İş adamlarına əlverişli əməkdaşıq şərtləri təklif edirik
Stabil inkişaf üçün sahibkarların daim etibarlı maliyyə dəstəyinə
ehtiyacı var. Bu səbəbdən elə biznesin uğuru da tərəfdaş-bankın düzgün seçimindən
asılıdır. Bu sahədə tələbatı yüksək olan bank məhsulları və VTB (Azərbaycan)-ın
üstünlüklərindən bankın orta və kiçik
müştərilərlə iş idarəsinin rəisi Elçin Həsənov danışır.
- Bank VTB korporativ müştərilərinə
hansı xidmətləri təqdim edir?
- Korporativ biznesin inkişafı ənənəvi olaraq fəaliyyətimizin
prioritet istiqamətlərindən biridir. Biz müştərilərimizə geniş çeşidli xidmətlər
təklif edir və onlarla möhkəm tərəfdaşlıq əlaqələri qururuq. Bu gün VTB (Azərbaycan)
iş adamlarına həm qısamüddətli kreditlər, kredit xətləri və overdraftlar, həm də
yeddi il müddətinə biznes kreditləri təklif edir. Xidmətlər arasında akkreditiv və bank zəmanətləri məhsulları kifayət qədər
populyardır. Bunlar sahibkarlara ənənəvi kreditləşmə alətlərindən istifadə etmədən
iri sövdələşmələrdə iştirak etməyə imkan verir.
2018-ci ildə verilmiş bank zəmanətlərinin sayı 2, həcmi isə 8 dəfə
artıb. Ötən il biz ümumi məbləği 1,5 mln manat təşkil edən 46 bank zəmanəti
vermişik - onların arasında rubl və dollarda olan zəmanətlər də olub.
Kredit məhsulları və sənədli əməliyyatlar həm yerli, həm xarici
valyutalarda təklif edilir. Bu istiqamətdə biz müştərilərimizə kompleks şəklində
xidmət göstəririk: sözləşmə şərtlərinin hazırlanması, risklərin və xərclərin
qiymətləndirilməsi və s. Bundan başqa, iş adamları hesablaşma-kassa xidməti,
ticarət maliyyələşməsi, konversiya əməliyyatları kimi məhsullardan da yararlana bilər.
- Təklif etdiyiniz xidmətlər
digər banklarla müqayisədə hansı üstünlüyünə malikdir?
- Bildiyiniz kimi, hazırda bir çox sahibkarlar öz bizneslərini ölkə
xaricində də uğurla inkişaf etdirir və bu tendensiya artmaqda davam edir. Belə
biznesin bir çox hallarda etibarlı tərəfdaş qismində çıxış edəcək bir banka
ehtiyacı var. VTB (Azərbaycan) da beynəlxalq VTB qrupun bir hissəsidir. Bizim
əsas üstünlüklərimizdən biri də məhz bundan ibarətdir: müştərilər bir bankın
müxtəlif xarici nümayəndəliklərinin xidmətlərindən istifadə edə bilər. Bu,
onlara həm vaxtlarına, həm də vəsaitlərinə qənaət etməyə imkan verir.
- Korporativ müştərilərinizə
göstərilən xidmətlərə görə hansı tarifləri təqdim edirsiniz?
- Biz çevik tarif siyasətinə əsaslanır və müştərilərimizə fərdi
yanaşırıq. VTB Qrupun bir hissəsi kimi biz iş adamlarına əlverişli əməkdaşıq şərtləri
təklif edirik. Misal üçün, beynəlxalq hesablaşmalar üzrə VTB Qrup çərçivəsində
güzəştli tariflər mövcuddur. Bu da müştərilərimizə sərfəli şərtlərlə hesablaşma
əməliyyatlarını həyata keçirməyə imkan verir.
-Yaxın vaxtlarda korporativ
müştərilərinizə yeni təklif və xidmətlər təqdim etməyi planlaşdırırsınızmı?
Biz daim bu istiqamətdə iş aparırıq. İki dövlətin subyektləri
arasında hesablaşmanı asanlaşdıran və digər ölkələrin bazarlarına yerli
məhsulun ixracını artıran məhsul və xidmətlərin tətbiqi bizim üçün prioritet
məsələlərdən biridir.
Yaxın vaxtlarda kiçik və orta sahibkarlıq üçün kassa-hesablaşma
xidməti paketi kimi yeni məhsulu təqdim etmək niyyətindəyik. Bu xidmət
müştərilərə standart əməliyyatlar üzrə xərclərini optimalaşdırmağa imkan
verəcək.
Biz rəqəmsallaşdırma dövründə yaşayırıq və bu sahədə aparıcı
xidmətlərin təqdim edilməsi sahəsində rəqabət kifayət qədər yüksəkdir. Bu
məsələdə banklar da istisna deyil.
Bu gün hər bir maliyyə təşkilatı müştərilərinə rəqəmsal xidmətlər,
tətbiqlər təklif edir. Biz mobil və internet bank xidmətlərimizin funksionalını
daim genişləndirir, maksimal dərəcədə rahat xidmət göstərməyə çalışırıq. Bu
istiqamətdə müştəri bazamızı genişləndirmək üçün perspektivlər mövcuddur.