İşğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyət yolverilməzdir
İqtisadiyyat
Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən "Grand Thronton”
beynəlxalq şirkətinin törəmə şirkəti olan "Grand Thronton Ermənistan”ın
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti,
biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin
Ermənistanın Hayastan Fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma
aparılıb. Belə ki, apaşdırmalar zamanı "Grand Thronton Ermənistan” şirkətinin
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Hayastan Fondunun həyata
keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması
barədə məlumatlar əldə edilib.
Bununla
əlaqədar, "Grand Thronton İnternational Ltd" şirkətinin Azərbaycan
üzrə nümayəndəsi İqtisadiyyat Nazirliyinə dəvət edilərək "Grand Thronton Ermənistan" və "Grand Thronton Fransa"
şirkətlərinin Ermənistanın Hayastan Fondu ilə əlaqələri, Azərbaycanın işğal
olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətin qadağan
olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə
zidd olması, Hayastan Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz
fəaliyyəti barədə məlumatlar təqdim edilib və məsələnin araşdırılaraq
İqtisadiyyat Nazirliyinə məlumat verilməsi diqqətə çatdırılıb.
Şirkətin
mərkəzi ofisindən "Grand Thronton Ermənistan"a ünvanlanmış məktubla
Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu
və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə
çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl
etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq
edilib.