İşğala məruz qalanla işğalçı eyni iqtisadi məkanda ola bilməzlər
"Rossiya
seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov bir
neçə gün bundan öncə Azərbaycan prezidenti İlham Əliyevdən "Sputnik Azərbaycan”
və "RİA Novosti” üçün geniş müsahibə götürüb. Həmin müsahibədə dövlət başçısı
İ.Əliyev bir sıra məsələlərə, o cümlədən ölkəmizin Avrasiya İqtisadi Birliyinə (AİB)
üzvlüyü məsələsinə də aydınlıq gətirib. Həmin müsahibədə D.Kiselyov dünyada iki
tendensiya arasında mübarizənin getdiyini diqqətə çatdıraraq deyib ki,
bunlardan biri destruktiv "parçala və hökm sür”, digəri ölkələri birləşdirərək
bir-birini tamamlayan dinc konstruksiyalar yaratmağa səy göstərən konstruksiyadır.
O, belə konstruksiyalardan biri kimi Avrasiya İqtisadi Birliyinin (AİB) adını
çəkib və Azərbaycanın bu quruma qoşulmaq istəyinin olub-olmamasını soruşub.
Prezident İ.Əliyev cavab olaraq deyib ki, bu mövzu barədə söhbətlər çoxdandır,
həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin siyasi elitalarında gedir. Dövlət
başçısı bildirib ki, prinsipcə bu gün Azərbaycan olduğu yerdə özünü kifayət
qədər inamlı hiss edir. O, bunun bariz göstəricisi kimi, Azərbaycanın 25 illik
inkişafının nəticəsini, xüsusən də iqtisadi-siyasi sahədəki inkişafı qeyd edib:
"Son 13 il ərzində biz ÜDM-in həcmini 3 dəfə artıra bilmişik. 2003-cü ildəki 49
faizlik yoxsulluq səviyyəsini bu il 5 faizə endirmişik. Bizim böyük valyuta
ehtiyatlarımız var. Hətta, neft qiymətlərinin düşdüyü bir dövrdə Neft
Fondumuzun valyuta ehtiyatları artır. Çünki biz qənaətlə xərcləyirik və artıq
neftdən qazanmırıq. Ona görə, bizi həm siyasi, həm də iqtisadi vəziyyətimiz
qane edir. Lakin bir məsələ də var ki, dünya dəyişir. Yeni təhlükələr, yeni
çağırışlar ortaya çıxır, biz görürük ki, "hər şey yanır”, yeni qeyri-sabitlik
ocaqları, potensial risk mənbələri yaranır, bu şərtlərdə əlbəttə ki, ənənəvi
tərəfdaşlarla sıx qarşılıqlı əlaqədən çox şey asılıdır. Bu gün AİB üzvü olan
ölkələrlə iqtisadi, həm də siyasi əməkdaşlığımızın formatı kifayət qədər
möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün, əlbəttə motivasiya lazımdır. Bu,
iqtisadi, sosial, siyasi və digər xarakterli ola bilər. Hazırda bu istiqamətdə işləyirik”.
Dövlət başçısı
İ.Əliyev AİB üzvü olan ölkələrdən Azərbaycan üçün ən prioritet tərəfdaşın qonşu
Rusiya olduğunu da diqqətə çatdırıb. Deyib ki, bu ölkə ilə Azərbaycanın digər
AİB dövlətləri ilə müqayisədə ən böyük ticarət dövriyyəsi var. Prezidentin
sözlərinə görə, hər iki ölkə arasında qarşılıqlı münasibətlər və qarşılıqlı
etimad səviyyəsi də ən yüksəkdir: "Rusiya ilə siyasi, sosial-iqtisadi planda
heç bir problem yoxdur. Prezident Putinin avqustda Bakıya son səfəri bunu bir
daha təsdiq etdi. Biz münasibətlərdə, düzəldilməsinə ehtiyac olan nəsə bir
mövzu tapmadıq. Azərbaycanla Rusiya arasında azad ticarət zonası barədə
müqavilə var. Yəni məhdudiyyət yoxdur. Lakin indi əlavə motivasiya axtarışı
gedir. Biz maraqla Avrasiya məkanında proseslərin necə getdiyini müşahidə
edirik, çünki orada da hər şey rəvan deyil. Orada da müəyyən mənada çətinliklər
var. Ona görə də biz hər şeyi təhlil etməliyik, biz inteqrasiya etməliyik.
Azərbaycanın siyasi üslubu şikayət etməmək, öz problemlərini özü həll etməkdir.
Belə demək olarsa, xarici bazara yalnız pozitivi çıxarmaq istəyirik. Ona görə
də, hansı tendensiyanın olacağına hələ baxmaq lazımdır və əlbəttə ki, əgər
birlik cəlbedici olarsa, ora çoxları can atacaq. Ona görə də, heç nəyi istisna
etmək olmaz, lakin hazırkı dövrü mən, məhz belə xarakterizə edərdim”.
Milli Dirçəliş Hərəkatı Partiyasının
(MDHP) sədri, millət vəkili Fərəc Quliyev bu mövzu ilə
bağlı fikirlərini "Kaspi”yə bölüşərkən deyib ki, Azərbaycanın dövlət maraqları
hər şeydən öndədir. O, prezident İ.Əliyevin dəfələrlə qeyd etdiyi bir fikri
xatırladaraq, vurğulayıb ki, əgər Azərbaycanın maraqlarına hörmətlə
yanaşılarsa, ədalət öz yerini taparsa, rəsmi Bakı bu kimi məsələlərə yenidən
baxa bilər: "Məsələ bu cür qoyulub. Bizim heç bir qonşu ölkə ilə problemimiz
yoxdur. Azərbaycanla qonşu olan bütün dövlətlərlə bərabərhüquqlu iqtisadi
əməkdaşlıqda maraqlıyıq. Prezident İlham Əliyev bütün çıxışlarında məsələni
belə qabardıb ki, Azərbaycanda bu kimi hallar, yəni ölkəmizin Avrasiya İqtisadi
Birliyinə və sair quruma üzv olması yalnız ərazi bütövlüyümüzün təmin
olunmasından, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapandan sonra
mümkündür. Əgər qonşumuz olan bir ölkə blok şəklində, yaxud ayrılıqda
bərabərhüquqlu şəkildə iqtisadi əməkdaşlıq etmək istəyirsə, Azərbaycanın
maraqlarına xələl gətirilmirsə, ölkəmiz bunda maraqlıdır. Bu prinsiplər
çərçivəsində Avrasiya İqtisadi Birliyi ilə də əməkdaşlıq etmək, orada təmsil
olunmaq məsələsinə baxmaq mümkündür. Lakin bu qurumda işğalçı, pozucu siyasət
yürüdən, qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürən, beynəlxalq
hüququn prinsiplərinə zidd olaraq bu gün də Azərbaycan ərazilərini işğal
altında saxlayan Ermənistan kimi dövlət varsa, işğalçı ilə eyni yerdə təmsil
olunmaq qeyri mümkündür. Azərbaycanın milli və dövlətçilik maraqlarına, ərazi
bütövlüyünə hörmətlə yanaşmayan, eyni zamanda bərabərhüquqlu əməkdaşlıq
əlaqələrində maraqlı olmayan bir dövlətlə eyni qurumda təmsil oluna bilmərik.
Bu baxımdan, Azərbaycan prezidentinin məlum müsahibəsində konkret şərtlərlə
fikirlər açıq şəkildə ifadə olunub. Bildirilib ki, işğalçı Ermənistan öz
qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməlidir, heç bir halda
Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti olmamalıdır. Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə, milli və dövlətçilik maraqlarımıza hörmətlə
yanaşdığı halda, gələcəkdə sadəcə Avrasiya İqtisadi Birliyi çərçivəsində deyil,
qonşu dövlət kimi Ermənistanın özü ilə də münasibətlərin qurulması mümkündür”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluda hesab edir ki, prezident İ.Əliyev Rusiyanın "Sputnik” agentliyinə
müsahibəsində ümumən Azərbaycanın AİB-ə üzvlüyünü istisna etməyib. O, bəzilərinin
bu fikirləri əsas götürərək, artıq məsələnin həll olunması qənaətinə gəldiyini və
yaxın müddətdə Azərbaycanın bu quruma üzv olacağı kimi anladığını dilə gətirib.
Qeyd edib ki, reallıqda məsələ bu cür deyil: "Prezident İlham Əliyev birinci
cümləsindən sonra iki önəmli amilə toxunub. Birinci amil odur ki, Azərbaycanın
bu quruma üzv olması üçün Avrasiya İqtisadi Birliyi Azərbaycan üçün cəlbedici
olmalıdır. İkinciamil budur ki, Azərbaycan indiki durumundan narazı deyil
və yeni ittifaqlar haqqında hələ düşünmür. Bu iki amildən daha güclü - üçüncü
amil isə budur ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və Ermənistan
qoşunları işğal etdikləri torpaqları boşaltmayana qədər Azərbaycanın Avrasiya
İqtisadi Birliyinə üzvlüyü mümkün deyil. İşğala məruz qalanla işğalçı eyni
iqtisadi məkanda ola bilməzlər. Bunu ölkə rəsmilərimiz dəfələrlə qeyd ediblər.
Belə olmasaydı, Azərbaycan Ermənistanı bütün regional layihələrdən məhrum
etməzdi. Əks arqument kimi kimsə Müstəqil Dövlətlər Birliyində Azərbaycan və
Ermənistanın təmsil olunmasını misal gətirə bilər. Lakin belə şəxslər yaddan
çıxarmamalıdır ki, MDB amorf bir qurumdur, işləmir. Avrasiya İqtisadi Birliyi
isə iqtisadi təşkilatdır və üzv ölkələr arasında iqtisadi əməkdaşlığı, getdikcə
bu əməkdaşlığın daha da gücləndirilməsini, hətta Avropa İttifaqına bərabər
quruma çevrilməyi nəzərdə tutur. Belə bir qurumda isə Azərbaycanın işğalçı
Ermənistanla bir yerdə olması qeyri-mümkündür”.
Rufik İSMAYILOV