• şənbə, 20 Aprel, 18:03
  • Baku Bakı 24°C

İrfan Çiftçi: “Bu mükafata layiq görülmək mənim üçün şərəf oldu”

16.02.18 15:45 1043
İrfan Çiftçi: “Bu mükafata layiq görülmək mənim üçün şərəf oldu”
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri olan İrfan Çiftçi Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatına layiq görülüb.
İrfan Çiftçiyə bu mükafatı "Azərbaycan-Türkiyə ədəbi əlaqələri” layihəsi çərçivəsində keçirilən tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib.
Yazıçı İ.Çiftçinin iki ölkənin mədəni-ədəbi əlaqələrinin inkişafında göstərdiyi səyləri xüsusi vurğulayıb. Çıxışında bildirib ki, müşavir vəzifəyə təyin edildiyi bir il müddətində İ.Çiftçinin keçirdiyi müxtəlif layihələr, tədbirlər qardaş ölkələr arasında ədəbi əlaqələri daha da möhkəmləndirib. Bu zaman müddətində azərbaycanlı yazarların Türkiyədə, türkiyəli yazarların isə Azərbaycanda kitabları nəşr olunub, görüşlər təşkil edilib, poeziya və nəsr nümunələrindən ibarət antologiyalar hazırlanıb. Anar İ.Çiftçinin məhz ölkələrimiz və xalqlarımız arasında ədəbi əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatına layiq görüldüyünü vurğulayıb.
Bəxtiyar Vahabzadə mükafatına layiq görülən İrfan Çiftçi "Kaspi”-yə öz təəssüratlarını bölüşüb. Bildirib ki, belə bir mükafata layiq görülməsi onun üçün sevindirici hal olub: "Bəxtiyar Vahabzadə mükafatı almaq mənim üçün şərəf oldu. Eyni zamanda Türk dünyası adına mədəniyyət sahəsində gördüyümüz işlərə görə mükafata layiq görülməyim məni çox duyğulandırdı və məsuliyyət hissimi daha da artırdı. Belə bir mükafata layiq görüldüyümü tanınmış yazar Rəşad Məciddən eşidəndə Tiflisdə səfərdə idim. İşlərin çoxluğundan bir il keçdikdən sonra mükafatı təhvil ala bildim”.
Müşavir bizimlə söhbətində tədbirin Mir Cəlal Paşayev və Əhməd Kabaklının xatirə günlərinə toplanmış çox sayda Türkiyə və Azərbaycanın ədəbiyyatçılarının hüzurunda və yenə dünya şöhrətli Azərbaycan yazarı olan Anarın şəxsən özündən aldığı üçün məmnun olduğunu söylədi: "Türk dünyası Şirvanidən Yunus Əmrəyə, Məhsəti xanımdan Mikayıl Müşfiqə qədər dərin və bir o qədər də nüfuzlu yol keçib. Bu sənət dünyasının böyük okeanında bir damla ola bilmişiksə çox şükür. Odlar yurdunun vətəni olan Azərbaycandan mənə verilən bir bayraq var. Bundan başqa aldığım mükafatın adı və onun təqdim edilməsi böyük bir hədiyyədir. Hamısı mənim üçün əziz və dəyərlidir. Aldığım bu mükafatı da o bayrağın yanına qoyacağam. Məni bu mükafata layiq gördükləri üçün bir daha təşəkkürümü bildirirəm”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər