyə gedəcək gəmini Petrovska qaçırırlar. Burada həm dramatik, həm macəra janrının elementləri var. Həmçinin kəşfiyyat işinin də müəyyən tərəfləri göstərilir. Lakin bu məqam filmdə cəmi bir dəfə qəzetsatan uşağın dilindən "Ənzəliyə gedən gəmini bolşeviklər qaçırıblar” xəbəriylə bildirilir. Həmçinin Tlexasın katibəsi Süleyhə xanımın özünü öldürməsi də bu qəbildəndir.
Ümumiyyətlə Süleyhəylə Çingiz İldırımın münasibətləri həm romantik, həm də macəra xarakteri daşıyır.
Bunlara baxmayaraq film öz uğurunu əldə edən ekran əsərlərindən biri olmuşdu. Filmdə əsas problem müstəqil dövləti qorumalı olan top çaxmaqlarının tapılması məsələsidir. Baş nazir hərbi dəniz komandanına respublikanın taleyinin bundan asılı olması mesajını verir. Komandanı zahiri canfəşanlıqla buna görə hətta ölümə gedəcəyini bildirməsi onun ikili oyunlara başlamasının startı olur. Lakin daxildə gizlədilən gizli məqsədlər filmin sonrakı epizodlarında açılır.
Gəmi çaxmaqlarının axtarışının nəticəsi onların ingilis gəmisində olmasını ortaya çıxarır. Bundan sonra filmin siyasi yükü daha da artmış olur. Komandan ingilis gəmisindəki zabitlə söhbət zamanı ona dövlət çevrilişi edəcəkləri ilə bağlı xəbəri çatdırması komandanın iki tərəfə məlumatı ötürməsinə səbəb olur. Komandan belə etməklə iki məqsəd güdür: həm Tlexası baş nazirin gözündən salmaq istəyir, həm də bolşevik çevrilişinə dəstəyini verir. Komandanla Tlexasın qarşıdurması isə romanda daha ciddi şəkildə işlənib. Təəssüf ki, film bu məqamı yaxşı aça bilmir. Belə ki, komandan həm baş nazirə həm də bolşevik Həmid Sultanova bu məlumatı verir. O H.Sultanova dərzi yerində "İndi ingilis düymələri dəbdədi” xəbərini çatdırması kəşfiyyat dilində danışığın ifadəsidir.
İctimai proseslərin fonunda bir-birini sevən Leyla və Məzahir Şəfibəyov (Fəxrəddin Manafov) uğursuz talenin qurbanı olurlar. Məzahir Leylanı komandana qısqanır onların arasında olan dialoqdan sonra komandanı öldürmək üçün hazırlanan fayton Leylanın üzərindən keçərək onu həlak edir.
Leylanın dəfn səhnəsində komandanın baş nazirdən ingilis gəmisində axtarışa icazə ala bilir. Bu zaman Tlexasın buna etiraz etməsi fonunda baş nazirin "Ağalar, bu qəbiristanlıqdır, parlamentin iclası deyil” deməsi həm özünün daxilən tükənməsinin, həm də cümhuriyyətin süqutunun ekran həllidir.
Bununla yanaşı rejissor Ceyhun Mirzəyev bu filmdə bundan öncə tarixi-inqilabi filmlərdəki estetikadan yararlanmışdır. Belə ki, cümhuriyyət hökumətinin dəyirmi masa ətrafında müzakirəsi səhnələri Səməd Mərdanovun "Kəndlilər” filmindən təsirlənmişdi. O filmdə də 23 aylıq hökumətin iclası bu şəkildə göstərilmişdi. Daha bir məqam isə hökumətinin təhvil verildiyi səhnəylə bağlıdır. Burada saat zəngləri sədası altında hökumət üzvləri və müxtəlif antik heykəllər göstərilir. "Lenin oktyabrda” (1937) filmində də bu epizod var. Üsyançılar "Qış sarayı”na daxil olanda döyüşlər heykəllərin qarşısında baş verir.

Filmdə günümüz baxımından baş nazir obrazı diqqətəçəkicidir. Ürəyi xəstə olan hökumət başçısının zəif iradəli şəkildə göstərilməsi təbii ki, dövrün konyukturasının uyğun idi. Lakin bildiyimiz kimi bu obraz Nəsib bəy Yusifbəylinin protipidir. Onun tez-tez şeiriyyata dalması, isə müəyyən tarixi həqiqətlərə yaxındır. Gerçək də Nəsib bəy "Təslim” romanı və "Azərbaycan ədəbiyyatı tarixi" kitablarının müəllifi olub. Bununla yanaşı hökumət başçısının bu cür romantikaya qapılması dövlət çevrilişin nə üçün belə tez baş verməsini də aydınlaşdırır. Təbii ki, film həqiqəti kontekstində. Tarixi gerçəkliklər isə bir qədər başqadır.
Daha bir maraqlı məqam isə 27 aprel gecəsi ingilis zabitinin bildirdiyi fikirlərlə bağlıdır. Belə ki cənab Ro ingilis çevriliş planı baş tutmadıqda Tlexasa "Dövlətiniz suverenliyi daha özünüzdən asılıdır” mesajının verilməsi milli müstəqillik şüurunun oyanmasına xidmət edən fikirlərdir. "İşarəni dənizdən gözləyin” filmi bu mesajlar baxımından günümüz üçün önəmli tarixi filmlərdəndir.

Ceyhun Mirzəli


banner

Oxşar Xəbərlər