• cümə, 29 Mart, 16:52
  • Baku Bakı 14°C

“İşğalçı ölkə ilə danışıqların aparılması ən böyük güzəştdir”

08.06.18 18:06 852
“İşğalçı ölkə ilə danışıqların aparılması ən böyük güzəştdir”
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda beynəlxalq konfrans keçirib.
Konfransı giriş sözü ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov açaraq Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcbur köçkün həyatı yaşayan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə çağırıb. O, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionunda təhlükəsizliyə ciddi təhdid olduğunu bildirib.
Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Ermənistanın Cənubi Qafqaz xalqlarının təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması üçün region dövlətləri bir araya gəlməlidir. O, beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına etirazını bildirib: "Nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti onun effektivliyinə mane olur: "Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq”.
XİN rəsmisi vurğulayıb ki, danışıqlar prosesi ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib: "Münaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırdır. Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə ilə 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir”.
Millət vəkili Elman Nəsirov bildirib ki, Ermənistanın indiki hakimiyyəti dəyişikliyi müsbət istiqamətdə aparmalıdır: "Amma hələ bunu görmürük. Ermənistan tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özlərini pis duruma salıblar və ölkələrində aktiki olaraq, iqtisadi və siyasi böhrandır. Bütün bunlar isə Ermənistanı süquta aparır.
"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimiz işğal olunub: "Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasına baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altında qalıb, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır. İndiki mərhələdə Ermənistana sanksiyalar tətbiq edilməlidir ki, BMT-nin qətnamələri icra edilsin”.
İsrailli beynəlxalq ekspert Arye Qut bildirib ki, ermənilər hər zaman təxribatla məşğul olublar və öz siyasətlərini dünya tərəfindən qəbul edilməsin çalışıblar. Onun sözlərinə görə, İsrail mətbuatında ermənilərin məkrli niyyətlərini ifşa edən çoxsaylı yazılar və məqalələr dərc edilir: "Qondarma erməni soyqırımı iddiası ilə bağlı son zamanlar çoxlu yazılar dərc edildi və İsrail parlamenti bu qondarma soyqırımın tanınması ilə bağlı müraciəti öz gündəliyindən çıxardı. Bu məsələyə İsrail rəsmilərinin münasibəti belə oldu ki, Azərbaycan İsrailin ən yaxın tərəfdaşı və dostudur. Bir məqamı da qeyd edib ki, həqiqətən də bu gün Azərbaycanın beynəlxalq dostlar koalisiyası yaradılmalıdır. Ona görə də yeyib-içmək diasporundan uzaqlaşıb, Azərbaycanın maraqları naminə işlər görmək lazımdır”.
Prezident Administrasiyasının təmsilçisi Rasim Mirzəyev isə Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldib. O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapıb: "Ona görə də Ermənistan beynəlxalq hüququn tələblərinə əməl edərək işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti region üçün böyük təhlükə, ciddi təhdid mənbəyidir”.
Konfransda millət vəkilləri Hikmət Məmmədov, Rasim Musabəyov, Qənirə Paşayeva, Aydın Mirzəzadə, türkiyəli alim və ekspert Çiğdem Şahin, politoloqlar Nəzakət Məmmədova və Mübariz Əhmədoğlu çıxış edərək bildiriblər ki, Ermənistanın Cənubi Qafqaz xalqları üçün davam etdirdiyi aqressiv, antihumanist siyasətinin qarşısının alınmasında beynəlxalq təşkilatlar, diaspor qurumları, vətəndaş cəmiyyəti fəal olmalı, erməni separatizminin qarşısının alınmasında yaxından iştirak etməlidirlər.
Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları adından Ermənistanın Cənubi Qafqazda separatizm siyasəti və regionun təhlükəsizliyinə dair bəyanat qəbul edilib.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər