• cümə, 29 Mart, 10:31
  • Baku Bakı 5°C

İsa Qəmbərin kreslosu uğrunda regional mübarizə

21.02.14 08:58 1200
İsa Qəmbərin kreslosu uğrunda regional mübarizə
Müsavat Partiyasında xeyli müddətdir ləngidilən qurultayın vaxtı açıqlanan kimi ehtiraslar yenidən qızışıb. Başqanlıq iddiasında olan şəxslər dərhal hərəkətə keçib, məqsədlərinə nail olmaq üçün bütün vasitələrdən yararlanmağa çalışırlar.
Hazırda Müsavatda İsa Qəmbəri əvəz etməyə iddialı olan 4 nəfər namizədliyini irəli sürəcəyini açıqlayıb. Bunlar partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı, başqanın müavinləri Qubad İbadoğlu, Tural Abbaslı və başqanın müşaviri Səxavət Əlisoydur.
Amma əsas mübarizənin Arif Hacılı ilə Qubad İbadoğlu arasında gedəcəyini indidən demək mümkündür.
Yeni başqanın kim olacağının seçki yolu ilə müəyyənləşəcəyinə olan ümidlər bu iddiada olanları artıq indidən ciddi mübarizəyə başlamağa sövq edib. Son vaxtlar partiyanın daxilində, xüsusilə də Gənclər Təşkilatındakı sədr seçkiləri zamanı yaşananlar da bununla əlaqəlidir. Başqanlığa iddialı olan qüvvələr arzularının reallaşması üçün ilk növbədə gəncləri ələ almağa, ələ ala bilmədiklərini isə partiyadan uzaqlaşdırmağa çalışırlar.
Ən acınacaqlısı isə budur ki, Müsavat başqanlığı uğurundakı mübarizəyə artıq regional çalarlar qatılmağa başlayıb. Bu istiqamətdə ən böyük fəallığı Arif Hacılının və Qubad İbadoğlunun qruplaşmaları göstərir. Prosesləri diqqətlə izlədikdə, hiss olunur ki, əslən Füzuli rayonundan olan Qubad İbadoğlu başqanlıq yarışında özünü Qarabağ klanının təmsilçisi kimi təqdim etməyə çalışır. Onun tərəfdarları da əsasən bu bölgədən olan müsavatçılardır. Qubad İbadoğlu İsa Qəmbərlə eyni rayondan olmasını da əsas gətirərək bu yarışda qalib olacağını planlaşdırır. Onun tərəfdarları Müsavatın qarabağlıların partiyası və İsa Qəmbərin Füzulidən olduğunu əsas gətirərək başqanı məhz Qubad İbadoğlunun əvəz edəcəyini bildirirlər.
Əslən Zaqataladan olan Arif Hacılı isə şimal qruplaşmasını təmsil edir. Onu müdafiə edən isə qardaşları və əsasən bu bölgədən olan müsavatçılardır. Bu qruplaşmanın təmsilçiləri isə iddia edirlər ki, son illər partiyanın əsas idarəetməsi onsuz da Arif Hacılının əlindədir. O, Müsavatda olduğu illərdə çox məhrumiyyətlərə məruz qalib, həbsə düşüb və bu gün başqan olmağa haqqı çatan ən layiqli namizəddir.
Mübarizənin regional yön aldığı artıq müsavatçıların özləri tərəfindən də etiraf olunur. Məsələn, bu günlərdə mətbuata açıqlama verən Müsavat Gənclər Təşkilatının partiyadan uzaqlaşdırılan üzvü Samir Poladov açıq şəkildə deyib ki, hazırda partiya daxilində Hacıbəyli qardaşları ilə digər müsavatçıların mübarizəsi gedir. Arif Hacılı tərəfindən partiyaya həsrət qoyulan bu gənc açıq şəkildə deyib ki, İcra Aparatının rəhbəri regionçuluq üzərində tərəfdarlar toplayıb başqan postuna yiyələnmək istəyir.
Bu mübarizənin hansı nəticə ilə yekunlaşacağını proqnozlaşdırmaq çətindir. İndidən yalnız onu demək olar ki, hələlik əsas iplər Arif Hacılının əlindədir. Hazırda partiyanın idarəetməsi onun əlində olduğundan prosesləri də o, yönləndirir. Rəqiblərini oyundan kənar vəziyyətdə saxlamağa çalışır, əleyhinə çıxanları hətta partiyadan uzaqlaşdırmağı da bacarır.
Bir fakta da diqqət yetirək ki, məhz Arif Hacılı Gənclər Təşkilatının sədri postuna keçirilən ilk seçkinin nəticələrini ləğv etdirərək öz adamını bu vəzifəyə gətirməyi bacarıb. Yeri gəlmişkən, hazırda Müsavatın Gənclər Təşkilatının sədri olan Əhliman Abbas da əslən Zaqatala rayonundandır. Onun əleyhinə çıxanlar isə əsasən Gənclər Təşkilatının əvvəlki rəhbəri, başqanlığa namizəd Tural Abbaslının tərəfdarları və qarabağlı müsavatçılardır. Gənclər Təşkilatındakı qarşıdurma ilə təşkilatdan uzaqlaşdırılanların böyük əksəriyyəti məhz Qarabağ bölgəsini təmsil edənlərdir. Onlar partiyada ciddi fəaliyyəti olmayan Əhliman Abbasın sırf Arif Hacılını dəstəkləsin deyə təşkilatın sədri olmasını həzm edə bilmirlər.
Ən maraqlısı isə İsa Qəmbərin bu prosesləri susqunluq içində müşahidə etməsidir. Sirr deyil ki, o da neçə illərdir rəhbərlik etdiyi təşkilatın düşdüyü burulğanın necə təhlükəli olduğunun fərqindədir. Buna baxmayaraq, vəziyyəti aydınlaşdırmaq, prosesləri sağlamlaşdırmaq üçün heç bir ciddi addım atmağa cəhd etmir. Ola bilsin ki, buna səbəb yaranmış qarmaqarışıqlıqda başqanın öz reputasiyasını qoruyub saxlamaq cəhdidir. Yəni İsa Qəmbər başqanlıqdan abırlı getmək, əleyhinə çıxacağı qruplaşmanın hörmətsizliyi ilə üzləşmək istəmir. Buna görə də imkan daxilində ehtiyatlı olmağa çalışır.
Amma fakt budur ki, davam etməkdə olan partiyadaxili proseslər, başqanlıq uğrunda mübarizə Müsavatı təhlükəli bir uçuruma aparır. Özlərini müsavatçılıq ideyalarının varisləri, demokratik qüvvələr kimi qələmə verənlər adi başqanlıq uğrunda mübarizəni belə regional müstəviyə dartıb aparıblar. Bu o qədər təhlükəli durumdur ki, nəticələr Müsavatı siyasi təşkilat olaraq siyasi səhnədən silə bilər.
Bütün bunlar onu deməyə əsas verir ki, bu il Müsavat Partiyası üçün çox gərgin keçəcək. May ayına qədər bir bir-birinə qarşı mübarizə aparan qruplaşmalar qurultaydan sonra da bir-birinə qarşı mübarizəni davam etdirəcəklər. Hazırda Gənclər Təşkilatının daxilində baş verənlər ümumilikdə partiyada təkrarlanacaq. Başqanlıq mübarizəsində kimin qalib gəlməsindən asılı olmayaraq, məğlub tərəf digər tərəfin qalibiyyətini qəbul etməyəcək. Bu mübarizədə toxumları səpilən təhlükəli regionçuluq bəlası isə Müsavatı uzun müddət izləyəcəkdir.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər