• cümə, 29 Mart, 14:20
  • Baku Bakı 14°C

İsa Muğannanın Son müsahibəsi

01.04.14 09:27 2894
İsa Muğannanın Son müsahibəsi
İsa Muğanna: Yazıçı gərək çox oxuya, gözlərinin işığını qurban verməyi bacara
Xəbər verdiyimiz kimi, görkəmli Azərbaycan yazıçısı İsa Hüseynov (Muğanna) bu gün dünyasını dəyişib. Kaspi.Az saytı İsa Muğannanın son müsahibəsini təqdim edir.
İsa Muğanna 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Atası Mustafa Hüseynov məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru, “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, redaktor, Ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilən “Ana dil oxuyan yerdə” yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında (“26-lar”, “Nəsimi”, “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nizami”) filmlər çəkilmiş, əsərləri bir çox xarici dillərə tərcümə olunmuşdur. “26-lar” filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır. “Saz”, “Teleqram”, “İdeal”, “Cəhənnəm” və s. əsərləri Azərbaycan nəsrinin incilərindən sayılır.
– Mehdi Hüseyn qohumunuz olub, sizin ədəbiyyatda gəlməyinizdə onun rolu olubmu?
– Mən əvvəlcə Tibb Universitetinə qəbul oldum, həkim olmaq istəyirdim. Ancaq elə oldu ki, orda müəllimlərdən biri kobud rəftarı ilə məni bezdirdi. Təhsilimi yarımçıq qoydum. Atama məktub yazdım ki, mən bu gün universiteti tərk elədim, burda bir müəllim vardı, onun bizimlə rəftarı xoşuma gəlmədi. Sonralar atam məni qohumumuz Mehdi Hüseynin yanına gətirdi, biz əmi uşağı idik, məni ona tapşırdı. Mehdiyə dedi ki, gör bundan nəsə çıxarsa qalsın burda. Sonra bir qohumum vardı, o mənə məsləhət gördü ki, Filalogiya fakültəsinə sənədlərimi verim. Onun sözünə qulaq asıb sənədlərimi verdim və qəbul olundum, beləcə təhsil almağa başladım.
O vaxt Bakıda qohumumgildə qalırdım, bir gün Mehdi Hüseyni qohumum çağırdı ki, Ay Mehdi, bu bizim başımıza oyun açır, gecə səhərəcən çırağı yandırıb yazır, neft işlədir, gəl gör bu nə yazır? O da gəldi qalın dəftərlərimi götürüb baxdı. Dedi dəftərin istədiyin yerindən bir cümlə oxu mənə. Dəftərin bir yerini açıb oxudum. Belə bir cümlə vardı ki, “yamyaşıl bahar otları onun ayaqları altında soğan kimi xışıldayırdı”. Bu təbiət təsviri M.Hüseynin çox xoşuna gəldi. Dedi yazmağa davam elə. Beləcə kiçik hekayələr yazmağa başladım.
Sonra oçerk yazdım, ilk oçerkimi atam haqqında yazdım. Mehdi mənə dedi ki, səni tənqid edəcəyəm, niyə məhz atan haqqında yazdın, başqa adam yox idimi? Mən də ona belə cavab verdim: “Çünki atamı yaxşı tanıyıram”. Ümumiyyətlə, yazıçı yaxşı bildiyi məsələlər haqda, mövzular, bələd olduğu insanlardan yazsa daha yaxşı olar. Beləcə, ədəbi mühitə atıldım, ilk povestlərim işıq üzü gördü, təqdir olunmağa, gənc yazıçı kimi tanınmağa başladım. Sonralar isə artıq tənqid atəşinə tutanlar tapıldı, sıxışdırılmağa başladım. Qınayırdılar ki, niyə Sovet ideologiyasını, həyatını tərənnüm edən əsərlər yazmırsan. Belə bir vaxtda da, məni müdafiə edənlərdən biri Mehdi Hüseyn oldu.
Bundan başqa, Mehdi müəllim bir dəfə məndən soruşdu ki, rusca bilirsənmi? Mən də cavab verdim ki, pis bilmirəm. Dedi onda səni göndərək Moskvaya get orda oxu, dünya ədəbiyyatını öyrən. Beləliklə, dördüncü kursdan məni göndərdilər Moskvaya Qorki adına Ədəbiyyat İnsitutuna və o mühitin həyatımda böyük rolu oldu. Dünya ədəbiyyatı ilə, qiymətli kitablarla ordakı yataqxananın kitabxanasında tanış oldum. Viktor Hüqodan müasir dünya ədəbiyyatına qədər ən görkəmli yazıçıların kitablarını oxudum və başa düşdüm ki, ədəbiyyat necə də çətin sahədir, bu sahədə təsadüfü adamlara yer yoxdur. Bir sözlə, M.Hüseynin mənim həyatımda çox böyük rolu oldu, o olmasaydı, bəlkə yazıçı kimi ortaya çıxa bilməzdim.
– Deyilənə görə Çingiz Hüseynov Nəriman Nərimanov haqqında olan “Doktor “N” adlı romanını sizin Nərimanov haqqında yazdığınız “Doktor Nərimanov” ssenarisindən bəhrələnərək yazıb.
– Mən Moskvada 60-cı illərdə həmin ssenarini işləyirdim. Ç.Hüseynovla qonşu idik. Ssenarinin əsas hissəsini yazıb təhvil verib Bakıya gəldim. Amma əlyazmalarım Moskvada kirayə yaşadığım evdə qaldı. Həmin əlyazmaları stolun siyirtməsinə qoymuşdum, Çingiz həmin yazıları ordan götürüb özündə saxlamışdı. Sonralar Moskvaya gedəndə mənə bir əlyazmalarla dolu çamadan göndərib dedi, bax sənin əlyazmalarındır. Geri istədim, qaytarmadı. Düşünürəm ki, roman yazanda həmin əlyazmalar onun karına gəlib. Yəqin ki, o yazılarla yaxından tanış olndan sonra belə bir roman yazmaq fikrinə düşüb, amma bunlar çox xırda məsələlərdir, Çingiz yaxşı yazıçıdır, savadlı adamdır. Sadəcə o, həmin dövürdə mənim əldə etdiyim arxiv materiallarından xəbərsiz idi. Onun Mirzə Fətəli Axundov haqqında “Fətəli fəthi” adlı romanı var, mən uzun illər əvvəl oxumuşdum və bəyənmişdim. Ədəbiyyatda belə şeylər olur. Kimsə kimdənsə nəsə götürür, heç bəzən özünün də xəbəri olmur. Mənim o vaxtlar “Saz” adlı əsərimi də İlyas Əfəndiyevin “Tar çalındı” hekayəsinə bənzədirdilər, ancaq mən “Saz” əsərini yazanda heç “Tar çalındı” əsərini oxumamışdım. Bu cür məqamlar dünya ədəbiyyatında çoxdur, kimsə bir yazıçıdan təsirlənir, ya da onun ideyasını başqa şəkilə salır və s. Əsas olan öz qəlbindəkiləri və bildiklərini yazmaqdır.
– “Yanar ürək” əsərindən sonra yaradıcılığınızda yaranan radikal dəyişikliyin səbəbi nə idi?
– Radikal dəyişikliyin səbəbi mütaliə idi, çox oxuyurdum. Moskvada olanda günüm kitabxanada keçirdi. Rusca dünya ədəbiyyatının nəhəng yazıçılarının əsərləri ilə tanış olurdum. Həm də özüm üçün müəyyənləşdirdim ki, ciddi ədəbiyyat nədir, adi mövzulara sənətdə yer yoxdur. Radikal dəyişiklikdən sonra məni ədəbi mühitdə tənqid etməyə, sıralarından uzaqlaşdırmağa başladılar. O vaxt məni müdafiə edən yox idi. Belə bir vaxtda Heydər Əliyev məni müdafiə etdi, arxamda dayandı. Mərkəzi Komitənin katibi olmamışdan əvvəl evimizə zəng vurub mənimlə görüşmək, ssenarilər yazmağımı istəmişdi. Qəbul etməmişdim. Mərkəzi Komitənin katibi olandan sonra məni öz otağına çağırdı, gedib görüşdüm. Sonra onun məsləhəti ilə bir neçə ssenarim əsasında filmlər çəkildi. O, məni özüylə çox yerlərə aparardı, çıxış edərdik, sadə insanlarla görüşərdik. H.Əliyev hakimiyyətə gələndən sonra ədəbiyyatın istiqamətini dəyişdi, o ciddi yazıçılara qayğı göstərirdi.
– Sizi tənqid edənlər kimlər idi və hansı əsasla tənqid edirdilər?
– Bir dəfə Yazıçılar Birliyində əsərimin müzakirəsində məni bərk tənqid etdilər, özümü müdafiə imkanı vermədilər. Məni onda Rəsul Rza müdafiə etdi, sonra Vəli Axundov dedi ki, Rəsul bizim böyük, görkəmli şairimizdir, mən onun fikri ilə razıyam. Mənsə qalxıb dedim ki, hətta qatilə də son söz verilir, ancaq siz mənə söz vermədiniz.
Mərkəzi Komitədə Yazıçılar Birliyinin nümayəndələrinin iştirakı ilə müşavirə çağrılmışdı, 45 nəfər partiya üzvü olan yazıçıdan 43-ü əleyhimə danışdı. Hətta Mehdi Hüseyni də günahlandırırdılar ki, öz qohumunu kollektivləşməyə qarşı qoyur, sovet rejimini tənqid etməsini dəstəkləyirsən. Məni partiyadan çıxardıb AYB-dən qovmaq istəyirdilər. Həmin müşavirədə Mirzə İbrahimov ayağa qalxıb dedi ki, bu gənc yazıçıdan nə istəyirsiz, o əsərlərini ürəyinin qanı ilə yazıb. Bütün bunlar mənə pis təsir edirdi, dəyişirdim. Bu dəyişikliklər yaradıcılığımda da özünü büruzə veirirdi.
– Sizin bir sıra əsərlərinizi Çingiz Aytmatovun əsərləri ilə müqayisə edirlər. Hətta onun sizdən təsirləndiyi deyilir. Bu məsələyə münasibətinizi bilmək istəyirik.
– Bəli bu cür fikirlər olub. Tənqidçilər də vurğulayıb ki, “Ağ gəmi” əsərini mənim “Teleqram” əsərimdən təsirlənərək yazıb. O, mənə qarşı yaxşı münasibətdə deyildi, hətta biz qarşılaşanda da o çox adi yanaşırdı mənə, Moskvada iclasda hamı lehimə səs verəndə o əlini qaldırmamışdı. Ancaq ölməmişdən əvvəl müsahibələrinin birində demişdi ki, bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik. Yəni, həqiqəti etiraf etmişdi.
– Sizin əsərlərinizdə mistik məqamlar var, həyatınızda da belə anlar olubmu?
– Mənim babalarım “OdƏr dilinə, o mədəniyyətə bələd olublar. Bu gün OdƏr dili, OdƏr xalqı barədə həqiqətlər dünyaya düzgün çatdırlılmadığına görə bugünkü bəlalar baş verir. Mən planetlərdən Ün eşitməyə başlayandan, mənə çatdırılandan sonra ki, İsa Peyğəmbər İsus və ya İsa Məsih deyil, EySardır, bir çox mistik həqiqətlər mənə açıldı. Mənə səslər gələn BağOdƏR planetinin Yupiter adını necə almasını eşidəndə dəhşətə gəldim. Dünya öz ləngərini itirib, həqiqi yolundan çıxıb və səhv qiymətlərlə qiymətləndirilib. Nizami kimi dahini əxilik yetişdirib. Əxilik SafAğ elmidir. Nizaminin vaxtında Bağdadda İxvan Əs-Səfa alimləri yaşayıblar. Nizaminin müəllimi Əxi Fərrux İmad da elə Əs-Səfanın böyüyü idi. Biz o mədəniyyətə qayıtmalıyıq.
– İsa müəllim, sizcə, ideal nədir və kimdir?
– İdeal mənə görə EySardır, yəni İsadır. İdeal həm də OdƏr mədəniyyətidir, xalqıdır. Biz təhrif olunmuş düşüncələrin içində yaşayırıq, ona görə də əsl dəyərlərdən söhbət gedə bilməz. Deyirlər ki, Məhəmməd Peyğəmbərin möhürünün üstündə “Allah, Məhəmməd” sözləri yazılıb. Mən o sözlərin açılışını vermişəm. O möhürün üstündəsə ƏLAğ, OdOdƏR, ƏsEvƏr: – ƏlAğ-Saf-Ağ insanın əli, OdOdƏR – OdƏRin həqiqəti deməkdir. Hətta qədim ərəb əlifbasıyla bir-bir hərfləri göstərirəm ki, baxın oxuyun, siz deyən sözlərdən burda əsər yoxdur. Nəsimi divanında deyirdi ki, “Bağa qılmısan hərgiz, kamanını inkar etmə”. Heç bir Nəsimi araşdırmaçısını buradakı “Bağ” sözü maraqlandırmır. Bağ – boq – Allah deməkdir.
– Dəfələrlə əsərlərinizin yeni variantlarını işləməyiniz nəylə bağlıdır?
– İlk dəfə “Saz” povestindən başlayaraq əsərlərimin yeni variantını işləmişəm. Sonra “Tütək səsi”ni yenidən işlədim. Sonra da “Quru budağı” dəyişdim. Çünki qələmim artıq yeni yönlərə istiqamətlənmişdi. “İdeal” əsərini də yenidən işləmişdim. Hətta “Hədəf” nəşriyyatında çıxan son variantda da bir neçə səhifə əlavə etmişəm. Bu yaradıcılıq axtarışları hesabına başa gələn dəyişiklik deyil, ruhi-mənəvi inkişafdan doğan dəyişikliklərdir. Bu cür dəyişikliklərə həmişə ehtiyac duyuram.
– Film ssenarilərini dövlət sifarişiləmi yazırdınız?
– Həm dövlət sifarişi idi, həm də özümün sevdiyim mövzularda yazırdım. “Doktor Nərimanov”, “26-lar” və “Nəsimi” filmlərinin ssenarilərini şəxsən Heydər Əliyevin sifarişi ilə yazmışam. H.Əliyev çox müdrik insan idi, o bilirdi ki, “Nəsimi”ni mənim kimi duyaraq yaza bilən olmaz. Çünki mən mənbələrə əsaslanırdım, məsələlərin kökünü bilirdim.
– Həmişə “Nobel” mükafatından söz düşəndə sizin adınız hallanır ki, İsa Muğanna layiq görülə bilər. “Nobel” mükafatı almaq barədə düşünmüsünüzmü?
– Əsərlərimin dili, ordakı fəlsəfi sistem, tarixin dönəmlərinin SafAğ elmi ilə izahı buna icazə vermir ki, o əsəri başqa dilə yaxşı çevirmək olsun, ona görə də çox çətin olar. Birdə ki, mənə “Nobel” mükafatı almaq yox, əsərlərimin anlaşılması, SafAğ mədəniyyətinin yenidən dirçəlməsi, yayılması ən böyük mükafat olar.
– İdealların dağıldığı, dəyərlərin ələ salındığı, əsrlərdən gəlmə şifrələrin dəyişdirildiyi dövrdə “İdeal” müəllifi özünü necə hiss edir?
– Artıq oxuya bilmirəm. Gözlərim yaxşı görmür. Kitabları qızım oxuyur, mən də qulaq asıram. Yazdığım əsərlər də yarımçıq qalıb. “Hədəf” nəşriyyatı bütün əsərlərimi çap edəcək, bu məni çox sevindirir. Şükür ki, ideallarım ölmədi, fikirlərimi anlayanlar tapılır. Bu yaxınlarda Şəmil Sadiqin “Odərlər” romanı çap olundu, mən də həmin kitaba ön söz yazmışam. Gözlərim görənəcən özüm oxuyurdum, nəzərimdən yayınmırdı ki, indiki ədəbi nəsl öz idealları uğrunda vuruşmur, təhrif olunmuş keçmişi qabardırlar bəzən. Ancaq bununla yanaşı yüksək səviyyədə bədii nümunələr də çap olunur. Yazıçı gərək çox oxuya, gözlərinin işığını qurban verməyi bacara. İndi çox narahatam, əlimdə yarımçıq yazılar var, onları bitirməyə gücüm çatmır. Çox vaxt xəstə oluram. Ancaq bitirməliyəm. “Hədəf” nəşriyyatında çıxan kitablarda əsərlərimə son dəyişiklikləri etdim, müəyyən əlavələr oldu. Daim çalışmaq, oxumaq lazımdır.
– Gənc yazıçılara məsləhətiniz nədir?
– Oxusunlar, çox mütaliə etsinlər, OdƏR mədəniyyəti ilə maraqlansınlar, öyrənsinlər, sevsinlər yazdıqlarını. Yazdıqlarının, hətta çap etdirdikləri kitabların da üstündə işləsinlər, yazmaq o demək deyil ki, yaz bir kənara qoy. Yazıçının əsərləri gərək onunla birgə böyüyə, inkişaf edə.
– Son sual: “İdeal” roamanında Səmədlə Gülgəzin hətta əllərinin, tellərinin də bir-birini sevdiyi deyilir. Siz belə bir sevgi yaşamısınızmı?
– Uzun illərdir ki, daim yanımda həyat yoldaşım Firuzə xanım olub. Yazıçı kimi başa düşüb məni, yazdıqlarımı oxuyub, anlayıb. Başqa belə bir sevgim olmayıb. İndi də yanımdadır, qayğıma qalır. Sevmək odur ki, gərək insan bir-birinin həmişə yanında ola. İndi xəstəyəm və bəzən olur ki, onu incidirəm, amma o, hər şeyə dözür və çox yaxşı baxır mənə.
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər