• şənbə, 20 Aprel, 05:30
  • Baku Bakı 15°C

İşğalçı ölkə münaqişənin həllində maraqlı deyil

03.06.19 18:58 763
İşğalçı ölkə münaqişənin həllində maraqlı deyil
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsi Ermənistan tərəfinin cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən bu münaqişədə mövcud status-kvonu qoruyub saxlamaq məqsədini güdür. Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir.

Lakin Ermənistanın baş naziri Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq. Ermənistan hakimiyyəti bilməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaq. Digər tərəfdən, beynəlxalq ictimaiyyət və ilk növbədə həmsədr ölkələr Ermənistanın bu təxribatını birmənalı şəkildə pisləməlidir və iki ölkə arasında substantiv danışıqların tezliklə başlanmasına nail olmalıdır. Bütün dünya tərəfindən qəbul olunmayan status-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dəyişməli, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yolu açmalıdır.

Politoloq Fikrət Sadıqov mövzu ilə bağlı bildirib ki, hazırda Ermənistanda qarşıdurma prosesi gərgin şəkildə davam edir. Onun sözlərinə görə, Azərbaycan üçün bu qarşıdurmanın nədən baş verməsi deyil, onların ölkəmizə qarşı təxribatı önəmlidir. Politoloq deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı düşmənin atəşkəsi pozaraq Azərbaycan ordusunun zabitinin qətlə yetirməsi növbəti təxribatdır: "Ermənistan beynəlxalq hüquq normalarını açıq şəkildə tapdalayır. Belə olan halda, həmsədrlərin bu məsələyə biganə yanaşması təəssüf doğurur. Azərbaycana ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən ümumi bəyanat deyil, məhz Ermənistana ünvanlanan bəyanat lazımdır. Şübhəsiz ki, Azərbaycan tərəfi erməni snayperlərinə qarşı adekvat cavab verəcək. Ermənistan cavabsız qalmamalıdır. Görünür, qarşı tərəf normal dildə münasibət qurmağı bacarmır. Əgər Ermənistan danışıqlara hazır deyilsə, boyun qaçırırsa, demək onlarla öz dillərində, yəni güc, təxribatlarına zərbə ilə cavab vermək üslubu ilə danışmaq lazımdır. İşğal altındakı Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan torpaqlarıdır. İşğalçılar tərəfindən bizim torpaqlarımızdan atılan güllələr mütləq şəkildə cavablandırılmalıdır. Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil. Ermənistan sülh, atəşkəsə riayət olunması və digər bu kimi iddialarla yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür”.

N.Paşinyanın bu addımlarının acı nəticələrinə toxunan politoloq F.Sadıqov qeyd edib ki, əgər baş nazir öz sələflərinin atdığı addımları davam etdirsə, ona qarşı etiraz edənlərin sayı artacaq: "Artıq İrəvanda Paşinyana qarşı etiraz edənlər var. Bu hələ başlanğıcdır. Çünki Paşinyan vaxtilə xarici siyasət istiqamətini dəyişdirəcəyi, fərqli siyasət həyata keçirəcəyi ilə bağlı vədlər vermişdi. Lakin bu vədlərin heç biri yerinə yetirilmir. Paşinyan təcrübəsizliyi, siyasətdən kənar bir şəxs olmaqla yanaşı, üstəlik də sələflərinin yolunu gedərsə, bu, onun devrilməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, onu devirən elə hərbçilərin özləri olacaq. Bəzi mənbələrdə qeyd olunur ki, Ermənistanda Paşinyana qarşı çevriliş cəhdləri hazırlanır”.

Politoloq İlqar Vəlizadə isə hesab edir ki, erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabitinin qətlə yetirilməsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinə rəsmi Bakının narazılığı çatdırılmaqla yanaşı, sərt bəyanatlar verilməli, hətta danışıqlar prosesi ilə əlaqədar korrektələrin aparılması üçün çağırışlar edilməlidir. Onun fikrincə, Ermənistana qarşı konkret əməllər olmalı, bütün hallarda cəbhədə mövqeyimiz gücləndirilməli, düşmənə adekvat cavablar verilməlidir. Politoloq söyləyib ki, hazırkı vəziyyətdə Azərbaycan tərəfi Ermənistana adekvat cavab versə, heç kəs etiraz edə bilməz: "Ermənistan işğal olunmuş ərazilərimizdən bizim əsgərlərimizə və dinc əhaliyə atəş açır, təhlükə yaradır. Vaxtilə helikopter və digər hadisələr zamanı da Azərbaycan Ermənistana sərt cavab verərək düşmənin mövqelərini dəf etmişdi. Düşünürəm ki, bu dəfə də belə etməliyik. Müdafiə naziri Zakir Həsənov vaxtilə bəyan etmişdi ki, əgər ermənilər bizə qarşı hücum edib, təxribat törətsə, o zaman Azərbaycan tərəfi 10 qat artıq cavab verəcək. Hesab edirəm ki, artıq bu prinsipi yerinə yetirməyin zamanıdır. Ermənilər Azərbaycan torpaqlarında olduğunu başa düşməlidirlər. Torpaqlarımızda olmaqla etdikləri cinayət azmış kimi, müxtəlif təxribatlara da əl atırlar. Buna yol vermək olmaz. Ermənistan Azərbaycan tərəfindən atılacaq atəşlərin fəsadlarını düşünməlidir”.


Ermənistanda etirazların davam etdiyini xatırladan politoloq deyib ki, burada diqqət çəkən məqam narazı olan şəxslərin "Paşinyan, sən yalançısan” şüaurlarını səsləndirməsidir: "Bu, o deməkdir ki, artıq Ermənistan cəmiyyəti Paşinyanın yalanlarını görür və onu özləri ifşa edir. Biz onun danışıqlar prosesində də yalançı olduğunu göstərməliyik. Çünki baş nazir həm Azərbaycana, həm də Minsk qrupu həmsədrlərinə cəbhədə atəşkəsə əməl olunması, təxribatların olmaması üçün hətta qırmızı xəttin yaranması ilə bağlı müəyyən vədlər vermişdi. Amma son hadisə bir daha sübut etdi ki, Paşinyanın həm danışığı, həm də əməlləri yalandır. Paşinyan "Arsenal” klubunun erməni əsilli futbolçu Mxitaryanın Azərbaycana gəlməməsi ilə bağlı məsələdə də özünü ən pis tərəfdən göstərdi. Erməni əsilli idmançının Azərbaycana gəlməməsi ilə bağlı ona dəstək oldu. Hansı ki, Paşinyan xalqların sülhə hazırlanması istiqamətində işlərin aparılmasının vacibliyinin bildirirdi. Budur onun sülhə hazırlığı? Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın baş naziri populist olmaqla yanaşı, həm də yalançıdır. Belə bir insanın hakimiyyətdə qalması ilk növbədə Ermənistan cəmiyyəti üçün təhlükəlidir”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər