• çərşənbə, 24 Aprel, 05:35
  • Baku Bakı 14°C

İşğaldan azad edilən torpaqlarda aprel zəfərinin sevinci - Fotolar

05.04.19 18:36 2233
İşğaldan azad edilən torpaqlarda aprel zəfərinin sevinci - Fotolar
"Horadüz”, "Qaradiz”, "Qoradüz”, "Horadis” - deyə etimologiyası haqqında fərqli fikirlər səslənə-səslənə Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup ziyalı, millət vəkili, media işçisi və tələbə könüllülərdən ibarət avtobus Qarabağa qayıdışın başlanğıcına çevrilən Horadizə, Cocuq Mərcanlıya, Lələtəpə yüksəkliyinə doğru yol alır. Harami düzündə yerləşən məcburi köçkün düşərgələrini geridə qoyub Əhmədbəylidə ayrılan yoldan Füzuli rayonunun Horadiz şəhərinə yol alırıq. Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan Aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək olan səfərin məqsədi həm də yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaqdır.
Yüksəkliklərdən o tayda...
Bahar bu yerlərə elə bil daha tez gəlib. Çöllər-düzəngahlar, yamaclar yaşıllaşıb. Müharibənin sədası çox uzaqlarda imiş kimi insanlar öz iş-gücündədir. Tarlalar şumlanır, qoyun-quzu otlayır, həyət-bacalarda pal-paltar, xalça-palaz baharın ilıq günəşinə verilir, toyuq-cücə yaşıl otluqlarda eşələnir. Gündəlik həyatın bu axarını izləmək ürəyimizi fərəhləndirir. Amma, cəbhə xətti bu yerlərdə əl uzadacaq qədər yaxın məsafədə - yollar boyunca sıralanan yüksəkliklərin o tayındadır...
Bu yolları əl içi kimi tanıyan, əslən Füzulidən olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Rəhimoglu yol boyu bizə təkcə bələdçilik etmir, həmçinin ağrı ilə bu yerlərin tarixindən danışır: "Baxın, bu dağılmış yerləri görürsünüz? Ermənilərin ələ keçirdikləri bütün yerlər bu vəziyyətdədir...”

1993-cü ildə erməni silahlı qüvvələrinin işğalına məruz qalan Horadiz 1994-cü ildə Milli ordumuzun keçirdiyi Horadiz əməliyyatı zamanı azad edilib. İndi bu şəhərdə son illər bir çox obyektlər - xəstəxana, Olimpiya mərkəzi, muzey, Muğam mərkəzi, elektrik stansiyası və s. tikilib. Evlərin işığı yanır. Bir də tez-tez bu şəhərə ordumuzun zəfərini qeyd etmək, onların yaşayışı ilə maraqlanmaq üçün xarici və yerli qonaqlar gəlir. Millət vəkili Aydın Mirzəzadə bu torpaqlarda yaşanılan hissləri gözəl ifadə edir: "Azərbaycanın hər yeri doğmadır. Amma adam burda tamam fərqli hisslər keçirir. Burda vətən hissi həddən artıq güclü olur. Torpaq sanki insanı özünə çəkir. Sanki kökümüzü burda görürük. Sanki bu torpaq, bu dövlət üçün məsuliyyətimizi daha dərindən dərk etməyə başlayırıq. Mən burda vətənpərvərlik, əsgərlərimizdə döyüş ruhu gördüm. Bu gün bizim nəzarətimizdə olan torpaqlarda quruculuq gedir, evlər tikilir, yollar salınır, insanların problemləri həll edilir. Cəbhə xəttindən o tərəfdə isə ölü həyat var. Bu, bizim torpaqlarımıza qayıdacağımıza əminliyi daha da artırır”.
Aprel zəfərindən ötən hər gün üçün
Aprel döyüşlərinin 3-cü ildönümünə həsr olunan tədbirdə Müdafiə Nazirliyinin hərbi orkestrinin çaldığı Zəfər marşının əzəməti bütün iştirakçılara təkcə qürur hissi yaşatmır, həmçinin ümid verir – torpaqlarımızın tezliklə düşməndən azad olunacağı, yurddaşlarımızın doğma od-ocaqlarına qayıdacağı ümidini...

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı ulu öndərin və Aprel şəhidlərinin xatirəsi şərəfinə ucaldılan abidələrin önünə gül dəstələri qoyuldu.
Abidənin yaxınlığındakı ərazidə Aprel zəfərindən ötən hər gün üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ağacların əkilməsi bu yerlərə əbədi qayıdışın rəmzinə çevrildi.

Füzuli rayonu müharibənin acısını təkcə dağılan evləri, işğal edilən torpaqları ilə yaşamayıb. Hər qarışı uğrunda şəhid verib, adını qəhrəmanlıq tariximizə yazdırdığı övladları ilə qürur duyub. Acısını çəkdiyi və öyündüyü 862 şəhid, qürurunu yaşadığı 6 Milli qəhrəman, axtarışında olduğu 161 itkin bu rayona müharibənin bəxş etdikləridir. Bu gün rayonda 70 min insan yaşayır. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev könüllü tələbələrə səslənərək cəbhə bölgəsində keçirilən tədbirlərin gənclərdə vətənpərvərlik ruhunu daha da yüksəltdiyini bildirdi: "Bu gün insanların Azərbaycan ordusuna böyük inamı var. Oğul itirən ana tanıyıram ki, "ikinci oğlum da var, özüm də varam” deyir. Bununla qürur hissi keçirirsən. Ordumuz gün-gündən formalaşır. Bu gün ordu-xalq birliyi mövcuddur”.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev "2016-ci ilin aprel ayında Azərbaycan ordusu düşməni tam məğlub etməyə hazır olduğunu nümayiş etdirdi” deyə ordumuzun rəşadətindən söz açdı: "Ordunun qalib gəlməsi üçün təkcə müasir silah-sursata malik olması azdır, həmçinin ideoloji silahlanmaya ehtiyac var. Torpaq uğrunda savaş varsa, təbii ki, şəhid də var. Əsas uğurumuz budur ki, övladı şəhid olan ana "Vətən sağ olsun” deyir. Gərək orduda döyüş ruhu yüksək olsun. Bu gün bizim orduda döyüş ruhu var. Gənclər mənəvi cəhətdən yetişirlər. Gənclər nazirliyə məktublar yazaraq torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirirlər. Hətta xaricdə oxuyan tələbələrimiz də müraciət edirlər. Ən böyük uğurumuz budur. Məhz belə bir ruh yüksəkliyi ilə ordumuz işğal altındakı bütün torpaqlarımızı azad etməyə qadirdir”.
Cocuq Mərcanlıdan Şuşaya
2016-cı il 2-5 aprel döyüşləri Milli Ordumuzun adını hərb tariximizə qızıl hərflərlə yazıb. Məhz bu tarixdə Lələtəpə yüksəkliyi düşməndən azad edilib və Cocuq Mərcanlı kəndinin bərpasına şərait yaradılıb. Prezident İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli sərəncamına əsasən, kənd bərpa edilib və Qarabağa qayıdışa başlanılıb. Hazırda kənddə 150 ailə yaşayır, gündəlik qayğılarla məşğul olur.
Cəbrayıl rayonunun 2017-ci ildə inşa edilən Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi isə kəndin ritminə ayrıca həyat verir. Hazırda məktəbdə 86 şagird oxuyur, 22 müəllim çalışır. Bu tədris ilinin sonunda məktəb ilk məzunlarının buraxılışını qeyd edəcək. Məktəbin direktoru Zamin Həziyev müəllimlərin əsasən yerli və qonşu kəndlərdən olduğunu bildirir. Bakıdan gələn tələbələr isə bu məktəbdə təkcə təcrübəçi kimi çalışmırlar, həmçinin şagirdlərin dil biliklərinin artırılmasına həvəslə yardımçı olurlar. Təhsil Nazirliyi tərəfindən məktəbə hədiyyə edilən idman ləvazimatları da kollektivin böyük sevincinə səbəb oldu. Məktəbin şagirdləri sevinclə qələbə şeirləri söyləyirlər. Onların hər birinin arzusu böyüyəndə hərbçi olmaq, Vətən torpaqlarını müdafiə etməkdir.
Vətənini sevən qorxmaz
Cocuq Mərcanlı kənd sakini, 68 yaşlı Yaqub Əliyevin hekayətini maraqla dinləyirəm: "Kənd azad olunandan sonra Biləsuvarda məskunlaşdığım evi təhvil verib bura gəldim. Sakinlərin çoxu doğma ocağına qayıdıb. Dövlət bizim üçün hər cür şərait yaradıb. Əkin-biçinlə məşğuluq. Həyətyanı sahələrimizi becərir, məhsulu ilə dolanırıq”. Kənddə yaşayan sakinlərə 25 sot torpaq sahəsi verilib. Bundan başqa, arıçılıq təsərrüfatı, parniklər var. Sakinlər arıçılıqla məşğul olur, arpa, buğda, kartof və s. məhsulları əkib-becərirlər: "Cocuq-Mərcanlı qəsəbə tiplidir. Ona görə də burada işsizlik problemi azdır. Demək olar ki, 90 faiz əhali işləyir”. Yaqub kişi təqaüdçüdür. Həyat yoldaşı Rəhilə xanım isə kənd məktəbində ibtidai sinif müəlliməsidir: "Torpağımızın düşmən əlində olması ilə barışmaq olmur. Cocuq Mərcanlı azad olarkən elə bil yenidən dünyaya gəldik. Düşmənlə yaxın ərazidə yaşamaqdan isə qətiyyən qorxmuruq. Qorxan adam bura gəlməz. Vətənini sevən adam qorxmaz”.

Azərbaycan Dillər Universitetinin 1-ci kurs tələbəsi, əslən Cəbrayıl rayonundan olan Şəhla Əzizovanın göz yaşları isə hamını kövrəldir: "Rayonumuzu görməmişəm. Amma "Cəbrayılda belə edərdik...” sözləri gecə-gündüz ata-anamın dilindən düşmür. Şəhidlərimiz, işğal altında olan torpaqlarımız məni kövrəldir. Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunmasıdır”.
Aprel döyüşlərində qazanılan qələbə
İşğaldan azad olunan Lələtəpədəki hərbi hissədə hərbçilərlə görüş isə xüsusi təəssüratla yadda qaldı. Bölmənin əsgər və zabitləri kəndi göz bəbəyi kimi qoruyurlar. Hərbi bölmədəki əsgər və zabitlərin ruh yüksəkliyi bizə də sirayət edir. Heç şübhəsiz, bu, Lələtəpə yüksəkliyində keşik çəkən əsgər və zabitlərimizin böyük qələbəyə inamının ifadəsidir. Bəli, Milli Ordumuzun şanlı tarixinə çevrilən Aprel döyüşləri hər bir vətəndaşda qürur hissi yaradıb. "Əgər erməni silahlıları aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq”- deyə qətiyyətlə bildirən Ali Baş komandan İlham Əliyevin fikirləri isə hərbçilərimiz üçün şüara çevrilib. Onlar ön cəbhədə xidmət etməkdən qürur duyduqlarını bildirirlər.
Təhsil nazirinin müavini Firudin Qurbanov əsgərlərlə görüşündə Aprel zəfərinin təntənəsindən qürurla söz açdı: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Mili Ordusunun 3 il bundan əvvəl aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. İnanıram ki, tezliklə işğal altında olan digər torpaqlarımız da tezliklə azad olunacaq”.
Aprel döyüşlərinin iştirakçısı, general-mayor Mais Bərxudarov isə əraziyə gələn qonaqları ev sahibi kimi qarşılayır: "Vətənin keşiyində durduğumuz üçün qürurluyuq”- deyən əfsanəvi kəşfiyyatçının inam ifadə edən üzü təkcə rəhbərlik etdiyi korpusun hərbçilərə və ərazidə yaşayanlara deyil, həmçinin doğma ocağına köçməyi intizarla gözləyən insanlarımıza torpaqlarımızın düşməndən azad olunacağı günün uzaqda olmadığını ifadə edir: "Kənddə əmin-amanlıqdır. İnsanlar öz evlərində yaşayır, təsərrüfatları ilə məşğul olurlar. 800 nəfərə yaxın mülki şəxs işləyir”.
Əsgərlərin yataqxanası ilə tanışlıq, N saylı hərbi hissədə onlarla bir süfrədə nahar etmək də cəbhə bölgəsində Vətənin keşiyində duran oğullarımıza təkcə mənəvi ruh vermədi, həmçinin onları Vətənin keşiyində ayıq-sayıq olmağa çağırdı.
Lələtəpənin lap ətəyində- düşmənlə az məsafədə həzin-həzin mahnı səsi eşidilir. Əsgərlərin: "Anadır arzulara hər zaman Qarabağ”- deyə tar və kamanın müşaiyəti ilə ifa etdiyi mahnı hamını təsirləndirir...
Hamımız ürəyimizdən keçən bir arzu ilə geri dönürük: Gün o gün olsun ki, Qarabağa bütünlüklə qayıdışımız baş tutsun. Ev-eşiyindən, torpağından didərgin düşən yurddaşlarımız doğma od-ocaqlarına qayıtsın. Evlərdən analarımızın çörəyinin ətri gəlsin, ruhunu burdan alan Natəvanın qəzəli havalansın...
Təranə Məhərrəmova
Horadiz-Bakı












banner

Oxşar Xəbərlər