• cümə axşamı, 28 mart, 13:52
  • Baku Bakı 16°C

İşğalçılıq siyasəti ilə sülhü də uduzan Ermənistan

20.08.19 20:00 12916
İşğalçılıq siyasəti ilə sülhü də uduzan Ermənistan
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan və rus dillərində "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı yeni çapdan çıxıb. Akademik Ramiz Mehdiyev yeni əsərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinə nüfuz edərək hadisənin nədən başladığını ən mötəbər mənbələr əsasında, sistemli şəkildə və mərhələlər üzrə təhlil edir. Alim həmçinin qeyd edir ki, bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan "qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb: "Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”.

Akademik Ramiz Mehdiyevin yeni çapdan çıxan bu kitabı fundamental bir əsər kimi ictimai-siyasi marağa səbəb olub.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qələminin məhsulu olan hər bir əsər fundamental xarakter kəsb edir: "Eləcə də, ölkə daxilində və xaricdə çox böyük ictimai-siyasi rezonansa səbəb olur. Bu nöqteyi-nəzərdən, hörmətli akademikin bu günlərdə çap olunan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və həlli perspektivlərini özündə ehtiva edən yeni əsəri də çox geniş ictimai müzakirəyə səbəb olub. Yeri gəlmişkən, bu əsər hələ çap olunmamışdan öncə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında çox geniş müzakirəsi olmuşdu. Həmin müzakirədə çıxış edərək söyləmişdim ki, bu əsər əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsl mahiyyətini, onun arxasında hansı beynəlxalq siyasi qüvvələrin dayanmasını və eyni zamanda bu münaqişənin yaranma səbəblərini, Ermənistanın havadarlarını üzə çıxarmaq baxımından çox böyük əhəmiyyət kəsb edir. Həmçinin bu əsərdə hörmətli akademik faktların dili ilə, arqumentlərlə, bu sahə üzrə çox ciddi mütəxəssislərin, xüsusilə rus müəlliflərinin əsərlərinə istinad etməklə, sübut edir ki, ermənilər bu əraziyə köçürülmüş xalqlardır. Onlar 1978-ci ildə məhz İrandan və Türkiyədən Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyini qeyd etmişdilər. Bu, danılmaz faktdır. Baxmayaraq ki, sonralar ermənilər həmin abidəni məhv etmişlər ki, tarixin üstünə kölgə salsınlar”.

Millət vəkilinin sözlərinə görə, hörmətli akademikin əsərində o vurğulanır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək siyasəti heç bir halda bu ölkənin güclənməsinə gətirib çıxarmayıb: "Bu gün Ermənistan acınacaqlı vəziyyətdə olan, iqtisadiyyatı iflas edən, əhalisi ədədi deyil, həndəsi silsilə ilə azalan bir ölkədir. Bu ölkədə insanların sabaha inamı yoxdur. Cənab Ramiz Mehdiyev bu əsərində onu da vurğulayır ki, Ermənistan bu müharibədə "qələbə” qazanmayıb, o döyüşü udub, amma əslində müharibədə uduzub. Ermənistan bu müharibə nəticəsində heç bir halda öz istəyinə nail olmayıb, Azərbaycan torpaqlarını işğalda saxlasa da, bu, müvəqqətidir. Faktiki olaraq, Ermənistan günbəgün zəifləyir və Azərbaycan Prezidenti İlham Əliyevin işğalçı dövlətə münasibətdə tətbiq etdiyi "taqətdən salma” siyasəti öz nəticələrini verir. Ermənistan, işğalçılıq siyasəti ucbatından həm Azərbaycan, həm də Türkiyə tərəfindən iqtisadi və nəqliyyat blokadasına salınıb. Heç bir dənizə çıxışı olmayan, blokada vəziyyətində olan bir dövlətin vətəndaşlarının sabaha inamı və etimadı yoxdur. Xüsusilə, Paşinyanın Ermənistanda iqtisadi inqilab etməklə bağlı anonsu da artıq öz ölkəsində gülüş hədəfinə çevrilib. İnsanlar Ermənistanın yeni hakimiyyətindən çörək, iş və övladlarının gələcəyinə təminat istəyirlər, lakin bunların heç biri yoxdur”.
E.Nəsirov qeyd etdi ki, eyni vaxtda iki stulda əyləşmək siyasəti həyata keçirən Paşinyan nə Qərb, nə də Rusiya ilə normal münasibətlər qura bilməyib: "Ona görə də, bu ölkəyə münasibətdə etimadsızlıq mühiti güclənməkdədir. Bütün bu reallıqlar akademik Ramiz Mehdiyevin əsərində çox geniş şəkildə öz əksini tapıb. O, faktların və arqumentlərin dili ilə Ermənistana bir çox ciddi ismarışlarını da ünvanlayıb. Bu da ondan ibarətdir ki, Ermənistan fəlakətin astanasına nə qədər gəlib çatmayıb, ağlını başına yığıb özgəsinin torpağından əl çəkməlidir. Azərbaycan torpaqlarını geri qaytardıqdan sonra Ermənistanın nicatı mümkündür. Əks halda, Ermənistan heç bir gələcəyi və perspektivi olmayan ölkə olacaq. Hörmətli akademikin bu əsərinin rus dilində olan variantının Ermənistan daxilində çox böyük siyasi effekt doğuracağına şübhə yoxdur. Çünki bu əsərdə akademikin Ermənistanın indiki ağır vəziyyətinin səbəbləri-siyasi, iqtisadi, hərbi, demoqrafik böhranla bağlı səsləndirdiyi fikirlər bu gün Ermənistan əhalisinin fikirləri ilə eyniyyət təşkil edir. Bu baxımdan hesab edirəm ki, rus versiyasında bu əsərlə tanış olan ermənilərin Paşinyan hakimiyyətinə qarşı olan etirazları yeni müstəviyə keçə bilər. Eyni zamanda hörmətli akademik vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz öz hədəflərinə doğru irəliləyir və sürətli inkişaf tempinə malikdir. Azərbaycan həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən güclü dövlətdir. Eyni zamanda bizim ən böyük uğurumuz ölkədəki ictimai-siyasi sabitlik, təhlükəsizlik və inkişafla bağlıdır ki, bunun da kökündə xalq-hakimiyyət birliyi dayanır. Bu birlik getdikcə daha da güclənməkdədir. Amma bu fikirləri Ermənistanla bağlı demək mümkün deyil”.

"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, akademik Ramiz Mehdiyevin Qarabağ probleminin kökü, yaranma səbəbləri və tarixi ilə bağlı maraqlı tədqiqatları var: "Sözsüz ki, bu əsərlərin hər biri dəyərlidir. Amma bu fikrin üzərində mən də xüsusilə dayanmaq istəyirəm ki, Ermənistanın, Azərbaycan torpaqlarını işğal edəndən sonra özünü "qalib” kimi aparması tamamilə absurddur və əslində məğlubiyyətidir. Bir məsələyə diqqət etmək lazımdır. Bilirik ki, erməni millətçiləri tarixən təcavüzkar və aqressiv rol oynayıblar. 1918-ci ildə Ermənistan dövləti yaranana qədər dünyada təcavüzkarlıq siyasətini erməni millətçiləri və xalqı aparıb. Qeyd edim ki, 1918-ci ilə qədər onların heç bir dövləti olmayıb. Ermənilərin təcavüzkarlığı məhz müxtəlif xalqların haqqına sahib olmaq, tarixini saxtalaşdırmaq, tarixi-mədəniyyət abidlərini özününküləşdirmək və bir sözlə, saxta erməni tarixi düzəltmək olub. Bu nöqteyi-nəzərdən erməni xalqı və millətçiləri dünyada təcavüzkar kimi özlərini rüsvay ediblər”.


A.Qulyev vurğuladı ki, bu proseslərin getdiyi 200 il ərzində həm erməni xalqı və bu gün mövcud olan Ermənistan dövləti başqa dövlətlərin, xüsusilə Azərbaycanın torpaqlarını işğal edən təcavüzkar kimi tanınıb: "Bu baxımdan akademik Ramiz Mehdiyev haqlıdır ki, Azərbaycan torpaqlarını işğal etmək əslində Ermənistanın dünyada bir dövlət kimi təcavüzkar simasının ifşa olunmasında çox tutarlı arqumentdir”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər