AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İşğalçı Ermənistan Avropa Parlamentinin xəbərdarlığından nəticə çıxarmalıdır

İşğalçı Ermənistan Avropa Parlamentinin xəbərdarlığından nəticə çıxarmalıdır

Cəmiyyət
13 İyun 2020, 17:00 201
Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun birgə bəyanatı Ermənistana ciddi xəbərdarlıq kimi dəyərləndirilməlidir. İşğalçı ölkə bu xəbərdarlıqdan nəticə çıxarmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat diqqətə çatdırıb ki, bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl çıxışlarının birində səsləndirdiyi Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihənin təxribat xarakteri daşıdığı açıq şəkildə əks olunub. Ən vacib məqam bu bəyanatda Ermənistan üzrə məruzəçinin də imzasının olmasıdır. Bu, onu göstərir ki, Şərq Tərəfdaşlığı ölkələri ərazisində regional əməkdaşlığı dəstəkləyən, qarşılıqlı əlaqələrə və insanlararası təmaslara töhfə verən layihələri pozan yeganə ölkə Ermənistandır. Bu pozucu fəaliyyət Avropa Parlamentini ciddi narahat edir. "Azərbaycanın işğal altındakı ərazilərini Ermənistanla birləşdirməyə hesablanan təhlükəli yol "strategiyası” da işğalçının növbəti beynəlxalq hüquqa zidd addımlarının davamıdır. Çünki bəyanatda da qeyd olunduğu kimi, sözügedən yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilib. Həmçinin bu layihə Dağlıq Qarabağ və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirməyə hesablanıb. Bu isə beynəlxalq birliyin, xüsusilə də vasitəçi ölkələrin xalqları sülhə hazırlamaq çağırışlarına qarşı çıxmaqdır. Bəyanatda da açıq şəkildə vurğulanır ki, Ermənistanın qanunsuz yol infrastrukturu layihəsi qarşılıqlı inama, sülhə və barışığa zidd təşəbbüsdür”,- K.Nurullayeva bildirib.

Deputat deyib: "Bəyanatda tərəflərin münaqişənin həlli prosesində səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı məhz Ermənistandır. Avropa Parlamenti tərəfləri münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün səyləri artırmağa çağırır. Bu çağırış, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində mövcud hüquqi bazanı daha da möhkəmləndirir.