İrəvan Teatrına yaraşmayan qalmaqal
Yeni mövsüm
yeni nəfəs, yeni xəbər, sözün həqiqi mənasında yeniliyin xəbərçisidir. Biz də
bu mövsümə bol enerji və ruh yüksəkliyi ilə qayıtdıq. Lakin qayıdar-qayıtmaz bir
məsələ əhvalımızı lap korladı. Belə ki, yeni mövsümü qədim tarixə malik olan, yerindən-yurdundan
ayrı düşən, İrəvan Dövlət Dram Teatrında baş verən qalmaqallı xəbərlərlə açdıq.Əslində, bu
barədə yayılan xəbərləri bir müddət kənardan izlədim. Nəhayətində, "danışmaq
gümüşdürsə, susmaq qızıldır” prinsipini kənara qoydum. Çünki teatrda baş verən
hadisələr kənardan gülünc görünür və bir o qədər də ikrah hissi yaradır.
Teatrın
imicinə yaraşmayan qalmqal
Qalmaqalla
bağlı qısa açıqlama verim ki, ötən həftə İrəvan Teatrında teatrın aktyoru Elçin
Hacının qadın həmkarları tərəfindən döyülməsi xəbəri görüntülü şəkildə sosial
şəbəkənin ən çox izlənilən videosuna çevrildi. Sözügedən hadisə həmin həftənin
ən çox danışılan qalmaqalı oldu. Vəziyyət o dərəcəyə çatdı ki, televziyalar və elektron
media nümayəndələri də bu məsələni aktuallaşdırdılar. Burada əsas məsələ kimin
haqlı, kimin haqsız olmasında deyil. Mənə teatrşünas olaraq təsir edən tamam
başqa məsələdir. İrəvan Dövlət Dram Teatrı öz tarixi, böyük keçmişi olan bir mədəniyyət
ocağıdır. Bu teatra hərdən "qəhrəman teatr” da deyirəm. Çünki tələbəlik
illərindən bu yana müəllimlərim hər dəfə İrəvan Teatrından elə bəhs edirdilər
ki, mən bu ocağa müqəddəs bir yer, yaradıcılıq ünvanı kimi baxırdım. Axı İrəvan
Teatrı heç nədən bu qədər böyük nüfuza sahib olmayıb! Bir neçə dəfə teatra reportaja
gedəndə teatrın təmirsiz və şəraitsiz olması mənim qol qanadımı sındırıb. Özlüyümdə
düşünmüşəm ki - "Bu idimi müəllimlərimin bəh-bəhlə mənə danışdıqları,
böyük müharibə görsə də sınmayan, ayaqda
duran İrəvan Teatrı?”.
Nə olsun təmirsizdir, ancaq tarixə boylananda elə
teatrlar olub ki, onların heç qrim etməyə otaqları belə olmayıb. Ancaq yenə də
teatr deyilən ocağa qıfıl vurub, qapılarını öz tamaşaçılarının üzünə
bağlamayıblar. Elə İrəvan Teatrı kimi. Bu teatr öz vətənindən, torpağından ayrı
düşməsinə baxmayaraq, hər zaman yaradıcılıq işləri ilə məşğul olub. Özü də
vətənpərvərlik ruhunda, "bir gün o torpaqlara qayıdacağıq” ab-havasında
repertuar planı hazırlayır bu teatr. Orada ömrünü məhz İrəvan Teatrına həsr edən o
qədər sənət fədailəri çalışıb ki... Onlar bu teatrda gənclik illərini, ömürlərinin
ahıl çağlarını, ilk sevgilərini yaşayıb, ilk tamaşalarını oynayıblar. Həmin
insanlar üçün bu ocaq and içmək üçün bir məbəddir. Təsəvvür edə bilirsinizmi?
İrəvan
Teatrının tarixinə bir nəzər
Tarixə nəzər
salanda şahidi oluruq ki, bu teatr 1880-81-ci illərdən fəaliyyətə başlayıb.
İrəvanda çıxan "Psak” ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci
sayında "Fars teatrı” adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb
tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları
Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır” tamaşasını 1881-ci ilin
ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar. 1918-ci
ildə daşnakların növbəti qətliamları, hücumları teatrı da yerindən-yurdundan
edib. Teatrın rəhbəri və bir qrup aktyor İranın Xoy şəhərində məskunlaşıblar.
Lakin sovet hökuməti qurulduqdan sonra 1922-ci ildə, didərgin düşmüş bütün insanlar
kimi, onlar da geriyə dönüblər. Teatrın yenidən dirçəlməsi, inkişaf etməsi üçün
yerli ziyalılardan — Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli
Axundov, Əşrəf Yusifzadə, Yusif Ziya kimi milli mədəniyyət təəssübkeşləri xeyli
iş görüblər. Hətta Bala Əfəndiyev öz arvadı Fatma Əfəndiyevanı teatra gətirərək
ilk qadın aktrisa kimi səhnəyə çıxarıb. Fatma xanım həmin vaxtlar İrəvan türk qadınlar
klubunun ilk müdiri olub. Əkbər Rzayev də öz arvadı Firəngiz xanımı Fatma
xanımla birgə səhnəyə gətirib.
1928-ci ildə
teatr dövlət statusu alıb.1935-ci ildə teatra görkəmli dramaturqCəfər
Cabbarlının adı verilib.1948-ci ildən
başlayaraq İrəvan və onun ətraf rayonlarında yaşayan türk əhalinin məcburi
olaraq Azərbaycana köçürülmə prosesi teatra da öz acı təsirini göstərdi
vəteatr 1949-cu ildəGöyçə mahalının Basarkeçər rayonuna köçürüldü.
Oradakı bir illik fəaliyyətindən sonra isə teatrın işi dayandırıldı və əvəzində
həmin bazada xalq teatrı təşkil olundu. Çünki həmin ərəfədə Göyçə əhalisini də
"könüllü köçürmə” adı altında gecə-gündüz maşınlarda Azərbaycana - Mil, Muğan
düzünə daşıyıb tökürdülər. Belə bir şəraitdə isə teatrın işini yenidən qurmaq, fəaliyyətini
davam etdirmək çətin məsələ idi. Az sonra "köçürülmə siyasəti” dayansa da
teatrın inkişafında yeni bir mərhələ açılmadı. Nəhayət,1967-ci ildə cəmi
Ermənistan əhalisinin, o cümlədən bütün ziyalıların, Basarkeçər rayon partiya
komitəsinin birinci katibi Yunis Rzayevin və Azərbaycan KP MK-nın katibiŞıxəli
Qurbanovunciddi, birgə səyləri nəticəsində C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrı hökumətin qərarı ilə yenidənbərpa olundu və paytaxt
İrəvan şəhərinə köçürüldü.
Teatra
qalmaqal yaraşmır
Teatrın
tarixini vərəqləməkdə məqsədim odur ki, belə kökü olan bir teatra bu gün elə
cılız qalmaqal yaşamaq yaraşmır. Bu həm teatrın statusuna, həm də imicinə böyük
zərbə vurur. Təbii ki, bu hadisələr teatrın bundan sonrakı imicinə də təsirsiz
ötüşməyəcək. Qara ləkə elə bir şeydir ki, nə edirsən et, bu insanın üzərindən
getmir ki, getmir. Bu gün də mətbuatda İrəvan Teatrında yaşanan qalmaqal yazılır və müzakirə obyektinə çevrilir. Bəs
görəsən orda hazırlanan tamaşalar niyə
uzun-uzadı müzakirə olunmur?
Bu qalmalı
mətbuatdan izlədikcə həyatının 49 ilini məhz İrəvan Teatrına həsr edən Vidadi Əliyevin sözləri yadıma
düşdü. Bir dəfə mənimlə müsahibəsində bu teatrdan danışarkən deyirdi ki, "İrəvan
Teatrı orada yaşayan azərbaycanlıların yeganə mədəniyyət ocağı idi. Xalq oranı
çox sevirdi. Oradakı soydaşlarımızın mətbuat baxımından yeganə ümid yeri
azərbaycan dilində çıxan "Sovet Ermənistanı” qəzeti idi. Ədəbiyyatımız həmin
qəzetdə dərc olunurdu. Bir də İrəvan Teatrı. Hansı məkanda bir xalq yaşayırsa,
orada onun mədəniyyəti təmsil olunmalıdır. Başqa bir xalqın içində yaşayaraq öz
mədəniyyətinin əksini görməyəndə istər-istəməz insanlarda bir küskünlük
yaranır.
Bu baxımdan,
İrəvan Dövlət Dram Teatrının o bölgədə yaranması çox vacib idi. İrəvanda ta
qədimdən Azərbaycan teatrı olub. Fransız səyyahı Jan Lade 1655-ci ildə İrəvan
xanlığında qonaq olanda görüb ki, orada insanlar saz çalır, oynayır. Sevən-sevilən,
döyüşçü obrazları yaradan aktyorlar onun diqqətini cəlb edib. Jan Lade
qeydlərinin birində yazıb ki, "onların hazırladıqları bir səhnəyə baxdım və
soruşdum ki, bu göstərdiklərinizin adı nədir.Orada yaşayan insanlar mənə
heç də teatr sözünə oxşamayan ad dedilər. Təəccüblüsü də o idi ki, bu
Avropadakı operanın eynisi idi.Halbuki, Avropa mədəniyyətindən kənar
düşmüş bu xalq teatr sözünün mənasını bilmir”.
Hərdən
deyirlər ki, antireklamın özü də bir reklamdır, ancaq elə hesab etmirəm ki,
İrəvan kimi bir teatr bu cür ucuz reklamla gündəmə gəlmək istəsin. Məsələnin
başqa bir tərəfi isə odur ki, bu "konsert”i bədnam qonşularımız da yəqin ki,
izləyir. Və görəsən bu "konsert” kənardan necə görünür? Problemin kökündə hər nə
dayanırsa-dayansın, bu "konsert”ə bir son verilməsi lazımdır.
Məsələ ilə
bağlı Mədəniyyət və Turizm Nazirliyindən də mövqe öyrənməyə çalışdıq. Sualımızı
informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar
Şıxməmmədova ünvanladıq. Nazirliyin nümayəndəsi məsələ ilə bağlı bir mövqe
bildirmək istəmədi, bunun teatrın daxili problemi olduğunu vurğuladı. Onun
sözlərinə görə, bu tip məsələlər teatr daxilində həll olunmalıdır. Nazirlik sözügedən
məsələ ilə bağlı rəsmi mövqe bildirmək iqtidarında deyil...
...Amma çox
təəssüf...
Xəyalə Rəis
Teatrşünas