• cümə axşamı, 28 mart, 22:17
  • Baku Bakı 13°C

İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR

29.11.20 11:15 381
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdə 1107 ümumtəhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib.
Bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib.
Onun sözlərinə görə, mindən artıq təhsil müəssisəsi ölkədəki mövcud təhsil müəssisələrinin dörddə birini təşkil edir.
Ekspert hesab edir ki, bu qədər məktəbin yenidən qurulması müəyyən zaman aparsa da, dövlətimizin mövcud iqtisadi siyasəti bunun real olmasını mümkün edəcək.
E.Süleymanov qeyd edib ki, azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi, yeni və müasir bir sistemin qurulması vacibdir.
Ekspert bildirib ki, hazırda Azərbaycanın 4500-dən artıq orta təhsil müəsisəsinin 70-80 faizi ya yeni tikilən müasir, ya da son illərdə əsaslı təmir edimiş təhsil ocağıdır.
Onun fikrincə, işğal edilmiş rayonların təhsil şöbələrinin, eləcə də həmin rayonlardakı orta məktəblərin köçkün məktəbi statusunda fəaliyyət göstərməsi prosesin idarəolunmasında müsbət rol oynayacaq. Çünki artıq bu sahədə müəyyən inzibatçı struktur mövcuddur. Amma işğaldan azad olan rayonlarda təhsil infrastrukturu digər infrastruktur kimi erməni vandalizminə məruz qaldıdğından bu ərazilərdə təhsil müəssisələrinin bərpası prosesi müəyyən qədər uzadacaq.
Mütəxəssis hesab edir ki, əvvəlcə rayon mərkəzlərində və Şuşada müasir təmayül tipli məktəblər, digər yaşayiş yerlərində isə əhalinin sayına mütənasib olaraq modul tipli məktəblər qurulmalı və müəyyən qədər komplektləşmə edilməlidir:
"Artıq o ərazilərin yenidən qurulması planı hazırlanır. Bu planlarda təhsil infrastrukturu, onun böyüklüyü komplektləşdirilməlidir. Bu istiqamətdə uğurlu bir nümunə kimi Aprel döyüşlərindən sonra işğaldan azad olunan Cocuq Mərcanlıda qısa müddət ərzində müasir təhsil olcağının tikintisini göstərmək olar. Bu istiqamətdə yerli və beynəlxalq maliyyə institutlarının resurslarından maksimum yaralanmaq lazımdır".
E.Süleymanov bu qənaətdədir ki, təhsil infrastrukturunun qurulması üçün dövlət-biznes tərəfdaşlığı və donorluq institutu qurulmalıdır. Təhsil və tərəqqi üçün öz maliyyə imkanlarını ayıran həmvətənlərimiz başda olmaqla, bütün mütərəqqi şirkət və donorlara bu ərazilərin inkişafına yardım göstərməsi üçün imkan yaradılmalıdır:
"Düşünürəm ki, çoxlu imkanlı həmvətənimiz və Azərbaycanın dostu olan insanlar könüllü olaraq bu ərazilərdə təhsi ocaqları tikməyə vəsait ayıra bilərlər. Eyni zamanda, keçən il Vergi Məcəlləsinə təhsilə ayrılan vəsaitlərin vergi güzəşti kateqoriyasına daxil edilməsi bu istiqamət üzrə işlərin aparılmasına müsbət təsir göstərə bilər. Böyük şirkətlər müxtəlif məktəbləri qura və onları himayə edə bilər. Düşünürəm ki, bu prosesdə ictimaiyyətin maddi və mənəvi dəstəyinin olması çox vacibdir. Necə ki, işğaldan azad olma prosesində dövlət-xalq birliyi mövcud idi, o formada işğal edilmiş ərazilərin bərpasında da dövlət-xalq əməkdaşlığının olması zəruridir. Onu da qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilər tarix boyunca Azərbaycan elminə və incəsənətinə böyük dəyərlər qazandırıb. Bu məktəblərdən minlərlə dünya şöhrətli elm və incəsənət xadimi məzun olub. Yeni qurulacaq məktəblər o tarixi ənənələr üzərinə köklənməli və əvvəlki şöhrətlərini bərpa etməlidir. Şəhidlərimizin canı və tökülən qanlar hesabına azad edilən torpaqlarda şagirdlərin vətənpərvərlik ruhunun daha da yüksək olacağı şübhəsizdir".
E.Süleymanov bildirib ki, bu ərazilərdə daha əvvəl mövcud olan Maarif Texnukomu, incəsənət məktəbləri və kənd təsərrüfatı ilə əlaqəli texnikomlar müasir tipli kolleclərlə əvəzlənməlidir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir filialı mütləq bu ərazilərdə qurulmalıdır. Ağdam və ya Şuşada ayrıca müstəqil, müasir bir universitet olmalıdır. O, innovativ əsaslarla və o ərazilərin inkişafına dəstək verəcək tədqiqat laboratoriyalarla birlikdə fəaliyyət göstərməlidir.
banner

Oxşar Xəbərlər