AZE | RUS | ENG |

İranlılar Bakıdakı evlərini satırlar

İranlılar Bakıdakı evlərini satırlar
Özümüzünkülər isə daha çox Türkiyə və Avropaya yatırım qoyur

Azərbaycanda daşınmaz əmlak alan əcnəbilərin sayı azalıb. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il 1300-ə yaxın əcnəbi ölkəmizdə ev alıb. Amma bu rəqəm ötən illərə nisbətdə təxminən 10 dəfəyə qədər azdır.

Əcnəbilərin Azərbaycanda ev almağa marağı itib
"MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda digər ölkə vətəndaşlarına nisbətdə daha çox ev alan iranlılar artıq bu sahədə aktiv deyillər:
“İran vətəndaşları 2007-2010-cu illər ərzində daha çox alqı-satqı əməliyyatları həyata keçirirlər. 2011-ci ildən başlayaraq iranlıların Azərbaycanda ev almağa marağı itdi. İndi sözügedən ölkənin vətəndaşları Azərbaycandakı evlərini satmağa daha çox həvəslidirlər. Hətta elə İran vətəndaşları var ki, 3-4 mülkü var”.

N.İbrahimov bunu İrandakı mövcud durumla əlaqələndirdi: “Əvvəllər iranlılar ölkələrindəki siyasi durumla bağlı, müharibə olacağı təhlükəsindən qorxaraq Azərbaycanda ev almağa üstünlük verirdilər. İndi güman edirəm ki, İrandakı yenə son siyasi durumlar iranlıları digər ölkələrdəki, həmçinin Azərbaycandakı evlərini satmağa məcbur edir. Ehtiyacları olduğundan mülklərini satıb bizneslərini inkişaf etdirməyə yönəldirlər”.

Əcnəbilər niyə Azərbaycanı seçir?
Azərbaycanda aldıqları daşınmaz əmlakın sayına görə İrandan sonrakı yerləri Orta Asiya respublikaları, həmçinin Ukrayna və Rusiya vətəndaşları tutur. Ekspert deyir ki, Avropa ölkələrindən də çox az sayda vətəndaş Azərbaycanda mənzil alıb. Əfqanıstan və Pakistandan da daşınmaz əmlak sahəsinə yatırım qoyan az sayda vətəndaş var.

N.İbrahimovun sözlərinə görə, Rusiya vətəndaşları arasında da Azərbaycanda mənzil almağa maraq azalıb: “İndi Rusiya vətəndaşı olan azərbaycanlılar pullarını daha çox öz ölkələrinə qoymağa üstünlük verirlər. Çünki Rusiyada biznes fəaliyyətinin davamlı olacağına daha çox inanırlar”.
Əcnəbilərin Azərbaycanda ev almasının bir neçə səbəbinin olduğunu deyən ekspert bildirdi ki, ölkəmizdən ev alanlar ilk növbədə buraya investisiya məqsədi ilə gələn əcnəbilərdir: “Azərbaycanda hansısa sahəyə investisiya qoyan, yaxud buradakı hansısa şirkətdə işləyən əcnəbilər kirayədə qalmaqdansa öz evlərinin olmasına üstünlük verirlər. Yaxud bəzi əcnəbilər burada azərbaycanlı qızla evlənib ev alırlar. Bir də yaşamaq üçün Azərbaycanı seçən vətəndaşlar var”.

Xaricilər Nəsimi və Nərimanovdan ev alırlar
N.İbrahimov deyir ki, rəsmi səviyyədə Ermənistan və İran vətəndaşlarının Azərbaycandan ev alması məqbul sayılmır: “Ermənistan vətəndaşlarının ev almasına qadağa məlum səbəbdəndir. İran vətəndaşları ilə bağlı problem isə pul əməliyyatlarının aparılması ilə bağlıdır. Çünki Azərbaycan və İran bankları arasında pul köçürmə əməliyyatlarında problemlər var. Ancaq pulunu nəğd ödəyib ev almaq istəyən iranlıların Azərbaycanda ev almasına qadağa yoxdur”.

Əcnəbilərin Azərbaycanın hansı bölgəsində daşınmaz əmlaka maraq göstərdiyinə gəlincə, ilk yerdə Bakı durur. Sonrakı yeri Gəncə, Mingəçevir, Şəmkir, Lənkəran, Sumqayıt və digər böyük şəhərlər tutur. Amma sözügedən şəhərlərdə ev alan əcnəbilər barmaqla sayılacaq qədərdir. Xaricilər əsasən Bakının Nəsimi, Nərimanov rayonlarındakı hündürmərtəbəli binalardakı mənzillərə üstünlük verirlər.

İstanbula vətəndaşlarımızın marağı daha çoxdur
Ekspert əcnəbilərin Azərbaycandan ev almasının bir sıra müsbət tərəflərinin olduğunu dedi: “İlk növbədə bu, ölkəyə qoyulan investisiyadır. İkinci tərəfdən isə, Azərbaycana digər mədəniyyətlərin, ənənələrin gətirilməsidir ki, cəmiyyətimiz bunların içərisindən müsbət nələrisə götürə bilir”.

Azərbaycanlıların daha çox hansı ölkələrdə daşınmaz əmlak aldığına gəlincə, müsahibimiz bunun Türkiyə olduğunu dedi. Bildirdi ki, Türkiyədə əcnəbilərin əmlak almasına qadağa aradan qalxdıqdan sonra əmlak alanlar sırasında ölkəmizin vətəndaşları birinci yerdədir. Ekspertlərin fikrincə, Türkiyə sözügedən qadağanı götürdükdən sonra təxminən 20 milyard dollar gəlir əldə edəcək. Bunun da böyük bir hissəsinin azərbaycanlılar tərəfindən qoyulacağı gözlənilir. Qeyd edək ki, Türkiyədə kurort zonalarında 2-3 otaqlı mənzilin qiyməti 25-30 min avroya bərabərdir. Azərbaycan vətəndaşları da məhz kurort zonaları və İstanbuldan ev almağa üstünlük verirlər.

Avropada mənzil almaq Bakıdan ucuz başa gəlir
N.İbrahimov Türkiyədən sonra Azərbaycan alıcısı üçün maraqlı ölkələrin Avropa və Dubay olduğunu dedi. Avropa ölkələrindən isə vətəndaşlarımız daha çox İngiltərəyə üstünlük verirlər.

Banker.az saytının məlumatına görə, indi Avropadan ev almaq daha da asanlaşıb. Buna səbəb Avropadakı maliyyə böhranıdır. Avropa üzrə orta işsizlik göstəricisi artıq 10 faizə çatmışdır. Amma ayrı-ayrı ölkələrdə vəziyyət daha da pisdir, məsələn, Yunanıstanda artıq 23 faiz vətəndaş işsiz qalıb, İspaniyada isə bu rəqəm daha böyük 25 faizdir. Bu da o deməkdir ki, sözügedən ölkələrdə evlər də münasib qiymətədir. Məsələn, İspaniyada azmərtəbəli yeni tikili binalarda sahəsi 60 kvadrat metr olan təmirli və mebellə təchiz edilmiş mənzili 60 min avroya almaq mümkündür. Buna pulu çatmayanlar isə Almaniyanın böyük və mənzərəli şəhərlərindən 8-10 min avroya mənzil ala bilərlər.

N.İbrahimov deyir ki, azərbaycanlıların başqa ölkələrdən ev almasının müsbət tərəfi ilə yanaşı mənfi tərəfi də var: “Müsbət tərəfi budur ki, Azərbaycan təbliğ edilir, bu da ölkəmizin daha çox tanınmasına gətirib çıxarır. Mənfi tərəfi isə budur ki, Azərbaycandan pul çıxır”.

Lalə Musaqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000