• şənbə, 27 Aprel, 03:18
  • Baku Bakı 14°C

Çirkli hava öldürür

22.11.16 14:59 2883
Çirkli hava öldürür
Uzm. Dr. Yalçın Velibey
Kardiologiya Uzmanı
Bu yazımda ürək-damar sistemimizə çox pis təsir edən önəmli və ciddi bir problem olan hava çirkliliyindən bəhs etdim. Havanın təmiz olması sağlamlığımız üçün çox önəmlidir. Müasir zamanda hava çirkliliyi çox önəmli bir ekoloji problemdir. Hava çirkliliyi sağlam insanlara xüsusilə də uşaqların, qocaların, hamilələrin sağlamlığına, eləcə də xroniki ağciyər və ürək xəstəliyi olanlara çox pis təsir edir. Çirkli hava xroniki ağciyər xəstəliklərinə, insulta, ürək damar xəstəliklərinə və hətta ciddi psixoloji problemlərə səbəb olur.
2015-ci ildə dünyanın ən prestijli elm nəşrlərindən olan "Nature” jurnalında çox önəmli bir araşdırmanın nəticələri yayınlandı. Bu araşdırmaya görə, çirkli hava dünyada hər il 3.3 milyon insanı öldürür. Bu ölümlərin 75 faizi infarkt və insult nəticəsində olur. Bu səbəbdən ölənlər ən çox ildə 1.4 milyon nəticə ilə çinlilərdir. Dünyada ən çirkli havaya sahib ölkələr də Çin, Hindistan və Pakistandır. Hətta Çində havanın çirkliliyi bəzən Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi təhlükəli sərhədin 20 qatından çox olur. Hava çirkliliyinin ən önəmli səbəbləri fosil yanacaqları (avtomobil yanacaqları və sairə), istilik qazanxanaları, fabrik və zavodlardır. Ayrıca evdə günlük məişətdə istifadə etdiyimiz kondisioner və soyuducular da havanı çirkləndirir. Çünki onlar qısaldılmış adı ‘CFC’ olan zərərli xlorflorokarbon qazı yayırlar.
Havanı çirkləndirən önəmli faktorlardan biri də təbii qazın olmadığı dünyanın bəzi bölgələrində istilik məqsədi ilə kömürdən istifadə edilməsidir. Kömürdən çox istifadə edilən bölgələrdə yaşayan insanlarda xroniki ağciyər xəstəlikləri və ürək-damar xəstəlikləri olduqca geniş yayılır. Çirkli havada insan sağlamlığına zərərli olan əsas maddələr karbonmonoksid, karbondioksid, azot dioksid, kükürd dioksid, metan, amonyak və sairə kimi qazlar, arsen, kadmiyum, civə, qurğuşun kimi elementlər və havada asılı vəziyyətdə qalan və gözlə görünməyən müxtəlif kimyəvi tərkibli kiçik hissəciklərdir. Bu maddələr nəinki havanı çirkləndirir, həm də qlobal istiləşməyə səbəb olurlar. Çünki havada artan metan və karbondioksid kimi qazlar Yer kürəsinə gələn günəş şüalarının və enerjisinin atmosferimizi tərk etməsinin qarşısını alır və nəticədə havanın temperaturu önəmli dərəcədə artır.
Çirkli havanın ürək-damar sisteminə çox pis təsir etməsi aparılan bir çox araşdırmada sübuta yetirilib. Belə ki, ürək xəstəliyi olmayan 65000 qadın üzərində bir araşdırma aparılıb. Nəticədə məlum oldu ki havanın çirkli olduğu bölgələrdə yaşayan qadınlarda ürək mənşəli ölümlər, beyin insultu və infarkt havanın təmiz olduğu bölgələrdə yaşayan qadınlara nisbətən daha çox müşahidə edilir. Havası çirkli olan bölgədə yaşayan qadınların ömürləri daha az olur. Daha sonra qadın kişi fərqi qoyulmadan 450 000 sağlam insan üzərində başqa bir araşdırma aparılıb. Bu araşdırma nəticəsində də məlum olub ki, çirkli havanın olduğu bölgələrdə yaşayan insanlarda infarkt və ürək mənşəli ölüm halları daha çoxdur. Çirkli havanın ürək-damar sisteminə mənfi təsiri bir çox səbəblərlə əlaqələndirilə bilər. Belə ki, çirkli hava sinir sisteminə təsir edərək qan təzyiqini qaldırır. Arteriyaların, o cümlədən ürəyi qidalandıran tac arteriyaların içində trombun əmələ gəlməsinə səbəb olur. Qanın qatılığının artmasına səbəb olur. Nəticədə bütün bu proseslər ürəyi qidalandıran damarların tıxanmasına gətirib çıxarır. Havada asılı qalan və gözlə görünməyən kiçik hissəciklər ən azı, zərərli qazlar qədər təhlükəlidirlər. Bu hissəciklər o qədər kiçikdirlər ki ölçüləri mikronla ifadə edilir. Onlar nə qədər kiçikdirsə, sağlamlığımız üçün bir o qədər zərərlidirlər. Ürək üçün ən təhlükəli hissəciklərin PM 2.5 və PM 0.1 olduğu müəyyən edilib. (PM "hissəciklər və ya hissəcikli maddələr” sözünün ingiliscəsi olan ‘particulate matter’ sözünün baş hərfləridir. Rəqəmlər isə hissəciyin mikron cinsindən ölçüsünü göstərir). Bir bölgənin havasında bu hissəciklərdən nə qədər çoxdursa, orada yaşayan insanların ürək-damar xəstəliyindən ölmə ehtimalları artar.
Çirkli hava ilə əlaqədar səhiyyə problemlərinin və ölümlərin getdikcə artması artıq dünyanın böyük dövlətlərinin və təşkilatlarının diqqətini bu cəlb edib. Və bu istiqamətdə bəzi tədbirlər görülməyə başlanılıb. Əgər ən qısa zamanda ciddi tədbirlər görülməzsə, 2050-ci illərə doğru getdikcə hava çirkliliyindən ölənlərin sayının ildə 6.6 milyona qədər artacağı gözlənilir. Artıq bəzi ölkələr havanın çirklilik dərəcəsini radio və televiziyalardan elan edirlər.
Son söz: Çirkli hava tənəffüs və ürək-damar sisteminə çox pis təsir edir. Bu səbəblə ürək çatışmazlığı və ya xroniki ağciyər xəstəliyi olanların, eləcə də ürək damar xəstəliyi olan insanlar havanın çox kirli olduğu zamanlarda evdən bayıra çıxmamalıdırlar. Bu cür xəstələrin mümkün olduğu qədər havanın çox çirkli olduğu bölgələrdə yaşamaları da məsləhətli deyil.
banner

Oxşar Xəbərlər