• şənbə, 20 Aprel, 02:39
  • Baku Bakı 15°C

“İş axtarmaq özü bir işdir” – Uğur hekayəsi

18.11.16 11:02 7312
“İş axtarmaq özü bir işdir” – Uğur hekayəsi
İnadkardır. Bir şeyi əldə etmək istəyirsə, var gücü ilə onun üçün çalışır. Özünü inkişaf etdirməkdə maraqlıdır, iddialıdır. Eyni zamanda, ünsiyyət bacarıqları yüksəkdir. Hesab edir ki, insanın bir dəyəri olmalıdır və uğur əldə etmək üçün heç vaxt dəyərlərindən imtina etməməlidir. Deyir ki, uğur əldə etmək üçün zamanından, əyləncədən, yuxundan imtina edə bilərsən, amma dəyərlərdən imtina etmək düzgün deyil. Müsahibimiz Karyera.biz şirkətinin və karyera.biz saytının rəhbəri Namiq Məmmədovun karyera yoluna nəzər salaq...

- Namiq bəy, karyera yoluna çıxanda ilk hədəfiniz nə idi?
- İlk hədəfim akademik karyera qurmaq idi. Bakı Dövlət Universitetinin tarix fakültəsini həm bakalavr, həm magistratutra pilləsi üzrə bitirmişəm. Aspiranturada da təhsil almışam. Amma akademik karyeranın həyatımı düşündüyüm kimi təmin etməyəcəyini gördüm və ondan imtina etdim. Müdafiənin qurtarmasına az bir zaman qalmış namizədlik işimi yarımçıq qoydum. Özəl sektora yönəldim, əvvəl ticarətlə məşğul olmağa çalışdım, sonra beynəlxalq neft şirkətlərinin birində çox yüksək maaşla fəhlə işi tapdım. Bakı Dövlət Universitetinin kafedra müdirinin aldığı məvacibin iki qat artığını alırdım. İlk iş günü mənə iş aləti kimi bir süpürgə, bir xəkəndaz, bir də qara torba verəndə anladım ki, əslində süpürgəçi işləyəcəyəm. İlk vaxtlar mənim üçün çox çətin idi. Akademik karyera, universitet, müəllimlər və birdən gəlib əlinə süpürgə götürüb işə başlayırsan. Gizlənə-gizlənə işləyirdim ki, heç kim görməsin. Sonra laqunda işlətməyi, qaynaq etməyi öyrəndim və məni mexaniki sahəyə keçirdilər. İşim əziyyətli olsa da, kefim kök idi, çünki maddi baxımdan çox rahat bir dövr idi. Bir ilə yaxın həmin şirkətdə işləyəndən sonra layihə başa çatdı və mən işdən çıxdım. Bu, mənim üçün yaxşı bir təcrübə idi. İndi işsiz qalsam, rahatca gedib qaynaqçı işləyə bilərəm.

- Son ənənəvi sualımız: uğur sirriniz?
- Yorulmuram, inadkaram. Bir şeyi əldə etmək istəyirəmsə, onun üçün çalışıram. Özümü inkişaf etdirməkdə maraqlıyam. İddialı adamam. Eyni zamanda ünsiyyət bacarıqlarım yüksəkdir.
Gənclərə tövsiyəm budur ki, ilk növdəbə dəyər sahibi olsunlar. Uğur əldə etmək hər şeydən imtina etmək demək deyil. Uğur əldə etmək üçün zamanından, əyləncədən, yuxundan imtina edə bilərsən, amma dəyərlərdən imtina etmək düzgün deyil. Uğur əldə etmək üçün insanlığından, keyfiyyətindən, şəxsiyyətindən imtina etməməlisən. Hər şeyi öyrənsinlər, öz işlərini isə çox öyrənsinlər. İlk növbədə dəyərləri olsun, dəyərlərinin başında da insanlıq dursun. İnsanlıq ən böyük dəyərdir.

Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər