• çərşənbə axşamı, 19 mart, 08:39
  • Baku Bakı 8°C

İş həyatında əmək müqaviləsinin mahiyyəti - Gənclərə məsləhət

14.04.18 13:00 2175
İş həyatında əmək müqaviləsinin mahiyyəti - Gənclərə məsləhət
Yeni işə başlayan gənclər iş həyatının bəzi qayda-qanunlarından xəbərsiz olurlar. Xüsusilə də, əməyin qiymətləndirilməsi baxımından kifayət qədər məlumatlı deyillər. Bir dostumla söhbət zamanı aydın oldu ki, artıq uzun müddətdir bir şirkətdə çalışır, hələ ki, onunla əmək müqaviləsi bağlanılmayıb. Ondan əmək müqaviləsi haqqında nə isə soruşduqda belə anladım ki, bu barədə kifayət qədər məlumatlı deyil. Ona görə, bu dəfə iş həyatında əmək müqaviləsinin önəmindən və onun hüququ baxımdan nə dərəcədə lazımlı bir sənəd olmağından söhbət açacağıq. Həmsöhbətimiz isə Hrclub.az saytının təsisçisi Orxan Quliyevdir.
Müsahibimiz ilk olaraq əmək müqaviləsinin mahiyyəti və onun hüququ təminatları barədə məlumat verdi. O, bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsinin II hissəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır: "Məncə, bu sahədə bəzi maarifləndirmə işlərinin görülməsi daha məqsədəuyğun olar. Belə ki, bəzi iş axtaranlar, xüsusilə də təhsil müəssisələrini bitirərək iş həyatına başlamağı planlaşdıran gənclər əmək qanunvericiliyi sahəsində zəruri biliklərə malik deyil. Hansı ki, sonda bu cür məsələlər xoşagəlməz, fərdi əmək mübahisələrinə səbəb olur. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək münasibətlərinin yaranması üçün ən başlıcası, qarşılıqlı müqavilənin imzalanması və bu müqavilənin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində (www.e-gov.az saytında) qeydiyyata alınmasıdır. Əks təqdirdə, bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin I hissəsinə əsasən etibarsız sayılır və heç bir hüquqi qüvvəsi olmur”.


Orxan bəy qeyd etdi ki, hazırda bir çox işəgötürənlər tərəfindən yuxarıda göstərilən pozuntulara yol verilir və praktikada dəfələrlə qarşılaşdığımız məsələlərdən olan əmək müqaviləsi bağlanılmadan işçi işlətmək halları hələ də baş verir: "Nəticə etibarilə, işçi Məcəllənin 9-cu maddəsində qeyd olunan hüquqlardan məhrum olur və gələcəkdə öz hüquqlarını tələb etdikdə və ya aidiyyəti üzrə müvafiq qaydada şikayət etmək istədiyi zaman problemlərlə qarşılaşır. Əslində, bu halların qarşısının alınması üçün ölkə qanunvericiliyində müvafiq tələblərə riayət etməyən işəgötürənlər barəsində ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. Sadəcə, bəzi vətəndaşlarımız hələ də bu qanunlardan xəbərsizdirlər”.
"İşə qəbul olunan zaman yaranan problemlərdən biri də, əmək müqaviləsi bağlanılan zaman təqdim edilən sənədlərlə əlaqədardır” - deyən Orxan bəy bildirdi ki, bəzi işəgötürənlər işə qəbul edilməsi ilə əlaqədar şəxslərdən qanunsuz olaraq lazımsız sənədlər, arayışlar tələb edirlər. Baxmayaraq ki, Əmək Məcəllənin 48-ci maddəsində əmək müqaviləsi bağlanarkən işçinin təqdim edəcəyi sənədlərin dəqiq siyahısı qeyd olunub: "Bu halın ən bariz nümunələrindən biri, əmək müqaviləsi bağlanılacaq işçidən "yaşayış yerindən arayış”ın tələb olunmasıdır. Bir daha qeyd etmək istərdim ki, Məcəllənin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin bağlanması, işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmamağı ilə şərtləndirilə bilməz. Bu maddədə açıq-aydın göstərilir ki, işəgötürənlərin bu arayışı istəməyə heç bir ixtiyarı yoxdur. Onu da qeyd edim ki, Əmək Müqaviləsi Məcəllənin 51-ci maddəsinə müvafiq olaraq, işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Əmək müqaviləsi ən çoxu ilk 3 ayı sınaq müddəti təyin edilməklə bağlanıla bilər və bu müddət ərzində işçi və işəgötürən eynilə Məcəllədə qeyd olunan hüquq və vəzifələrə sahibdirlər. Yəni, işçi əmək müqaviləsinə uyğun olaraq, əmək haqqı almalı, istirahət günü olmalı, iş günü ərzində nahar fasiləsi etməlidir və s”.


Həmsöhbətimiz son olaraq qeyd etdi ki, əmək hüquqlarınız pozulduğu zaman siz bu barədə əməyin mühafizəsi normalarına və qaydalarına nəzarəti həyata keçirən dövlət orqanı olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinə və ya birbaşa məhkəməyə müraciət edə bilərsiniz. Ümid edirəm ki, bu yazı bundan sonra işçilərə və gələcəkdə işə qəbul olunacaq əməkdaşlara öz hüquqlarını bilməkdə və işəgötürən qarşısında tələb etməkdə az da olsa maarifləndirici təsir göstərəcək.
Günel Azadə

banner

Oxşar Xəbərlər