• şənbə, 20 Aprel, 17:21
  • Baku Bakı 23°C

İş axtarışının özü də bir işdir - Karyera

15.04.14 09:52 3904
İş axtarışının özü də bir işdir - Karyera
Karyera, işdə uğur qazanmaqla bağlı Amerika, Avropa ölkələri, qonşu Türkiyədə müxtəlif kitablar yazılır, bu sahədə mütəxəssislər hazırlanır, seminarlar, treyninqlər keçirilir. Azərbaycanda isə sözügedən sahə yeni inkişaf etməyə başlasa da, seminar və treyninqlərlə məhdudlaşdırılır. Yəni bu sahədə kitablar barmaqla sayılacaq qədərdir, əsas işi uğur qazanmaq, karyera qurmaqla bağlı araşdırmalar aparmaq olan mütəxəssis isə, ümumiyyətlə, yoxdur. Bu ilin əvvəlində nəşrdən çıxan və fevral ayında ən çox satılan 20 Azərbaycan yazarlarının kitabları arasında yer alan “Karyera bələdçisi” kitabının müəllifi Eyvaz Qovayevlə həm sözügedən sahədə mütəxəssis qıtlığı barədə danışdıq, həm də müsahibimiz gənclərə uğurlu karyera qurmaq üçün öz məsləhətlərini verdi.
- “Karyera bələdçisi” kitabını yazmaq hansı ehtiyacdan irəli gəldi? Necə oldu ki, belə bir kitab yazmaq qərarına gəldiniz?

- 2008-ci ildən başlayaraq “düzgün peşə seçimi və uğurlu iş axtarışı” ilə bağlı şəxsi blogumda yazılar yazmağa başladım. Qısa müddətdə fikir verdim ki, şəxsi inkişafla bağlı yazdığım yazılar digər yazılara nisbətən daha çox oxunur. Bir müddət bu istiqamətdə yazılar yazdıqdan sonra artıq müəyyən kurslarda və təşkilatlarda “düzgün peşə seçimi və uğurlu iş axtarışı” ilə bağlı seminarlara dəvətlər aldım. Blog yazılarına olan reaksiyalar və keçdiyim seminarlarda hiss etdim ki, gənclərə karyera planlaşdırması ilə bağlı bələdçi ola biləcək bir kitaba ehtiyac var. Beləcə, “Karyera bələdçisi” kitabını yazmağa başladım.
- Kitabınız fevral ayında ən çox satılan 20 Azərbaycan yazarlarının kitabları arasında yer aldı. Hətta yenidən çap edildi. Bu da onu göstərir ki, Azərbaycan oxucusunun bu cür kitablara ehtiyacı böyükdür. Çünki, karyera, işdə uğur qazanmaqla bağlı Amerika, Avropa ölkələri, qonşu Türkiyədə kifayət qədər kitablar yazılsa da, Azərbaycanda bu mövzuda kitablar barmaqla sayılacaq qədərdir. Sizcə, niyə?
- “Karyera bələdçisi” kitabıbın ilk nəşri 2011-ci ildə oldu. Çap olunduğu andan maraqla qarşılandı və qısa müddətdə satıldı. 2014-cü ildə kitab əlavələrlə “Qanun” nəşriyyatında təkrar nəşr olundu və ilk aydan ən çox satılan kitablar arasında yer aldı. Hesab edirəm ki, bədii ədəbiyyatla yanaşı, şəxsi inkişafla bağlı kitablara da ehtiyac var. “Karyera Bələdçisi” təkrar nəşr olunduqdan sonra ən çox satılan kitablar sırasına daxil olması göstərir ki, artıq oxucular şəxsi inkişafla bağlı kitablara da üstünlük verməyə başlayıblar.
Ümumiyyətlə, ölkəmizdə bir çox sahələrdə kitablara ehtiyac var. Kitab yazarkən müəyyən araşdırmalar aparılmalıdır. Öncə bazarda təlabat öyrənilməlidir. Bunu kitab nəşriyyatları öz üzərinə götürməli, bazarı araşdıraraq yazarlara sifariş verməlidir.
Siz qeyd etiyiniz kimi, bu mövzuda kitabların az olması həm də kitab bazarındakı vəziyyətlə bağlıdır. Kitab oxuyanların sayı Amerikada, Avropada və eləcə də Türkiyədə olduğu qədər çox deyil. Nəşriyyatların və kitab mağazalarının vəziyyəti də sadaladığınız ölkələrdəkindən fərqlənir. Amma buna baxmayaraq, artıq nəşriyyatlar oxucuların istəyini nəzərə alaraq şəxsi inkişafla bağlı xarici ədəbiyyatları tərcümə edərək nəşr edirlər. Müəyyən oxucu kütləsi formalaşdıqdan sonra düşünürəm ki, bu istiqamətdə də ixtisaslaşan yazarlarımız olacaq.
- Uğurlu karyeranın açarı nədədir?
- Həyatda uğur qazanmaq düzgün peşə seçimindən, düzgün peşə seçimi isə insanın özünü tanımasından başlayır. İlk öncə insan özünü tanımalıdır. Müsbət və mənfi keyfiyyətlərini, güclü və zəif yönlərini, bacarıqları¬nı, maraq dairəsini, dəyərlərini, bir sözlə, özünü kəşf edən şəxs daha asan uğur əldə edər. Özünü tanımayan insanların atdığı addımlar onların məqsəd və hədəflərinə xidmət etmir. Əgər insan öz imkanlarını, bilik və bacarığını düzgün qiymətləndirərsə, o zaman qarşılaşdığı fürsətlərdən də düzgün yararlanar.
- Uğurlu karyera qurmaq üçün ali təhsil mütləqdirmi?
- Bu, insanın karyera hədəfindən asılıdır. Elə peşələr var ki, bu sahədə karyera qurmaq istəyirsinizsə, mütləq ali təhsil almalısınız. Ancaq elə sahələr var ki, ali təhsil, diplom sahibi olmaq heç də önəmli deyil. Təhsilini yarımçıq qoymaqla böyük nailliyyətlər qazanan, dünya milyarderləri sırasına daxil olan yüzlərlə insanın uğur hekayəsi bizə bəllidir. Bildiyiniz kimi Facebook Sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq, “Apple”" və “Pixar”ın yaradıcısı Stiv Cobs, “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts təhsilini yarımçıq qoyanlar sırasındadır. Qeyd etdiyimiz şəxslərin təhsilini yarımçıq qoyması heç də onlara dünyanın ən böyük şirkətini yaratmağa mane olmayıb.
- Ali təhsilini başa vuran bir məzun iş tapmaq üçün nə etməli, hansı mərhələlərdən keçməlidir? Məzunlarımıza nə məsləhət görərdiniz?
- Çox təəssüf ki, bizdə təhsilini başa vuran gənclər adətən fərqli sahələrdə karyera qurmağa üz tuturlar. Yəni seçdikləri karyera hədəfi ilə aldıqları təhsil bir çox hallarda uyğun gəlmir. Bu da iş axtarışı prosesində problemlər yaradır. Yaxşı olar ki, gənclərimiz təhsilin sonuncu ilində artıq müraciət edə biləcəkləri iş yerlərinin siyahısını hazırlasınlar. Potensial iş yerlərinin siyahısını hazırlamaq onlara effektiv iş axtarışı baxı¬mından, yəni, iş axtarışını planlı şəkildə aparmalarına yardımçı olar.
İş axtarışı prosesində ilkin addımlardan biri də düzgün və səliqəli bir CV-nin hazırlanmasıdır. İş axtarışı saytlarını hər gün nəzarətdə saxlamalıdırlar. İş tapmaqda köməkçi ola biləcək şəxslərin siyahısı¬nı hazırlamalı və hər biri ilə görüşmələri də iş tapmaqda məzunlara kömək edə bilər. Ümumiyyətlə, yaxşı olar ki, iş axtarışı prosesinə bir iş kimi baxsınlar. Əslində iş axtarışının özü də bir işdir. Hər gün bir neçə saatlarını buna sərf etməli və planlı şəkildə çalışmalıdırlar. Bəzi gənclər bir gün iş axtarmağa vaxt sərf edir, nəticə olmadıqda, həvəsdən düşürlər. Hər gün ən azı 1 saatlarını uyğun firmalara CV göndər¬məyə sərf etsələr, bunun nəticəsiz qalmayacağına əmin ola bilərlər.
- Sizcə, bir gəncin uğurlu karyera qurması üçün onun xaricdə, dünyanın inkişaf etmiş ölkələrində təhsil alması şərtdirmi?
- Bu gün əmək bazarında işəgötürənlər peşəkar işçilərə üstünlük verirlər. İşçidən daha çox bilik və bacarıq tələb olunur. Bunun üçün də gənclərdən seçmiş olduqları peşəni daha yaxşı bilmələri tələb edilir. Fərqi yoxdur xaricdə təhsil alsın, ya da ölkəmizdə, əsas odur ki, işinin peşəkarı olsun. Amma əlbəttə ki, dünyanın inkişaf etmiş ölkələrində yaxşı təhsil alan gənclərin daha uğurlu karyera qurma şansları böyükdür .
- Uğurlu iş qurmaq üçün planlı işləmək vacibdirmi?
- Bəli vacibdir. Planlı çalışmaq vaxta qənaət və qarşımıza qoyduğumuz hədəflərə daha tez çatmağımız baxımından önəmlidir. Yalnız bir günlük deyil, qarşıdakı bir neçə illik hədəflər müəyyənləşdirilməli və planlı şəkildə o hədəflərə çatmaq üçün çalışmaq lazımdır. Heç bir hədəfə və o hədəfə çatmaq üçün plana malik olmayan insanlar uğur qazana bilməzlər. Daha öncə də qeyd etdim ki, planlı insanlar qarşıya çıxan fürsətlərdən daha yaxşı yararlana bilərlər.
- İnsanların inanmadıqları, sevmədikləri işi görmələri onlara nə qazandırır və nəyi itirirlər?
- İnsanlar ehtiyaclarını ödəmək üçün, xoşbəxt bir həyat yaşamaları üçün müəyyən bir peşə seçir və bu sahədə çalışaraq maddi və qeyri-maddi ehtiyaclarını ödəyirlər. Ən azından gündəlik 8 saatlarını işdə keçirirlər. Əgər sevdikləri bir işdə çalışarlarsa, iş həyatında özlərini xoşbəxt hiss edərlər. Düzgün peşə seçimi ilə bağlı çox gözəl bir Çin atalar sözü var – “bir saat xoşbəxt olmaq istəyirsənsə, get yat, bir gün xoşbəxt olmaq istəyirsənsə, sahilə get balıq tut, bir ay xoşbəxt olmaq istəyirsənsə, tətilə çıx, bir il xoşbəxt olmaq istəyirsənsə, evlən, ömür boyu xoşbəxt olmaq istəyirsənsə, sevdiyin bir işdə çalış”. Bəli, sevmədiyi bir işdə çalışan insan heç bir zaman özünü xoşbəxt hiss edə bilməz.
- Gənclər üçün maraqlı olar. Müsahibə zamanı işəgötürən ən çox nələrə diqqət edir, onu ən çox nə təsirləndirir? Xüsusi suallar varmı ki, hamıya verilir və gənclər həmin suallara hazırlıqlı olmalıdırlar?
- Bir çox hallarda iş görüşməsinə gedənlər öncədən hazırlaşmırlar. Buna görə də görüş zamanı qarşılaşdıqları suallara yetərincə dolğun və əhatəli cavab verə bilmirlər. Müəyyən stan¬dart suallar var ki, adətən işəgötürənlər bu suallardan istifadə edərək müraciət edən şəxslərin işə uyğun olub-olmamasını müəyyənləşdirirlər. Ümumiyyətlə, işəgötürənlər ilk öncə bilmək istəyir ki, müraciət edən şəxs vakansiya üçün nə dərəcədə uyğun biridir. Onlar bilmək istəyir ki, siz bu sahədə hansı təcrübəyə maliksiniz, güclü və zəif tərəfləriniz nələrdir, sizi nə motivasiya edir. İşəgötürən bilmək istəyir ki, müraciət edən şəxslə müəssisənin istəkləri nə dərəcədə üst-üstə düşür. Onun üçün əsas faktor vakansiya üzrə uyğun təcrübənin olmasıdır. Yaxşı olar ki, iş görüşməsinə gedən şəxs öncədən öz-özünə müəyyən suallar versin. İşə götürənə hansı töhfələr verə biləcəyini, bacarıq və təcrübəsinin işəgötürənin tələbləri ilə nə dərəcədə uyğunluğunu müəyyənləşdirsin.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər