• cümə, 19 Aprel, 20:47
  • Baku Bakı 24°C

İŞARƏLƏR İMPERİYASI

10.05.16 11:27 3391
İŞARƏLƏR İMPERİYASI

Haykunun müəyyən qədər fantasmaqorik (xəyali, qarabasma) bir xüsusiyyəti var: adama elə gelir ki, bunu yazmaq çox asandır. Busonun bu misralarını misal çəkək:

Payız axşamı,

mənim bütün fikirlərim

ancaq valideynlərim haqdadır.

Hayku həsəd hissi oyadır: nə qədər qərb oxucuları həyatı əlində bloknotla gəzişərək, müxtəlif yerlərdə qısalığı mükəmməllik sığortası, sadəliyi isə dərinlik kriteriyası (iki hissədən ibarət - birincisi lakonikliyi sənət edən klassik hissə, ikinicisi iprovizasiyada həqiqəti izləyən romantik hissədən ibarət mifin sayəsində) olan "təəssüratlarını" qeyd etməyi arzulayıblar. Tamamilə aydın, anlaşılan olan hayku, bununla yanaşı heç nədən xəbər vermir və məhz bu ikili şərtə görə o, özünü tərbiyəli, sizi bütün dəyərləriniz, bağlılıqlarınız və simvollarınızla qəbul edərək, öz evinizdəki kimi hiss etməyi təklif edən ev sahibinin iltifatı kimi təqdim edir; haykunun bu "yoxluğu” güclü məna həvəsi ilə törəyir. Haykuda həmin bu məna fortuna (hadisə və pul kimi) kimi metrik (ölçü) qaydalardan azaddır. Demək olar ki, haykularda simvol, metafora, mənəviyyatın heç bir dəyəri yoxdur. Uzaq başı bir neçə söz, təsvir və hiss. Lakin həmin şeyi təsvir etmək üçün bizim ədəbiyyatda qısa formada bir poema və ya kamil fikirlər, bir sözlə, uzun bir ritorik əmək sərf olunmalı idi.

Görünür, hayku, öz ədəbiyyatının imtina etdiyi haqlarını Qərbə təqdim edir. Siz hayku deyərək boş, qısa, adi və primitiv görünə bilərsiz; sadəcə gördüyünüzü və hiss etdiyinizi dar söz üfüqündə qapayın, siz də ona məftun olacaqsınız; sizin, hətta öz qanunuzu yaratmaq haqqınız da var; hər necə olursa olsun, sizin sözünüz kiməsə dərs verər, simvolu aşkara çıxarar, siz dərin olarsınız; kiçik vasitələrlə yazının tamlığına müyəssər olarsınız.

Qərb hər şeyi avtoritar dinin bütün xalqlara sırıdığı ithaflar kimi məna ilə doldurur; əslində, isə dilin obyektləri (ünsiyyət vasitəsi ilə yaranan) yeni din qəbul etmiş kimi görünür: dilin ilkin mənası metonomik şəkildə ikincisinə - diskurs (mühakimə) mənasına müraciət edir. Və bu müraciət ümumi məcburiyyət mənasını daşıyır. Mənasızlıq biabırçılığından qaçmaq üçün bizim deyimləri içindəki sistematik şəkildə mənalarından bu və ya digər işarəyə tabe etdiyimiz iki əlacımız var: simvol və ya düşüncə, metafora və ya silloqizm (iki verilmiş fikirdən üçüncüsü yaranan nəticə). Hayku özünün sadə, məqbul (dilçilər demişkən) ifadələri ilə bu və ya digər məna imperiyalarına çəkilib aparılır. "Şeir” olduğuna görə onu ümumi emosiya kodunun "lirik hisslər” adlandırılan hissəsinə yerləşdirirlər.

Yoko yazır:

Nə qədər adamlar

Payız yağışında islanaraq

Seta körpüsündən keçdilər! –

Bu zamanın axışına işarədir. Basyonun yazdığı haykuya nəzər salaq:

Dağ cığırıyla addımlayıram.

Ah necə də gözəl!

Bənövşə!

Burada izah edirlər ki, o, budda zahidini görüb, çünki bənövşə "kəramət çiçəyi” hesab edilir. Lakin qərb şərhçisinin bir dənə də olsa simvolik məna yükləmədiyi xüsusiyyətlər qalmır. Yaxud da üç misralıq haykuda sillogizm sxemini görəcəklər:

Köhnə körfəz.

Ora qurbağalar tullanır.

Ah, suyun səsi!

Bu qəribə sillogizmdə nəticə çıxarmaq çətin başa gəlir: onun tam alınması üçün zəif fikrin güclü fikrə yan alması lazımdır. Əlbəttə ki, metaforalar və sillogizmdən imtina etsək, açıqlamalar vermək mümkün olmayacaq: hayku haqqında danışmaq, elə onu təkrar etmək deməkdir. Bunu bilmədən Basyo da edib:

Artıq dördüncü...

Doqquzuncu dəfədir ki, qalxıram

Aya tamaşa etməkdən ötrü.

Deyir ki, "ay elə gözəldir ki, şair pəncərəsindən ona baxmaq üçün təkrar-təkrar yatağından qalxır. Mənaya baş vurub dərk etmək üçün nəzərdə tutulan interpretasiyanın deşifrə edən, formalaşdıran və ya taftoloji yolları, yəni ki, kənara atmaq əvəzinə ondan sui-istifadə etmək, yalnız haykunun yanından ötüb-keçmək kimi bir şeydir. Çünki onlar dili ləngidir, sıxışdırır. Hayku ustası Basyo yazır:

O adama heyran olmaq lazımdır ki,

Alışma görəndə demir:

"Həyat tez axıb gedəndir!”

.

MƏNADAN YAXA QURTARMAQ

Bütün Dzen yüngül, boş mənayla mübararizədədir. Məlumdur ki, buddizm məşum, labüd yollardan qaçmağa müvəffəq ola bilir. Onlara həmişə ya nəyisə təsdiq və ya inkar etmək lazımdır. Bunun üçün də o, həmişə dörd mümkün təsdiqdən yayınmağı tövsiyə edir: bu A-dır, bu A deyil, eyni zamanda o, A olduğu halda, həm də A deyil. Bu dördlü mümkünlük sturkturlu dilçiliyin (A - A deyil, nə A-dır, nə də A deyil (sıfırıncı dərəcə); həm A-dır, həm də A deyil (mürəkkəb dərəcə)); yaratdığı mükəmməl paradiqmaya (sözlərin hallara salınması və ya dəyişməsi formalarını göstərən cədvəl) uyğundur; başqa sözlə desək, buddist yolu məna maneəsidir: işarənin dərhal başa düşülməsi, məhz paradiqma daha mümkünsüz olur. Altıncı patriarx mondo - sual-cavab məşqlər ilə bağlı göstəriş verəndə, paradiqmatik funksiyanı dolaşdırmağı - termin verilən zaman ona əks mənada olan terminə ("Əgər sizə məişətlə bağlı sual verirlərsə, məişət olmayan bir şeylə cavab verin, əgər məişətdən olmayan bir şeydə sual versələr, məişətlə bağlı nəyləsə cavab verin. Əgər sizdən adi bir insanı soruşurlarsa, siz müdrik birindən söhbət açın, və s.") müraciət edərək mənanın paradiqmatik qapalılığını və mexaniki xarakterini cəfəngiyat olduğunu göstərməyi məsləhət görür. Nəyə ki can atırlar, o məqsəddir, bu, işarənin əsasıdır, daha dəqiq desək təsnifatdır (maya). Sözün xüsusi mənasında təsnifatlaşdırmanın əksinə duran haykular, bir-birinə bağlı mənalar qatına (bizim ədəbiyyatımızda mümkünsüz) - üst-üstə yığılmış simvollar qatına çökməyən axıcı, rahat dilə can atır. Hansısa tullanan qurbağanın səs-küyü Basyonu Dzen həqiqətinə ayıltdı deyəndə, bunu Basyonun həmin səsdə hansısa bir "aydınlanma" motivi və ya bütün hisslərin simvolistik oyanışını tapmışdır. Bu daha çox dilin son həddidir: dilin kəsildiyi an da olur, məhz həmin bu səssiz aralıqda Dzen həqiqətlərinin və həm də qısa, boş hayku formasının əsası qoyulur. "Dağılmanın” inkar edilməsi radikal xarakter daşıyır, çünki söhbət Allahla (dzendə Allah yoxdur) ünsiyyətə girmək üçün dili ağır, dərin, mistik sakitlikdə və ya ruhun boşluğunda dayadırmaqdan getmir; olacaqlar nə danışıqda, nə danışığın sonunda qarışıb dağılmamalıdır. Olacaqlar şəffaf deyil və bizə bunu təkrar-təkrar etməkdən başqa heç nə qalmır. Məhz bunu koan (Dzen-buddizmdə, adətən, məntiqi motivasiyası olmayan dialoq şəklində povest) və ya müəllimin verdiyi pritça üzərində işləyən praktikanta tövsiyə edirlər: onun absurdluğuna (hələ də məna adlandırılan), gizli mənalarına girmək yox, sonsuza qədər onu yaşayıb hiss etmək lazımdır. Bu minvalla ədəbi kökləri hayku sənəti olan Dzen, dili dayandırmaq üçün bir praktikadır ki, radio kimi aləmə yayılan bu boş laqqırtını susdursun. Və ola bilər ki, Dzendə satori (meditativ Dzen təcrübəsində, təcrübənin daxili personal yaşanması) adlanır və Qərbdə yalnız müəyyən qədər tərcümə oluna bilir.

HADİSƏ

Qərb ədəbiyyatı "təəssüratı" təsvirə çevirir. Haykusa heç vaxt heç nəyi təsvir etmir: hər hansı bir vəziyyəti, hissi dərhal, geri çəkilmədən görünənlərin kövrək mahiyyətinə çevirir. Bu anı sözün hərfi mənasında "ələ keçirmək" mümkün deyil. Əşya artıq sadəcə söz olanda, dilə çevrilməyə başlayır, bir dildən başqa dilə keçir. Hayku mahiyyət etibarilə təkcə hadisə deyil:

Yağan ilk qarı gördüm.

Və bu səhər

Əl-üzümü yumağı unutdum.

Masaoka Sikinin haykusu:

Balaca gəminin bortunda

Dana üzür çay boyunca

Yağışlı axşamda.

Sanki hadisə ipək kimi bir dillə dəqiq və zərif hərəkətlərlə həyat səhifəsinə qat-qat yığılır. Qərb janrı üçün mənəvi planda təsvirlər - düşüncə, "İncil”dəki mətnlərdən epizodlarla olan formaların metodik təxəyyül uyğundur; haykusa əksinə, metafizikanın fonunda, Allah və subyekt olmadan, buddist Mu və dzen satorisinə uyğun deyilir. Və bu heç də Allahın enişini göstərmir. Sadəcə olaraq əşyaları hadisə kimi qavranılması faktını oyadır.

Bir tərəfdən haykunun kəmiyyəti və çox yayılmağı, digər tərəfdən də qısalığı və hər birinin özü-özlüyündə susqunluğu, deyəsən, dünyanı sonsuza qədər müxtəlif bölgülərə ayırır və sahmana salır. Haykunun zamanı subyektdən məhrumdur: onda başqa bir "mən" yoxdur. Xua-Yen doktrinasının təqdim etdiyi obraza əsaslansaq, demək olar ki, haykunun "bədəni" sapa düzülmüş, birində digər mirvari dənələrinin əks olunduğu mirvarilərdir. Və bu sonsuza qədər davam edir. Bu düzümdə əks olunmanın ilkin mənbəyini tapmaq, gözlə görmək mümkün deyil. Qərbdə güzgü mahiyyətinə görə narsisit (öz-özünə vurulmuş) obyektdir; insan güzgüyə özünə baxmaqdan ötrü istifadə edir və bundan başqa heç nə düşünmür; Şərqdə isə güzgü, deyəsən, boşluqdur: o, simvolun özünü simvolik şəkildə boş əks etdirir. "Dao deyir ki, mükəmməl insanın ağlı güzgü kimidir. O, heç nəyi qamarlayıb götürmür, lakin heç nəyi rədd etmir də. Nələrisə qəbul edir, lakin özündə saxlamır"; güzgü yalnız başqa güzgüləri tutur və bu sonsuz əks etdirmələr boşluğun özüdür". Hayku bu cür başımıza heç vaxt gəlməyən şeyləri yadımıza salır; biz onda başlanğıcsız təkrarları, səbəbsiz hadisələri, şəxsiyyətsiz yaddaş, bir-birinə bağlı olmayan danışıq öyrənirik.

Hayku haqqında danışdıqlarımı Yaponiya adlandırdığımız ölkədə baş verən hər bir hadisə (advient) barəsində də demək olar. Çünki orada - küçədə, barda, qatarda və ya dükanda həmişə nəsə bir hadisə baş verir. Və bu hansısa etimoloji macəra tamamilə əhəmiyyətsizdir: geyimin uyğunsuzluğu, mədəniyyətin anarxiyası, özünü aparmaq azadlığı, bələdçinin alogizmliyi (insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibət) və s.

Bu hadisələri müşahidə etməyə cəhd göstərmək - məqsədsiz, sonsuz bir işdən yapışmaqdır, çünki onlar yalnız oxunan anda parlaya bilərlər. Bundan başqa, qərb adamı onları öz daxili uzaqlaşması mənaları ilə yükləmədən səsləndirə bilməz: onları haykuya - bizim üçün əlçatmaz olan dilə çevirmək lazım idi. Yalnız bunu əlavə etmək olar ki, bu əhəmiyyətsiz macəralarda (gün ərzində üst-üstə yığılan macəralar sərxoşluq vəziyyətinə gətirir) bədii, gözəl, romantik olmayan heç nə yoxdur; onların oxumağa (çünki mən orada oxucuyam, yazıçı deyiləm) icazə verdikləri mənim izsiz, sapmadan dəqiq həyat yolumdur.

Bizdə olan bir çox əhəmiyyətsiz detallar (təbəssümdən tutmuş geyimə qədər), özünəgüvənin təmtəraqlılğından başqa bir şey deyil. Yaponlarda isə küçədə rastlaşılan gözlənilməz bir şeyi ötüb keçmək üçün vasitəyə çevrilir. Çünki burada jestin müstəqilliyi özünütəsdiqlə bağlı deyil, sadəcə məişətin qrafik vasitəsindən asılıdır; buna görə də çoxəsrlik estetikası olan, vulqarlıqdan uzaq yapon küçəsinin (və ya hər hansı başqa bir ictimai yerdə) tamaşası, heç vaxt bədənlərin teatrallığına tabe olmur. "Dzen müəllimi deyir: nə qədər ki gedirsən, getməkdən zövq al. Oturanda isə oturuşundan. Lakin heç nəylə həddindən artıq uzun müddət məşğul olma!"

BELƏ

Haykunun məqsədi aydın, rahat başa düşülən dil vasitəsilə mənadan yaxa qurtarmaqdır. Qərb ədəbiyyatı isə mənadan dili anlaşılmaz etməklə qurtulur. Buna görə də hayku bizə nə primitiv, nə ekssentrik görünmür. O həm hər şeyi xatırladır, həm də heç nəyi xatırlatmır: rahat oxunulduğu üçün bizə sadə, yaxın, tanış, xoş, nəfis, "poetik" görünür. Və bu cür əhəmiyyətsiz və sadə göründüyü halda birdən-birə bizim əleyhimizə qalxır və bir dəqiqə əvvəl onun barəsində düşündüklərimizi alt-üst edərək məna asılılığına düşür. Və bu bizə qeyri-adi gəlir, çünki ən sadə nitq məşqlərimizi mümkünsüz edir. Bu haqda nə deyə bilərik:

Yaz mehi.

Qayıqçı

tənbəki çubuğu çəkir.

Və ya bu haqda:

Bütöv ay,

həsir üstündə

şam ağacının kölgəsidir.

Və yaxud da bu haqda:

Balıqçının daxmasında

Quru balıq iyi var

və bir də istinin.

Daha bir hayku da var:

Qış küləyi dueti.

Pişik gözləri

parıldayır.

Bu cür xüsusiyyətlər onu "şərhsiz xəyal" adlandırmağa imkan verir. Lakin bu xəyal (daha çox qərb sözü olan) öz əsasında tamamilə "uzaqlaşdırıcıdır”; lakin mənanın özü yox, məqsədəuyğunluq, faydalılıq ideyası məhv olur; hayku heç bir ədəbiyyatın heç bir sahəsinə uyğun gəlmir: heç bir məna kəsb etməyərək, o nəyisə öyrədə, nəsə ifadə edə və ya əyləndirə bilərdi? Hərçənd ki, bəzi Dzen məktəbləri oturaq meditasiya praktikasını məşq kimi saxlasalar da, digərləri heç bu cür məqsədi də ona aid etmirdilər. Oturaq vəziyyətdə "oturmaq üçün qalmaq lazımdır". Ola bilər ki, haykunu da (ən müasir, ən sosial həyatı saysız-hesabsız qrafik jestlərdən ibarət Yaponiya kimi) "yazmaq vəziyyətində olmaq üçün yazırlar".

Haykuda bizim minillik ədəbiyyatımızın iki fundamental xüsusiyyəti yoxdur: birincisi, təsvir (qayıqçının tənbəki çubuğu, şam ağacının kölgəsi, balığın iyi, qış küləyi burada təsvir olunmur. Yəni ki, onlar müxtəlif təsvir vasitələrilə, işarələrlə ifadə olunmur, həqiqətin və ya hisslərin açılmağına cəlb olunur. Bundan başqa reallıqlar da real mənalardan azaddır); ikinicisi isə, təyinat; o, nəinki jestlərə köçürülür, qrafik üsulla olsa belə obyektin özünəməxsus şəkildə ekssentrik (qeyri-adi) dağılmasına aparıb çıxardır. Bu, dzen pritçasında çox gözəl ifadə olunmuşdur.Mmüəllim ilkin təyini sırf funksioanl jesti (yelpinci açmaq) lal illüstrasiyalarla deyil, bir sıra yan təsirlər (yelpinci yığmaq, onunla boyunu qaşımaq, yenidən açmaq, üstünə piroq qoyub müəllimə vermək) düşünüb qurur. Haykunu təsvir və təyin etmədən sonda yeganə bir göstərişə, işarəyə gətirib çıxarır. "Bax bu, bax belə, bax belə” deyir hayku. Ya da ki, daha yaxşı: BELƏ! - o, bu cür ani və qısa xüsusiyyətiylə ifadə edir ki, istənilən əlaqə artıq və həmişəlik kənarlaşdırılmış görünür. Mənanın "işığı sönəndə” yeni bir sözlə yenidən parıldayır yazırdı Şekspir; lakin haykunun bir anlıq alışması heç nəyi işıqlandırmır, aydınlatmır.O,fotoaparata plyonka yerləşdirməyi unudaraq, daha çox səy göstərərək (yapon ruhunda) şəkil çəkmək istəyən zaman fotoqrafik işıqlanmaya bənzəyir. Və əlavə olaraq: hayku (xüsusuiyyət) nəyə gəldi barmaq uzadaraq "bu” deyən (hayku subyektə bağlı deyil) balaca uşağın göstərdiyi jesti oynayır. Bu cür vasitəsiz hərəkətlə obyektin hansı təsnifata aid olmağından asılı olmayaraq dəqiq göstərir. Dzen ruhuna əsaslanaraq demək olar ki, hadisə heç bir növə aid edilmir və onun özəlliyi "yox”a uyğun gəlir. Hayku da elə bu cür özü özünə bürünür. Görünməkdə olan işarənin izi isə itir: heç nəyə nail olunmadı, sözün daşı boşuna atılmış olub: suyun hamar səthində nə halqalar var, nə də ki dalğalar.

Rus dilindən tərcümə etdi: Xanım AYDIN

banner

Oxşar Xəbərlər