• şənbə, 20 Aprel, 00:00
  • Baku Bakı 24°C

“İş dünyasının verdiyi təcrübə başqadır”

12.04.16 13:01 2245
“İş dünyasının verdiyi təcrübə başqadır”
Dünya təcrübəsində universitetlər hazırladıqları kadrların iş dünyasının tələblərinə uyğun olması üçün bir çox üsullardan istifadə edirlər. Onlardan biri və daha çox inkişaf edəni universitet daxilində texnopark yanaşmasıdır. Azərbaycanda ilk olaraq universitet daxilində texnopark Qafqaz Universitetində (QUTechnopark) yaradılıb.
Artıq bir neçə ildir fəaliyyət göstərən texnoparkın fəaliyyəti, bu müddətdə əldə etdiyi nailiyyətlər, tələbə üçün üstünlükləri, iş dünyası üçün əhəmiyyəti və s. suallar ətrafında QUTechnoparkın direktoru İsa Qasımovla söhbətləşdik.
- İlk olaraq texnoparkın yaradılmasından danışaq.
- Universitetdə texnopark yanaşmasını 2012-ci ilin yay aylarında düşünməyə başlamışıq. Sentyabr ayında isə bir heyət quruldu və bu işdə beynəlxalq təcrübəni araşdırmağa başladı. Rusiya, ABŞ və Türkiyədə olan təcrübələri öyrəndik. Türkiyə bizə məkan və dil baxımından daha yaxın ölkə olduğu üçün orada daha çox araşdırma apardıq. 2013-cü ilin yanvarında təcrübəni öyrənmək üçün xarici görüşlərə getdik və eyni zamanda mütəxəssisləri universitetimizə dəvət etdik. O mütəxəssislərin iştirakı ilə burada akademik heyət və biznes dünyasından, araşdırmaçılardan ibarət 5 günlük seminar təşkil etdik. 2013-cü ilin fevralın 1-də texnopark təsis olundu.
- Texnopark ideyası hansı zərurətdən yarandı?
- Ümumiyyətlə, universitetlərin iki əsas fəaliyyət istiqaməti var: elmi araşdırmalar və kadr hazırlığı. Hazırda Azərbaycan universitetlərində ağırlıq daha çox kadr hazırlığındadır. Bu, Qafqaz Universitetində də güclüdür. Amma beynəlxalq təcrübəyə görə, universitetlər elmi araşdırmaya geniş yer verdikləri zaman inkişaf edirlər. Burada elmi araşdırma təkcə hansısa kitabların, yaxud elmi əsərlərin yazılması mənasında başa düşülməməlidir. Elmi araşdırmalar sənaye əhəmiyyətli, nəticə yönümlü olmalıdır. O müstəvidən baxanda Qafqaz Universitetində texnopark qurulmamışdan xeyli əvvəl də sənaye ilə əməkdaşlıq müstəvisinə çox müsbət və elastik baxılıb. Bizdə universitet-sənaye əməkdaşlıq prorektorluğu var. Bu o deməkdir ki, universitetdə təzə bir kafedra açılacaqsa, əhəmiyyətli bir qərar qəbul ediləcəksə, universitet-sənaye əməkdaşlığının nümayəndəsinin, həmin sahəni araşdıran insanın sənayenin tələblərinə uyğun fikirləri nəzərə alınır. Universitetin müştərisi biznes dünyasıdır, sənayeçilərdir, dövlətdir, ictimaiyyətdir. Onların tələb və təkliflərini nəzərə alaraq kadr hazırlığına fikir verməsək, bizim kadrlar əmək bazarına çıxanda bəyənilməyəcək və təzədən özlərini formalaşdırmağa çalışacaqlar. Universitet-sənaye əməkdaşlığı yanaşmasında xüsusi məqam da texnopark yanaşmadır. Hətta bu yanaşma inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əvəzedilməz bir metoduna çevrilib. Zərurət ordan yaranıb ki biz universitet olaraq inkişaf etmək istəyirik və cəmiyyət, dövlət, iş dünyası qarşısında öhdəliklərimizi bilirik. Bu öhdəliklərin öhdəsindən layiqincə gəlmək istəyirik. Biz bununla öyünmürük, əslində bu belə də olmalıdır.
- Ali təhsil üçün hər il sənəd verənlərin statistikası açıqlananda texniki yönümlü qrupa sənəd verənlərin sayı humanitar sahəyə nisbətdə az olur. Ümumilikdə tələbələrin texniki fənlərə marağı hansı səviyyədədir?
- Bu fikirlə tam razı deyiləm. Bal nisbəti ilə götürsək, on il əvvəl yüksək balla müəllimlik, hüquq kimi ixtisaslara gedirdilərsə, indi mühəndisliyə, texniki ağırlıqlı fənlərə gedirlər. Subyektiv olaraq bu statistikaya münasibətimi bildirsəm, riyaziyyat, fizika kimi dəqiq fənlərin humanitar yönümdə olmaması insanların bir az rahata qaçmaq meylinin olduğunu göstərir. Əslində rahat da deyil, sadəcə, kənardan elə görünə bilər. Dəqiq fənlərdə daha çox ciddi fokuslanma tələb olunur. Bəzi abituriyentlər ola bilsin ki, bu fokuslanmadan müəyyən qədər çəkindikləri üçün humanitar tərəfə gedirlər. Amma bütün dünyada belədir və son illər Azərbaycanda da belə bir tendensiya var ki, yüksək bal toplayan, karyerada daha çox uğur qazanmaq istəyənlər dəqiq fənləri, o cümlədən mühəndislik istiqamətini seçirlər.
- Texnopark olmasaydı, nə olardı? İndi var və tələbə hansı üstünlüyü qazanır?
- Dünya hazırda sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçir. Artıq dünyanın inkişaf etmiş ölkələri daha çox qazanmaq, güc toplamaq, qazandıqlarını daha da irəli aparmaq üçün informasiyaya üstünlük verirlər. Bu gün informasiya kimin əlindədirsə, informasiyanı kim idarə edirsə, o, daha irəli gedir. Texnopark “texnopark” kəlməsinə görə qurulmamalıdır. Burada innovasiyanın inkişafı və tətbiqi imkanları formalaşır ki, bu da xüsusi bir mühitin - ekosistemin imkanları ilə baş verir. Həmin ekosistemdə tələbə, magistr, doktorant, müəllim, laborant, iş dünyası, biznesin nümayəndələri bir araya gəlib, daha yaxşı inkişaf templəri, daha yaxşı sosial həyat imkanları əldə etmək üçün innovasiyalar əldə etsinlər. Bu prosesə girişə gənclər arasında "startap" deyirlər. Bu olmasaydı, nə olardı? Mən sizə rəqəmlər üzərindən deyim, nəticənizi çıxarın. Azərbaycanda startap mühiti son 4 ildir inkişaf edir və bu müddətdə hər il biz “Yeni fikir” müsabiqəsini keçirmişik. “Yeni fikir” Azərbaycanda ən çox layihə alan startap yarışmasıdır. Keçən il ümumlikdə Azərbaycandan bizə 252 müraciət daxil olmuşdu ki, onlardan təxminən 200-ü layihələndirilmişdi. O layihədə 500 nəfər gənc iştirak etmişdi. Onların 120-i Qafqaz Universitetinin tələbələri, digərlərinin də bir qismi Qafqazı Universitetinin məzunu idi. Komandalardan bir çoxunun tərkibində Qafqaz Universitetindən tələbə və magistrlər iştirakçı idi. Bunlar o deməkdir ki, Qafqaz Universitetində 4-5-ci kurslarda gələcəkdə kim olmaq istəkləri ilə bağlı sorğu keçirsəniz, əminəm ki, onların ən azı 30 faizi işəgötürən olmaq istədiklərini deyəcəklər. Bu, yanaşmanın nəticəsidir. Dünyada əhali artır, avtomatlaşdırma sürətlənir. Əvvəl 2000 nəfərin gördüyü işi bu gün 10 nəfər görür. Digər tərəfdən də əhali artdıqca iş yeri imkanları yaradılmalıdır. Bütün ölkələrin başlıca problemlərindən biri əhalinin işlə təmini, əhalinin səmərəli istifadəsidir. Dünya ölkələri insan gücündən doğru istifadə etməkdə maraqlıdır. İndi əmək bazarında daha çox iş axtaran olsa, işəgötürən olmasa, iş axtaranın çox olması mənasız olur. Ona görə də gəncləri öz şirkətlərini qurmaq, öz patenti uğrunda düşündürsək, gələcəkdə sahibkar olmasa da, o sahədə dərinləşmiş olacaq. İnsanlar nəyisə etməyə təşəbbüskar olmalıdırlar ki, onu axtarıb tapsınlar. 100 nəfər yola çıxırsa, 10 nəfər istədiyini tapacaq, 90 nəfər isə təcrübə qazanmış olacaq.
- Universiteti bitirən tələbələri işə götürənlər (sahibkarlar) deyirlər ki, biz işçini özümüz yetişdiririk. Siz isə deyirsiniz ki, biz işəgötürən yetişdiririk.
- Biz bunu arzulayırıq. Tutaq ki, gənc marketinq üzrə oxuyur. Biz onu hazırlayırıq ki, tələbə həm özü, həm də gələcəkdəki işçilərini idarə edəcək bir düşüncəyə sahib olsun. Marketinqi imtahandan keçmək üçün oxumamalıdır. Bilməlidir ki, gələcəkdə işçi, ya da sahibkar olaraq ondan istifadə edəcək, gəlir qazanacaq. Sahibkarla işçinin həyata baxışı eyni deyil.
- Yəni müəssisəyə hazır kadr göndərirsiniz?
- Heç bir universitetdən çıxan kadr müəssisədəki işçilər qədər təcrübəli deyil. İstisnalar var. İş dünyasının verdiyi təcrübə başqadır. Amma texnoparkdakı şirkətlər daha çox tələbə və müəllimlərlə əməkdaşlıq üçün burdadırlar. Tələbə texnoparkın daxilindəki hansısa layihədə iştirak edirsə, o, auditoriyada aldığı nəzəri məlumatlarla yanaşı, şirkətdə praktik biliklər də öyrənir. Dolayısı ilə, universitet tərkibində texnopark olması gələcəkdə kadrın da daha təcrübəli olmasına yardım göstərir.
- Elm, sənaye və texnologiya... Bunların vəhdəti varmı? Tələbələr bu istiqamətdə biliklərə nə dərəcədə sahibdirlər?
- Rəqabətə davam gətirmək, bazarda dəyişən alıcı kütləsinin dəyişən tələblərinə cavab vermək, maya dəyərini çoxaltmadan, hətta azaldaraq, yeni məhsulları ortaya çıxarmaq üçün istənilən sənayenin yeni texnologiyalara ehtiyacı var. İnnovasiya istənilən sənaye sahəsinin inkişafı və yeni sənaye sahələrinin qurulması üçün zəruridir. Çox sadə misal çəksək, "ilk innovasiya" yığıcılıqdan əkinçiliyə keçiddir. Orada bir "araşdırma" aparılıb ki, biz yığıcılıqla "dolana" bilmirik, ona görə də əkinçiliyə keçiblər. Düzdür, bunun üçün laboratoriyada, kitabxanada hansısa araşdırma aparmayıblar. Amma düşüncənin nəticəsində yaranıb. Elm, araşdırma olmadan innovasiya yoxdur. Elm isə təfəkkürün məhsuludur.
- Bəs tələbələrin özlərinin icadları olurmu?
- İnnovativ baxışlar daha çox gənclərdə olur. Mən bəzi misallar üzərində deyəcəm. Məsələn, bir uşaq ona alınan geyimi bəyənməsə də, evdəkiər deyirlər ki, bu alınıb, bunu geyinəcəksən. Amma 10 il bundan əvvəlin şagirdi bu gün bazarın aktividir. Özü işləyir və öz istəklərinə uyğun tələbi var. Bazar həmin şəxsin tələbinə uyğun məhsul çıxarmalıdır. Mənim həyata baxışımla atamınkı, yaxud iş yoldaşımınkı, ya sizinki eyni deyil. İnsanın yediyi, yetişdiyi mühit, aldığı informasiyalar onun həyata baxışını dəyişir. Bu gün siz bazarın tələbedicisinizsə, 10 il sonra sizin yerinizə yeni tələbləri olan başqa nəsil gələcək. O nəslin qarşısında daha hazırlıqlı çıxmaq üçün sənayeçilər gənclərdən istifadə edirlər. Əslində texnoparkda atılan addımların çoxu layihədir. Burada zavod-fabrik yoxdur, beyin istehsalıdır. Bu, 3 il və ya 5 il sonrakı bazara hazırlıqdır. Tələbələr indi elə doğru şəkildə layihəyə cəlb olunmalıdırlar ki, onlar öz müstəvilərindən baxaraq yeni metodlar ortaya çıxarsınlar.
- Yəni ki, hələ ki ideya olaraq qalır? Məhsula çevriləni yoxdur?
- Fikir olaraq qalanı da var, məhsula çevriləni də. Bir dəfə tələbələr burada bir layihə ilə çıxış etmişdilər. Şəbəkə ilə bağlı idi. Onlar məsələyə 5 il sonrakı bazarın ehtiyacını düşünərək yanaşırdırlar. İndi Feysbukda harada olduğunu paylaşırsansa, bunu dostların bilir. Amma burdan getdiyimi bilməyəcəklər. Amma onların iddiasına görə, 5 il sonra texnologiya elə inkişaf edəcək ki, GPS sistemi ilə insanların harada olduğunu göstərəcək. Bu sistemə qoşulma ehtiyacı hiss edəcəksiniz. İndidən o sistemin gətirdiyi imkanlarla bazara hazırlaşırlar. Yaxud belə bir proqram hazırlanacaq. Tutaq ki, texnoparka gəlmisiniz və buranın nə olduğunu bilmirsiniz. Binanın qarşısındakı loqoya proqramı tutanda onunla bağlı bilgiləri sizə göstərəcək. İnnovasiya dediyimiz o qədər önəmlidir ki, camaat qınamasa, adımı dəyişib innovasiya qoyaram. O qədər əhəmiyyətli, maraqlı və vacibdir. Nə mənada dəyişərəm? Ölkəmizin, cəmiyyətimizin inişafı üçün buna maraq artsın. Mən təxəllüs olaraq bunu seçərəm. O qədər innovasiya yönümlü biri olmasam da, dünyanı gəzdikcə innovasiyanın əhəmiyyətini görürəm.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər