• şənbə, 20 Aprel, 18:34
  • Baku Bakı 24°C

İrəvan Teatrı “Haqq mənəm” dedi

02.12.19 15:30 3627
İrəvan Teatrı “Haqq mənəm” dedi
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, "İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə 19 noyabr 2019-cu ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı İftixarın "Haqq mənəm” pyesinin tamaşasını təqdim etdi. Premyerası R.Behbudov adına Mahnı Teatrının səhnəsində oynanılan "Haqq mənəm” pyesi ikihissəli tarixi elegiya janrında yazılıb. Şair-dramaturq, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin "Dan yeri söküləndə”, "Körpü”, "Qurtuluş dastanı”, "Soyqırımı tarixinin dastanı” və s. əsərləri tamaşaçılara yaxşı tanışdır. "Haqq mənəm” pyesinin müəllifi olan İftixar Piriyev eyni zamanda tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafıdır.
Əsər XIV əsrin sonu, XV əsrin əvvəllərində (1369-1417) yaşamış Azərbaycan mütəfəkkiri Nəsiminin dövründən, hürufilikdən bəhs edir. Müəllif "Haqq mənəm” əsərində Nəsimi dühasını, Nəsimi fəlsəfəsini daha dərindən açmağa çalışır. Nəsimi poeziyası əsasında yazılan bu əsərdə Nəsimi haqqı hər yerdə Allahda, onun yaratdıqlarında, hər əməldə, hər qəlbdə axtarır. Nəsimi dühası cahana sığmayan ulu haqqın özüdür. İmadəddin Nəsimi dünyası bədii obraz olaraq teatr səhnəsində ilk dəfə B.Vahabzadənin "Fəryad” pyesində, Nəsimi obrazı isə kino tariximizdə "Nəsimi” filmində görkəmli aktyor Rasim Balayevin ifasında yaddaşlara yazılmışdır.
Təsadüfi deyil ki, dramaturq, Nəsiminin 650 illiyinə həsr etdiyi "Haqq mənəm” tarixi pyesinin epiqrafında əsəri "Nəsimi” kinossenarisinin müəllifi, Azərbaycanın nəhəng sənətkarı, Xalq yazıçısı İsa Muğannanın, görkəmli kino rejissor, "Nəsimi” filminin quruluşçu rejissoru, Xalq artisti Həsən Seyidbəylinin ruhlarına ehtiram və "Nəsimi” filmində Nəsiminin obrazını ustalıqla əbədiləşdirən Azərbaycanın görkəmli aktyoru, Xalq artisti Rasim Balayevə hörmətlə qələmə aldığını qeyd edir.
Səhnə əsəri Nəsiminin "Həqq mənəm” qəzəli ilə başlayır. Qəzəlin sədaları altında Nəsimi və onu gətirən cəllad, Şeyx Zahid və din xadimləri səhnəyə gəlirlər. Səhnədə mətin dayanan Nəsimi-aktyor Natiq Həziyev qəlbinin üsyanını qəzəlləri ilə bəyan edir. Dərviş və onun müridləri də onun səsinə səs verirlər. Bundan qəzəblənən Şeyx Zahid - aktyor Bəhruz Hikmətoğlu onun səsinin kəsilməsini əmr edir. Cəllada əmr edir ki, "...kəsin bu kafirin səsini!.. Soyun dərisini!... Bu kafiri elə soyun ki, bir damla qanı belə, heç bir yerə düşməsin. Yoxsa gərək onun qanı düşən yeri kəsib ataq ki, həmin yerdən yenidən min belə kafir cücərməsin. Cəllad Nəsimini soyarkən onun qanının bir damcısı Şeyx Zahidin barmağına düşür, bunu görən xalq onun barmağının kəsilməsini istəyir. Ancaq, Zahid deyir ki, bir kafirin bir damla qanından ötrü, mənim kimi mötəbər bir Allah mömininin, Şeyxülislamın barmağını necə güdaza vermək olar?.
Bu zaman Nəsiminin qeybdən səsi eşidilir.
Zahidin bir barmağın kəssən, dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz.
Nəsimi özünün qeybdən gələn səsinə yuxudan hövlnak ayılır və ətrafında müridlərini görür.
Tamaşanın müəllifi hadisələrin necə və harada baş verməsini çox ustalıqla yozub. Belə ki, hadisələr əvvəlcə dərə-təpə olan bir yerdə, sonra isə Əmir Teymurun çadırının qarşısında baş verir. Səhnədə yuxarıdan asılmış qavallar, nizələrin qoyulması da rejissor işinin yaxşı cəhətlərindəndir. Bəzi xırda nöqsanlarına baxmayaraq, tamaşa cox gözəl alınıb. Aktyor ifasını xüsusi ilə qeyd etmək lazımdır.
Baş rolun-Nəsimi obrazının ifaçısı Natiq Həziyev azərbaycan dilini ərəb və fars dili səviyəsinə yüksəldən dühanın daxili aləmini ustalıqla açır. Hərdən qəzəlləri xoş avazla oxuması, aktyorun yüksək istedadından xəbər verir. Onun mətin, məğrur duruşu, qürurlu xarakteri tamaşaçıları heyrətə gətirir. Əmir Teymurun onu tələb etdiyi anda Nəsiminin – Natiq Həziyevin Dərvişə və müridlərinə söylədiyi sözlərdə bu özünü daha aydın büruzə verir: "Teymurləng günəş deyil, mən də yarasa... Biz kamil insan yetişdiririk. Bunun üçün açıq mübarizə aparırıq. Bizim qüdrətimiz də məhz bundadır. Biz heç kəsdən qorxmuruq. Çünki, biz haqqın elçiləriyik. Günəş bizik, kölgə onlar!.. Haqq bizik, nahaq onlar!.. Cahan bizik, ünsür onlar!.. Kamil bizik, cahil onlar!..”. Eyni zamanda, Nəsiminin Əmir Teymurun qarşısında söylədiyi sözləri onun cəsarətindən xəbər verir. Teymurun "Bizim aramızda kamil kimdir, cahil kim?” sualına, onun cavabı "Cahil sizsiz” deməsi ətrafdakıları heyrətə gətirir.
Tamaşanın əsas uğurlarından biri də əsərin sonunda Teymurun Nəsimini bağışlaması səhnəsidir. Əslində, Nəsiminin dərisinin soyulması fikri xalq tərəfindən uydurulmuş bir rəvayətdir. Bunu akademik Ziya Bünyadov 2009-cu ildə "Azərbaycan şərqşünaslığı” jurnalının 1-ci nömrəsində "Nəsimini diri-diri soyularaq öldürülməyib” adlı məqaləsində bir daha təsdiq edib.
İftixar quruluşçu rejissor kimi Nəsiminin Afətlə görüş səhnəsinin xəyalını da uğurla həll edib. Afət rolunu aktrisa Müdvər Nemətova öz məlahətli ifası ilə tamaşaçılara çatdırır, Nəsiminin qəzəllərinə şairin öz qəzəlləri ilə cavab verir.
Əsərin əsas personajlarından biri də Əmir Teymurdur. Əmir Teymur obrazını səhnədə Əməkdar artist Rəşid Rzayev canlandırır. Biz onun peşəkar aktyor potensialına malik olduğunu bilirik. Ancaq bu tamaşada onun səhnədə asta səslə danışması, yeriyəndə ayağını azca çəkməsi və Əmir Teymurun səhnədə papaqsız görünməsi həm aktyorun, həm də rejissorun rola düzgün yanaşmamasının nəticəsidir. Tarixdən hamıya yaxşı məlumdur ki, Türk dünyasının böyük fatehi Əmir Teymur hər zaman baş örtüyündən istifadə edib, papaqsız heç vaxt heç bir yerdə görünməyib. Aktyorun obraza belə yanaşması tamaşaçıların da narazılığına səbəb oldu.
Tamaşada şər qüvvələri təmsil edən obrazların ən güclüsü din xadimi Zahiddir. Əgər Nəsiminin fəryadı onun əqidəsinin, inamının səsidirsə, Zahidin fəryadı onun faciəsidir. Bəhruz Hikmətoğlu Şeyx Zahid obrazını yaltaqlığın, paxıllığın, xudbinliyin, satqınlığın müxtəlif çalarları ilə açıb göstərir. Tamaşanın sonuna yaxın Teymurləng hiddətlə ayağa qalxır və Şeyxə tərəf gedir. Şeyxin huşunu itirərək yerə sərilmə səhnəsi daha təbii və inandırıcıdır.
Tamaşada bu günümüzlə səsləşən məqamlar da öz yerini tapıb. Belə ki, Teymurləngin "Nəsiminin gətirilməsini sizə kim deyib”, sualına Şeyx Zahid – Bəhruz Hikmətoğlu: "Azərbaycan bir neçə ildən sonra üsyana qalxacaq... Azərbaycanda qiyam baş verəcək. Ey böyük hökmdar, Azərbaycan türkləri həmrəy millətdir. Ağsaqqal sözü, əstəğfürüllah, Allah sözü kimi tutulur. Bir kərə qərar veriləndə, yeri yerindən oynadırlar. Hamı verilən qərarın yerinə yetirilməsi üçün canından keçər”. Zahidin bu sözləri torpaqlarımızın işğal altında inlədiyi zamanda deməsi bu günümüzlə səsləşir.
Tamaşaçılar arasında oturub, xalq kütləsini təmsil edən Əməkdar artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Səmayə İsmayılova, Sevinc Hüseynova, Səbinə İmamverdiyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova və Sevinc Bəxtiyar öz səsləri ilə tamaşaçıların mərdlik və mübarizlik hissini artırırlar.
Tamaşanın digər aktyorları: Miranşah – Rövşən Cəfərov, Dərviş – Niyaməddin Səfərəliyev, Dərviş libaslı mürid və Cəllad – Əmrulla Nurullayev, I mürid – Anar Buludov, II mürid - Zəki Fətəliyev, III mürid – Arzuman Tanrıverdi, IV mürid – Samir Əliyev, Carçı – Fərid Vəliyev, Rəqqasə - Güney Əliyeva öz rollarını peşəkarlıqla ifa edirlər.
Bəstəkar Çingiz Xəlilovun musiqi tərtibatı ilk dəqiqədən son ana qədər səhnədə cərəyan edən hadisələrlə də vəhdət təşkil edir. İstər Nəsiminin edam səhnəsindəki, Nəsiminin xəyalında Afətlə danışdığı səhnəsində, Dərviş, müridləri və Nəsiminin Teymurləngin hüzuruna gətirilən səhnələr də öz ecazkarlığı ilə diqqət çəkir.
İftixarın "Haqq mənəm” tamaşası Əmir Teymurun Nəsimini bağışlaması ilə bitir. Teymurləngin onun bağışlanmamasını istəyən əyanlarıa cavab verir: "Tarixdə mənin fatehliyimdən yazılsa da, ancaq Nəsiminin adı daim yaşayacaq və tarixdə qalacaq. Beləliklə, "Haqq mənəm” tamaşası nəsimiçiliyin qələbəsi ilə bitir.
Bu tamaşa Azərbaycan teatrının tarixində müvəffəqiyyətli bir əsər kimi yadda qaldı. Arzu edərdik ki, sürəkli tamaşaçı alqışı ilə qarşılanan bu əsəri yaxın gələcəkdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təmir olunmuş səhnəsində bir daha seyr edə bilək.

Məlahət Ağayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru


banner

Oxşar Xəbərlər