• cümə, 29 Mart, 00:49
  • Baku Bakı 7°C

İş başladı, istirahəti düşünək

03.09.15 11:27 3290
İş başladı, istirahəti düşünək
Mədəniyyət ocaqlarımız maraqlı repertuarları ilə tamaşaçıların yolunu gözləyir
Artıq istirahət günlərinə əlvida deyib, gərgin iş rejiminə başlayırıq. İşdən sonra hər bir insan gün ərzində topladığı stresslərdən yaxa qurtarmaq üçün mənəvi istirahət ocaqlarına ehtiyac duyur. Biz də oxuyucularımızı mövsüm yenilikləri ilə xəbərdar etmək üçün mədəniyyət müəssisələrimizə müraciət etdik.
Məlum oldu ki, hər mövsüm olduğu kimi, bu mövsümdə də mədəniyyət ocaqlarımızda tamaşaçıları əyləndirmək və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif proqram və repertuarlar təqdim olunacaq. Mövsümə uyğun olaraq, həm uşaqlar, həm də müxtəlif yaşlı vətəndaşlar üçün konsert və tamaşalar nümayiş etdiriləcək. Mədəniyyət ocaqlarının mətbuat katibləri bizimlə söhbətlərində tamaşaçılara maraqlı repertuar vəd etdilər.
“Repertuarımız rəngarəngdir”
Heydər Əliyev Sarayında bu il bir-birindən maraqlı konsert proqramları gözlənilir. Belə ki, teatrın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadədən aldığımız məlumata görə, hər ilki kimi, bu il də sarayda yerli və xarici ifaçıların konsert proqramları baş tutacaq. Mövsüm ərzində təkcə konsert proqramları deyil, eyni zamanda səhnəciklər də yer alacaq.
Anar Fərəczadə bizimlə söhbətində bildirdi ki, bu il mövsümü Heydər Əliyev Fondunun və Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı ilə açacaqlar: “18 sentyabrda Heydər Əliyev Sarayında VII Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri - bədii rəhbər və baş dirijor Rauf Abdullayev, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası, solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Q.Qarayev adına Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Musiqili Teatrı iştirak edəcəklər”.
Bu mövsüm sarayda keçiriləcək konsert proqramlarına gəlincə isə, ilk olaraq 26 sentyabrda Nyuşa, 1 oktyabrda Stas Mixaylov, 8-12 oktyabrda “Bu şəhərdə”, 6 noyabrda Lyubov Uspenskayanın konsertləri, 19 noyabrda isə Valeri Meladzenin 50 illiyi təşkil ediləcək.
Heydər Əliyev Sarayında artıq uşaqlar üçün Yeni il şənliklərinə də hazırlıqlar gedir. Belə ki, Sarayda “Barboskinlərdə Yeni İl” tamaşasının məşqləri gedir. Mətbuat xidmətindən bildirildi ki, tamaşa peşəkar teatr aktyorları və sirk akrobatlarının iştirakı ilə, uşaqlar və onların valideynləri üçün maraqlı, rəngarəng, interaktiv, qeyri-adi akrobatik elementlərlə zəngin formada təqdim ediləcək. Tamaşa 27 dekabr tarixində 4 seans nümayiş olunacaq.
Gənclərin sevimli məkanı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından “Kaspi”yə verilən məlumata görə, teatr sentyabrın 1-dən növbəti məzuniyyəti başa vuraraq 88-ci teatr mövsümünün açılışına start verib. Kollektivi qəbul edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov geniş toplantıda əməkdaşları yeni mövsümə başlanılması münasibətilə təbrik edib.
Bildirildi ki, sentyabrın 19-da Gənc Tamaşaçılar Teatrı öz qapılarını sevimli tamaşaçılarına açacaq. Həmin gün saat 12.00-da H.K.Andersenin “Çirkin ördək balası”, saat 19.00-da U.Şekspirin “Romeo və Cülyetta” tamaşaları göstəriləcək. Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.
İki hissəli məhəbbət faciəsi olan “Romeo və Cülyetta” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsus tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov, Kəmalə Hüseynova, Qurban İsmayılov, Nəsibə Eldarova, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edəcəklər.
Öyrəndik ki, sentyabrın 20-də saat 19.00-da yazıçı–dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşası nümayiş etdiriləcək. Benefis-tamaşa teatrın qocaman aktyoru, əməkdar artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunacaq.
Teatrın mətbuat katibinin sözlərinə görə, 88-ci mövsümdə Əjdər Olun “Biri vardı, biri yox”, Sevinc Elsəvərin “Ürəyində arzu tut” pyesi əsasında “Arzu və Murad” və hər il olduğu kimi, uşaqların Yeni il tətili üçün uşaq tamaşaları hazırlanacaq. Yeni səhnə əsərlərinin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.
“Tamaşalarımıza baxmaq istəyirsinizsə...”
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu bizimlə söhbətində 106-cı mövsümün ilk dörd ayı üçün repertuar planını açıqladı: “Dörd ay müddətində teatrın repertuarında olan təqribən 20 tamaşa 60 dəfəyə yaxın nümayiş etdiriləcək. Yeni teatr mövsümünün açılışı ötən mövsüm Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasıyla baş tutacaq”.
Aydın oldu ki, qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, xalq artisti Afaq Bəşirqızının, xalq artisti İlham Namiq Kamalın, xalq artisti Fatma Mahmudovanın, Gültac Əlilinin, əməkdar artistlər Əkbər Əlizadənin, Novruz Qartalın, Nərgiz Kərimovanın, Ələkbər Əliyevin, Cingiz Əhmədovun, eləcə də gənc aktyorların iştirakıyla “Toya bir gün qalmış” (Ə.Səmədli), “Qızıl toy” (O.Kazimi, R.Heydər), “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), “Ər və arvad” (Ü.Hacıbəyli), “www-ferzeli-kef.com” (E.Sabitoğlu, C.Məmmədov), “Kimdir müqəssir” (Ə.Haqverdiyev) və başqa tamaşaları izləyə biləcəklər. Habelə rusdilli və balaca tamaşaçılar üçün “Fransızsayağı qarnir” (M.Kamoletti), “Skapenin kələkləri” (J.B.Molyer), “Düyməcik” (H.K.Andersen), “Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin), “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və başqa səhnə əsərləri nümayiş olunacaq.
Sentyabr ayının son günlərində SSRİ xalq artisti, böyük bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” tamaşasının premyerası nəzərdə tutulur. Oktyabr ayında eyni zamanda teatrda məşhur Robert Sturuanın rəhbərlik etdiyi Rustavili Teatrının qastrolu planlaşdırılır. Noyabr ayında isə ölməz gülüş ustası Bəşir Səfəroğlunun 90 illik və bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilən Afaq Bəşirqızının 60 illik yubiley tədbirləri keçiriləcək. 25 dekabr tarixindən isə 2016-cı ilin gəlişiylə bağlı Yeni İl şənliklərinə start veriləcək.
Mətbuat katibi son olaraq tamaşaçılara müraciət etdi: “Artıq yeni mövsüm başlayır. Dövlət Musiqili Teatrının bir-birindən maraqlı tamaşalarına baxmaq istəyirsinizsə, afişalarımızı izləyin”.
Bakı Dövlət Sirki tamaşaçıları ilə bir qədər gec, noyabrda görüşəcək. Sirkin mətbuat katibi Mahir Hümbətovun sözlərinə görə, bu mövsüm də maraqlı və rəngli proqramlar nəzərdə tutulub: “Hələ ki dünyanın tanınmış sirk ustaları ilə danışıqlar gedir. Mövsümü oktyabrın sonu noyabrın əvvəli açacağıq. İndidən hansı proqramın olacağını deyə bilmərik. Ancaq tamaşaçıları əmin edə bilərik ki, bu mövsüm də Sirkdə maraqlı proqramlar təqdim olunacaq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər