“İrəvan-2018” Hərəkatının təqdimat mərasimi keçirilib

Mayın
8-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq İnformasiya və Regional
Araşdırmalar İctimai Birliyi universitetin müəllim və tələbələri ilə müzakirə
xarakterli görüş keçirib.
Tələbələrə
"İrəvan-2018” Hərəkatı haqqında ətraflı məlumat vermək məqsədi daşıyan görüşdə
İctimai Birliyin sədri Zaur Qəriboğlu birliyin fəaliyyət istiqamətləri, eyni
zamanda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində görülən
işlər barədə ətraflı məlumat verib. O, 2016-cı ildə "İrəvan-2018” Hərəkatının təsis
olunduğunu və informasiya məkanında düşmənə qarşı aktiv mübarizə aparıldığını
da vurğulayıb. Dünya ictimaiyyətinin Qarabağın Azərbaycanın əzəli torpağı
olması haqqında yetərli məlumata sahib olmadığını deyən Z.Qəriboğlu bəzi dairələrin
Azərbaycana qarşı tutduğu qərəzli mövqeyin qarşısının alınması üçün informasiya
müharibəsində iştirakın əhəmiyyətini diqqətə çatdırıb.
Müasir
dövrdə informasiyanın gücünün ən yüksək texnologiyalarla hazırlanmış silahdan
daha güclü olduğunu qeyd edən Müharibə Veteranı Qadınlarına Sosial Yardım
İctimai Birliyinin sədri Radə Abbas isə Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasının vacibliyini söyləyib.
Görüş
müzakirələrlə sona yetib.
