• çərşənbə axşamı, 19 mart, 06:51
  • Baku Bakı 8°C

İş düşəndən-düşənə axtarmamaq üçün... - Reportaj

31.12.16 10:30 3618
İş düşəndən-düşənə axtarmamaq üçün... - Reportaj

Hər birimizin ətrafında müəyyən qədər dost-tanış var. Onların bəziləri ilə tez-tez görüşürük, bəziləri ilə müəyyən müddətdən bir. Elə insanlar da var ki, onlarla ya internet üzərindən əlaqə saxlayırıq, elələri də var ki, arada telefon danışığı ilə münasibət saxlayırıq.
Əlaqələrimiz bizə hansısa problemi həll etməkdə böyük kömək edir. Ona görə də əlaqələri daha professional səviyyədə qurmaq lazımdır ki, "filankəs ancaq işi düşəndən-düşənə məni axtarır” cümləsini eşitməyəsiniz. "Uğur Akademiyası” və Baku Business Factory (BBF) birlikdə "Peşəkar Netvorkinq” seminarı keçirdi və biznes dünyasında əlaqələrin qurulması, bunun karyeraya təsirləri və s. barədə söhbət açıldı. Biz də mövzunun gənclərimiz üçün maraqlı olacağını nəzərə alıb, seminardan reportaj hazırladıq.

Telefonun kontaktındakı nömrələr və əlaqələrimiz

Seminarda Bakı iş həyatının simaları, tələbələr, müəllimlər və o cümlədən, BBF kövörkinq mərkəzinin işçiləri iştirak edirdilər. "Uğur Akademiyası”nın həmtəsisçisi, sosioloq Cavid İmamoğlu çıxış edərək əlaqələrdə şəbəkələşmənin əhəmiyyəti haqqında qısaca danışdı: "Götürək tələbələri. Tələbə üçün netvörkinq nə dərəcədə əhəmiyyətlidir? Tələbənin əlaqələri universitet müəllimləri, qrup və ya "patok” yoldaşları ola bilər. Universiteti bitirəndə mənim də "day-day”ım yoxuydu. Amma məndə insanlarla ünsiyyət qabiliyyəti yaxşı idi. Ünsiyyətdə olduğum insanların hörmətini saxlamaq, onları arayıb-axtarmaq, yazışmaq, tədbirlərinə getmək var. Bütün iş imkanlarımın əldə edilməsində mənə müəllimlərim dəstək olub. Netvörkinq əlaqələri peşəkar şəkildə istifadə etməkdir. Tutaq ki, telefonun kontaktında 500-600 nömrə var. Bunlar bizim əlaqələrimizdir və münasibətlər elə qurulmalıdır ki, kiməsə zəng vuranda "işi düşəndən-düşənə yığır” söhbəti ortaya çıxmasın”.

"Fikirləşdim ki, belə bir xidmət arzulayınca özüm yaradım”

Daha sonra "Uğur Akademiyası”nın biznes konsultantı Xilqət Əsədov biznesə başlamaqdan və bunun üçün əməkdaşlığın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, biznesə başlamaq artıq yolun yarısını getmək deməkdir. Amma yolun yarısını getmək üçün mütləq ideya olmalıdır: "Hər bir insan özünəməxsus bir ideya fikirləşə bilər. Xaricdə "Google”, "Facebook” kimi şirkətlər necə yaranır? Bunun üçün şirkətlər var və onlar startapları olan insanları cəlb edirlər. 1000 startap varsa, hamısına pul buraxılır. Sonda 5-10-u "tutur”. Amma onlar "Facebook”, "Google”, "İnstagram” kimi şirkətlər olur. Beləliklə, ortalığa biznes çıxır. Əgər ideyanız varsa, ona az miqdarda pul ayırmaqla yoxlayın. Bəlkə alındı”.
Öz həyatından misal çəkən natiq bir dəfə anasının təmizlik işlərində ona kömək etməsini xahiş etdiyini dedi: "Fikirləşdim ki, təmizlik işi görə bilmirəm. Amma təmizlik şirkəti olsaydı, çağırardıq, gəlib anama kömək edərdi. Bir az da fikirləşəndən sonra qərara gəldim ki, belə bir xidmət arzulayınca özüm yaradım. Artıq 12 ildir təmizlik şirkətimiz fəaliyyət göstərir”.

İdeyanız var? Bəs yoxdursa, nə etməli?


Daha sonra X.Əsədov iştirakçıların suallarını cavablandırdı. "Uğurlu biznesə başlamaq üçün maddiyat nə dərəcədə önəmlidir” sualını cavablandıran natiq bildirdi ki, elə ideyalar var ki, biznes qurmaq olar, amma ona başlamaq üçün pul lazım deyil: "Pul əsas vəsait deyil, alətdir. Əlində kifayət qədər pulu olsa da, biznesini batıran o qədər insan tanıyıram ki...”.
X.Əsədov deyir ki, öz ideyanız olsa lap yaxşı, əgər yoxdursa, bir az düşünmək, internetdə araşdırmaq lazımdır. Xaricdə nə olub-olmadığını öyrənib, ortaya yeni nəsə çıxarmaq olur. Bəs ideya var, amma o sahənin adamı deyilsənsə, onda necə? X.Əsədovun fikrincə, bir biznesə başlamaq üçün o sahənin adamı olmaq vacib faktor deyil. İşi öyrənmək lazımdır: "Mən təmizlik şirkəti açanda bu sahədən məlumatım yox idi. Amma işi öyrənmək, araşdırmaq lazımdır. Belə bir söz var ki, bir işə bir insan 4000 saat vaxt ayırırsa, o insan həmin işdə uğurlu ola bilər. Hər gün 1 saat maraqlandığınız biznesə vaxt ayırsanız, uğur qazana bilərsiz”.

"...ata-anasız böyümək olar, şəriksiz yox”

İştirakçı sual verir: "Mənim moda jurnalı açmaq kimi fikrim var. Amma o sahədə təcrübəm yoxdur. Sizcə, bu sahədə mən necə uğur qazana bilərəm?”
X.Əsədov: "Moda ilə bağlı çox məşhur jurnallarımız var. Artıq bu sahədə jurnal açmaq üçün daha fərqli və özünəməxsus, gözəl nə isə təqdim etmək lazımdır. Eksklüzivlik olmalı, fərqlənməlisiniz. Bu sahədə işi öyrənmək üçün gərək həm də 4000 saatınızı ayırasınız, öyrənəsiniz”.
X.Əsədov onu da bildirdi ki, "Şərikli malın olunca, şərikli arvadın olsun” – fikrini bir kənara atmaq lazımdır: "Əgər bir ideyanız varsa, amma hansısa bir işi görməkdə tərəddüdlüsünüzsə, şərik cəlb edin. Şərikli iş görmək maraqlı olur. Tək işləmək yaxşı deyil. Türklər deyirlər ki, ata-anasız böyümək olar, şəriksiz yox. Dürüst dostlarınız varsa, onları qatıb bir iş görmək olar”.

"Şəbəkələşmə uşaq bağçasından başlayır”

"Uğur Akademiyası”nın həmtəsisçisi Əhəd Kazım iştirakçılara uğurlu şəbəkələşmə bacarıqlarından bəhs etdi. İlk olaraq öz təcrübəsindən çıxış edərək, əlaqələrin necə işə yaradığından danışdı: "Şəbəkələşmə çox faydalıdır. İndiyə qədər təxminən 4 iş dəyişmişəm. Hamısını da demək olar, əlaqələrim vasitəsilə tapmışam. "Day-day”ınız yoxdursa, bu o demək deyil ki, siz iş tapmayacaqsınız. Əlaqələrimiz hər bir işimizdə bizə kömək ola bilər. Hətta amerikanlar deyirlər ki, iş onda deyil ki, sən nəyi bilirsən? Əsas odur ki, sən kimi tanıyırsan. Biz müxtəlif tədbirlərdə tanış olur, bir-birimizə vizit kart veririk. Amma netvörkinq bu deyil, böyük bir prosesdir. Şəbəkələşmə uşaq bağçasından başlayır. Orada tanıdığımız insanlarla əlaqələr davam edə bilir”.

Tədbirlərdə ancaq dostlarla ünsiyyət qurmayın...

Əlaqələrin qurulması üçün ən yaxşı məkan bəlkə də tədbirlərdir. Canlı görüşüb, ünsiyyətdə olub, ortaq nə isə tapa biləcəyimiz insanlarla tanış ola bilərik. Ə.Kazım deyir ki, tədbir çox ola bilər, amma hansı sahədə uğur qazanmaq istəyirsinizsə, o istiqamətdə tədbirlərə gedin, o sahənin adamları ilə tanış olun: "Əlaqələrin formalaşdırılması üçün müxtəlif tədbirlər, sərgilərdə iştirak etmək lazımdır. Amma iştirak edəcəyiniz tədbir haqqında məlumatlı olmağa çalışın. Məlumatsız gedəndə normal əlaqələr qurulmur. Təmsil etdiyiniz təşkilat və ya biznesiniz haqqında verəcəyiniz məlumatları dəqiq müəyyənləşdirməlisiniz. Hansı insanlarla əlaqə quracağınızı öncədən düşünməlisiniz”.
Amma tədbirlərdə əlaqə qurulması ilə bağlı yol verilən səhvlər də var: "Tədbirlərdə yeni əlaqələr qurmağa çalışın. Adətən tədbirə gedəndə tanış varsa, bütün tədbir boyu tanışlarla danışırıq. Bu, düzgün deyil. Mütləq yeni tanışlar qazanın. Pozitiv olun. Bəzən düşünürlər ki, tədbirlərdə nə qədər ağır olsan, o qədər hörmət qazanacaqsan. Pozitiv olanda, gülərək daha çox adamın diqqətini cəlb edə bilərsiniz”.

Tədbirlərdə adətən əlaqə üçün vizitka təqdim olunur, amma çox adam bunu zibil qutusuna atır. Ə.Kazım bildirdi ki, onları atmaq əvəzinə, daha səmərəli formada istifadə etmək lazımdır: "Məsələn, qeyd edilən ünvana e-mail yazmaq daha effektli üsuldur. Uzun mesaj yazmaq vacib deyil. Tanışlığa şad olduğunuzu, ortaq nə isə maraqlarınız, layihələriniz varsa, onları yaza bilərsiniz”.
Bir də tədbirlərdə eqoist olmaq yaxşı deyil. Ə.Kazım qeyd etdi ki, əgər iki bir-birini tanımayan tanışınız tədbirdə qarşılaşıbsa, onların münasibətlərinin yaranmasında vasitəçi olmaq lazımdır: "Bəlkə onların birgə işləyəcəkləri nəsə ola bilər”.
Qeyd edək ki, iştirakçılar çay fasiləsi zamanı bir-birləri ilə öz təcrübə və resurslarını bölüşmək imkanı əldə etdilər. Eyni zamanda, seminar iştirakçılarına ad, soyad, çalışdığı iş və e-mail ünvanlarını kağıza yazıb, lövhəyə yapışdırmaq kimi bir seçim də verildi. Yeni əlaqələr yaradılsın deyə...
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər