• cümə, 29 Mart, 10:39
  • Baku Bakı 5°C

“İrəli” “Şəxsi inkişaf akademiyası”nın təqdimatını keçirib

25.11.14 13:27 1685
“İrəli” “Şəxsi inkişaf akademiyası”nın təqdimatını keçirib
Ötən gün “İrəli” İctimai Birliyi Sabunçu rayonundakı “Gənclər evi”ndə Prezident Yanında Gənclər Fondu ilə birlikdə reallaşdırdığı “Şəxsi inkişaf akademiyası” layihəsinin təqdimatını keçirib. Təqdimat mərasimində “İrəli” İB-nin sədri Mirhəsən Seyidov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi QHT əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır. O, “İrəli”nin fəaliyyət göstərməsini Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirib: “İrəli”nin gənclər sektorunun inkişafına təkan verməsi bu sahənin inkişafının zəruriliyini aşkara çıxarır. Bu sahənin nəzəri və praktiki inkişafına nail olmaq məqsədilə “İrəli” İB gənclərin maarifləndirilməsini davam etdirir. Prezident yanında Gənclər Fondu qarşısında biz bir neçə müddət bundan öncə “İrəli” İB-nin nəzdində fəaliyyət göstərəcək yeni nümayəndəlik və koordinatorluqlar üçün “Şəxsi inkişaf akademiyası”nın yaradılması haqqında təşəbbüslə çıxış etdik. “Şəxsi inkişaf akademiyası” “İrəli”nin nəzdində fəaliyyət göstərəcək 10 region və 11 universitet nümayəndəliyi ilə birlikdə öz fəaliyyətinə bu gündən start verir. Akademiya region və paytaxt gənclərinin inkişafına sistemli yanaşmanı əsas tutan təlim essiyalarını əhatə edəcək. Məqsəd kordinatorluqlarda fəaliyyət göstərəcək gənclərin idarəetmə bacarıqlarının, intellektual və yaradıcılıq qabiliyyətlərinin artırılmasıdır. “Şəxsi inkişaf akademiyası”nın təqdimat mərasimindən sonra gənclər üçün nəzəri-praktiki təlimlər keçiriləcək. Gənclərin bir araya gəldiyi koordinatorluq və nümayəndəliklərin 6 aylıq fəaliyyət planı hər kəsə çatdırılacaq. Ölkə gənclərinin layiqli vətəndaş kimi formalaşması, düzgün peşə seçməsi, peşəkar mütəxəssis kimi yetişməsi ölkədə aparılan gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin reallaşmasında Prezident Yanında Gənclər Fondunun da özünəməxsus rolu var”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev təqdimatında iştirak etdiyi layihənin gənclər üçün böyük ictimai əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, bu layihə, cari ay ərzində “İrəli”nin həyata keçirdiyi ikinci böyük layihədir: “Layihənin əhəmiyyətinə gəlincə, hazırda ölkədə müxtəlif sahələrdə inkişaf diqqət çəkir. Gənclər də bu inkişaf tempi ilə ayaqlaşmaq üçün öz üzərlərində işləməli, şəxsi inkişaflarına diqqət göstərilməlidirlər. Bu baxımdan Gənclər Fondu “İrəli”nin yeni layihəsinə dəstək verib. Ümid edirəm ki, layihədə iştirak edən gənclər bundan bəhrələnəcək, verilən məlumatlardan səmərəli istifadə edəcəklər. Yeni koordinatorların formalaşmasına, onların inkişaf etməsinə bu layihə müsbət təsir edəcək və biz gələcəkdə “İrəli”ni Azərbaycanın bir çox rayonlarında koordinatoru olan gənclər təşkilatı kimi görəcəyik”.
Prezident Yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov təmsil etdiyi qurumun artıq 3 ildir ki, fəaliyyət göstərdiyini, gənclərin və onların üzv olduğu təşkilatların layihələrini maliyyələşdirdiyini bildirib. Qeyd edib ki, ötən illər ərzində Fond 6 qrant müsabiqəsi həyata keçirib, bu müsabiqələr nəticəsində isə 1500-dən çox layihə maliyyələşdirilib: “Son qrant müsabiqəsi keçirildikdən sonra yeni layihələrin qiymətləndirilməsi prosesi gedəcək. Yaxın zamanlarda həm gənclər təşkilatları, həm də gənclər öz layihələrinin qalib olub-olmaması barədə məlumatları alacaqlar. Gənclər Fondu ölkə gənclərinə əlavə dəstəyin yaradılması məqsədilə 2011-ci ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təsis edilib. Biz də öz fəaliyyətimizdə maksimum çalışırıq ki, gənclərə şərait yaradaq, açıq formada fəaliyyət göstərən fonda onların müraciəti daha da çoxalsın, onların yeni-yeni layihələrini qəbul edək və maliyyələşdirək. Belə gənclər təşkilatları arasında “İrəli”ni xüsusi qeyd etmək istəyirəm. Ötən illər ərzində bu ictimai birlik bizimlə sıx əməkdaşlıq edib, onların bir sıra layihələri qalib gəlib və maliyyə dəstəyi alaraq uğurla həyata keçirilib. Hazırda təqdimatı keçirilən layihə də qalib layihələr arasındadır. Biz bu layihəni kifayət qədər aktual, ölkə üçün, gənclərimiz üçün faydalı hesab edirik. Ümid edirik ki, “İrəli” gələcəkdə də bu cür maraqlı layihələrlə yenə də Fonda müraciət edəcəkdir”.
Təqdimat mərasimində “Gənclər evi”nin direktoru Ramiz Məmmədov, millət vəkili Fuad Muradov da çıxış edərək yeni layihə, həmçinin ölkədə həyata keçirilən gənclər siyasəti barədə fikirlərini bölüşüblər.
Çıxışlardan sonra “İrəli” İB-nin katibi Malik Bağırov təmsil etdiyi birliyin təqdimatını keçirib.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər