• cümə, 29 Mart, 14:05
  • Baku Bakı 14°C

“İrəli” hesabat verdi

24.12.14 18:00 1118
“İrəli” hesabat verdi
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın ən böyük gənclər təşkilatlarından sayılan “İrəli” İctimai Birliyinin təsis edilməsinin 6 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Birliyin sədri Mirhəsən Seyidov çıxış edərək, rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib. Qeyd edib ki, “İrəli” 24 dekabr 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaradılıb. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi gənclərin maraq çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək, həmin gənclərin fərdi inkişafına töhfə verməkdən ibarətdir. M.Seyidov “İrəli”nin fəaliyyətinin Azərbaycanın bütün rayon və şəhərlərini əhatə elədiyini, ölkəmizi beynəlxalq tədbirlərdə uğurla təmsil etdiyini diqqətə çatdıraraq, təşkilatın Azərbaycan daxilində ən müxtəlif layihələr reallaşdırmaqla dövlət, özəl, biznes və media qurumları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, “İrəli” əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində Azərbaycan gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan təşkilatdır: “Bizim ictimai birlik düz altı il bundan öncə cənab Prezident İlham Əliyevin doğum günündə təsis edilib. “İrəli” İctimai Birliyi bugünkü tədbirlə həm öz yubileyini, həm də ölkə başçısının ad gününü qeyd edir. Bu məqsədlə birlik adından dövlət başçısına təbrik məktubu da ünvanlamışıq. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında bir çox məqamlara toxunmaq olar. Ancaq mən xüsusilə bir məqamı qeyd etmək istərdim ki, Azərbaycanda gənclər siyasətindən danışarkən ümummilli lider Heydər Əliyevin bu sahədəki əvəzsiz rolunu diqqətə çatdırmalıyıq. Bu gün bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricilərindən biri də “İrəli”nin mövcudluğu, onun fəaliyyətidir. Dövlət gənclər siyasəti istiqamətində reallaşdırılan tədbirlərin, atılan addımların bir çoxunda “İrəli” yaxından iştirak edir. Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gənclər arasında maarifləndirmə işlərinin aparılması, gənclərin qərar qəbuletmə prosesində iştirakı, region gənclərinin aktivliyinin artırılması və sair işlərdə gənclərimiz aktivlik nümayiş etdirirlər. “İrəli” bu istiqamətdə fəaliyyətini 2015-ci ildə daha geniş miqyasda davam etdirməyi planlaşdırır. Sonda onu da əlavə edim ki, biz bu gün doğum günümüzü sadə bir təqdimatla yekunlaşdırmağı, sabah (bu gün-red.) isə cəbhə xəttində əsgərlərimizlə birlikdə daha geniş şəkildə qeyd etməyi, doğum günü tortumuzu onlarla birgə kəsməyi düşünürük”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev “İrəli”nin 6 yaşı olmasına baxmayaraq, qısa müddətdə Azərbaycan gənclik hərəkatında, cəmiyyətdə sayılıb-seçilən nüfuzlu təşkilatlardan birinə çevrildiyini söyləyib. Qeyd edib ki, təşkilatın son illər həyata keçirdiyi layihələr “İrəli”nin tükənməz ideya və yaradıcılıq mənbəyinə sahib olduğunu ortaya qoyub: “Bir-birindən maraqlı layihələrə imza atması “İrəli”yə üzv olan gənclərin sayını artırmaqdadır. Bu gün ölkədə həyata keçirilən dövlət gənclər siyasətində nazirlik olaraq bir çox dövlət qurumları, QHT-lərlə əməkdaşlıq edirik. Onlar arasında zəngin potensiallı gəncləri öz ətrafında birləşdirən “İrəli” İctimai Birliyi də var. Bu gün elə Avropa ölkələri var ki, orada ölkə gənclərinin 4 faizinin ictimai fəal olması böyük uğur kimi dəyərləndirilir. “İrəli” kimi təşkilatların həyata keçirdiyi layihələri, gördüyü işləri müşahidə etdikcə, Azərbaycanda bu faiz göstəricisinin daha yüksək olduğunu anlamaq o qədər də çətin olmur. Biz hədəf qoymamışıq ki, gənclər mütləq hansısa təşkilatların üzvləri olsunlar. Əsas odur ki, hər bir gəncimiz Vətəninə sadiq olsun, hər bir gənc öz üzərində çalışsın və seçdiyi sahədə peşəkar kimi formalaşsın. Bu baxımdan gənclərin ictimai sektorda fəal olması ölkəmiz üçün əhəmiyyətlidir”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Azərbaycanda dövlət gənclər siyasətinin yüksək səviyyədə olduğunu, bu istiqamətdə sadəcə dövlət qurumlarının deyil, ictimai təşkilatların da müxtəlif layihələr həyata keçirdiyini, çoxsaylı təşəbbüslərlə çıxış etdiklərini dilə gətirib. O, hazırda Azərbaycanda təxminən 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini xatırladaraq, gördüyü işlərə görə onlar arasında “İrəli”nin özünəməxsus yerinin olduğunu vurğulayıb. Qeyd edib ki, sözügedən təşkilatın cəmiyyət, o cümlədən gənclər arasında böyük nüfuzu var.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan dövlətinin, ulu öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə daim diqqət və qayğı ilə yanaşdığını bildirib. Deyib ki, heç bir gənc, heç bir vətəndaş bu siyasətdən, diqqət və qayğıdan kənarda qalmır. O, “İrəli”ni təsis edilməsinin 6 ili münasibətilə təbrik edərək, gənclərin həyata keçirdiyi bir sıra layihələrdən danışıb. Fond rəhbəri ölkədəki inkişafdan da söhbət açaraq, artıq Azərbaycanın tarixi yaşayan dövlətdən tarix yaradan dövlətə çevrildiyini bildirib.
Tədbirdə “İrəli” İctimai Birliyinin 6 aylıq hesabatını əks etdirən video çarx izlənilib, ardınca təşkilatın yeni “Loqo”, “Brendbook” və “İreli.az” saytının təqdimatı keçirilib.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər