• şənbə, 20 Aprel, 14:17
  • Baku Bakı 23°C

“İranla Qərbin anlaşması Azərbaycanın da maraqlarına uyğundur”

16.07.15 11:43 2355
“İranla Qərbin anlaşması Azərbaycanın da maraqlarına uyğundur”
Natiq Miri hesab edir ki, bu razılıq fonunda Dağlıq Qarabağ probleminin çözülməsi yönündə danışıqlar daha da intensiv xarakter ala bilər

Dünyanın lider dövlətləri hesab olunan “altılıq” ölkələri ilə İran arasında xeyli vaxtdır gözlənilən anlaşma nəhayət ki, baş tutub. Mart ayının 26-dan başlayan nüvə danışıqları hər iki tərəfin maraqlarına uyğun formada yekunlaşıb və bu sənəd kifayət qədər uğurlu saziş hesab olunur. Razılaşmanın şərtlərinə əsasən, İran nüvə proqramı ilə bağlı anlaşmanı pozacağı təqdirdə, ona tətbiq olunan sanksiyalar 65 gün ərzində bərpa olunacaq. Bundan əlavə, sənəddə 5 il müddətinə embarqonun saxlanılması və İranın 8 il müddətində ballistik proqramı reallaşdırmasına qadağa da nəzərdə tutulur. Onu da deyək ki, ABŞ-la müttəfiq dövlətlərdən olan İsrail bu anlaşmaya kəskin etiraz edib və bu halda İranın yeni fürsətlər əldə edəcəyini bildirib. Belə sənədin qəbulunun Rusiyanın da maraqlarına zidd olduğu məlum məsələdir.
Qərblə İran arasında əldə olunan razılaşmanın dünya siyasi arenasına, eləcə də regiona nə vəd etməsi haqda “Kaspi”nin suallarını politoloq Natiq Miri cavablandırır.
- Qərblə İran arasında əldə olunan anlaşmanı tarixi hadisə hesab edirlər. Belə fikirlərlə razısınızmı?

- Bəli, həqiqətən də bu sazişi tarixi sənəd hesab etmək olar. Bu haqda düşünərkən adama elə gəlir ki, sanki dünyanın üzərindən qlobal faciə, savaş təhlükəsi götürülüb. Müharibənin gətirdiyi acı nəticələr haqda çox danışmaq istəmirəm, hamı onun hansı bəlalara səbəb olduğunu bilir. Elə bu razılaşma da ən çox bu məqama görə müsbət qiymətləndirilir. İranın nüvə ehtiyatlarını artırması birmənalı qarşılanmır və narahatlıq yaradır. Bilirsiniz ki, ABŞ və onun müttəfiqləri, dünya gücləri hesab olunan dövlətlər heç bir vəchlə İranın nüvə silahına malik olmasını istəmirlər. İranın onlarla hesablaşmaması, anlaşmaya razı olmaması ümumi vəziyyəti gərginlikdə saxlayırdı. Belə gedişat isə gələcək üçün ciddi narahatlıq yaradırdı və gələcəkdə böyük bir savaşın baş verməsi ehtimalı çox böyük idi. Təbii ki, müharibə aparmaq heç bir dövlətə sərf etmir və bunun çox ciddi iqtisadi fəsadları ortaya çıxır. Bizim üçün ən pisi də o idi ki, belə savaş təkcə İranla məhdudlaşmayacaqdı. Onun bizim regiona çox ciddi təsiri olacaqdı ki, bu nə bizə, nə də digər region dövlətlərinə sərf edir. Bu baxımdan dünyanın üzərindən belə bir qlobal təhlükənin götürülməsini tarixi hadisə hesab etmək olar.
- Bu anlaşmanın dünyadakı proseslərə nə kimi təsiri ola bilər?

- Təbii ki, bu cür saziş müxtəlif məsələlərdə öz təsirini göstərəcək. İstər Qərb, istər İran, istərsə də digər regionlarda zaman-zaman bunun nəticəsini görəcəyik. Düşünürəm ki, bu anlaşma Yaxın Şərqdə gedən xoşagəlməz proseslərə də təsir edəcək. Suriyadan tutmuş İraqa qədər müəyyən dəyişikliyə şahid ola bilərik. Ola bilsin, gələcəkdə İŞİD terror qruplaşması məsələsi də bitirilsin. Bizim üçün əsas odur ki, regionumuzda mövcud olan savaş təhlükəsi yeni bir əməkdaşlıq mühiti ilə əvəzlənir. Regiona sülhün gəlməsi, əməkdaşlığın artırılması həm bölgə, həm də bütövlükdə dünya üçün qazanc sayıla bilər. Bunun sırf Azərbaycana da müəyyən qədər təsiri ola bilər. Bilirsiniz ki, İran çox böyük neft və qaz ehtiyatlarına malik bir ölkədir. Bundan əlavə, bu anlaşma Ermənistanın da maraqlarına uyğun gələ bilər. Çünki Ermənistana gedən Qərb ekspertləri o ölkənin rəhbərliyinə İranla yaxşı münasibətlər qurmağı tapşırırdılar. Bunu belə bir mesaj kimi anlamaq olar ki, Ermənistan gələcəkdə Qərb-İran anlaşması fonunda Avropaya körpü rolunu oynaya bilər. Bilirsiniz ki, bu gün İrandan Ermənistana hər hansı bir kommunikasiya xətləri yoxdur. Onun çəkilməsi perspektivi var. İran Ermənistana dəmiryolunun çəkilməsini istəyir. Ancaq bu, çox ciddi çətinlikləri olan məsələdir. Məlumdur ki, Ermənistan heç bir müstəqilliyi olmayan ölkədir və Rusiyanın bir ərazisi, əyaləti kimi yaşayır. Məhz bu məqam İran-Ermənistan dəmiryol xəttinin çəkilməsinin qarşısını alır. Çünki belə plan Rusiyanın geosiyasi maraqlarına xidmət etmir. Buna görə də Ermənistan bu yöndə konkret qərar verməkdə çətinlik çəkir. Ola bilsin ki, Qərb İranın təbii ehtiyatlarını Ermənistan vasitəsilə daşımaq istəsin. İran neft və qazı İrandan Ermənistana, oradan Gürcüstan sərhədinə gətirilə, oradan da Qara dəniz vasitəsi ilə Avropaya daşına bilər. Ancaq bunun üçün Meğridən 100 km-dən artıq bir yeni tunelin çəkilməsinə ehtiyac var. Bu da məsrəfli məsələdir. Ona görə də ən yaxşısı, neft və qazın Avropaya Azərbaycan üzərindən nəqlidir. Bunun üçün isə Ermənistan mütləq Dağlıq Qarabağ mövzusunda mövqeyini yumşaltmalı, Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Əməkdaşlıq yalnız belə şərtlərlə mümkündür. Ona görə düşünürəm ki, bəlkə də, bu anlaşma fonunda Dağlıq Qarabağ məsələsinin də çözülməsi yönündə danışıqlar daha da intensiv xarakter ala bilər. Əslində bu məsələlər Ermənistanın özü üçün də faydalıdır və gələcəyinə qoyulmuş bir siyasi sərmayə olar. Hazırda onların maliyyə sərmayəsi ilə yanaşı, siyasi sərmayəyə də ehtiyacları çoxdur və layihə strateji əhəmiyyət daşıya bilər. Əgər Ermənistan bu mümkün fürsətdən yararlana bilməsə, yaxın 10-20 il ərzində aqibəti çox acınacaqlı olacaq. Qərb ekspertləri də Ermənistanı bu yöndə xəbərdar ediblər. Buna görə də düşünürəm ki, Qərb-İran anlaşması həm qlobal, həm də regional müstəvidə öz təsirini göstərəcək.
- Bəs dedikləriniz reallaşarsa, İran-Rusiya münasibətlərinin gələcəyi hansı səviyyədə olar?

- Əslində İranın heç bir zaman Rusiya ilə münasibətlərinə xələl gətirməyəcəyini düşünürəm. Nəzərə almaq lazımdır ki, Rusiya bütün zamanlarda Qərblə münaqişədə olub və hər zaman İranla müttəfiq dövlət kimi çıxış edib. İranın birdən-birə Rusiyadan üz çevirməsi real deyil. Amma bir dövlət kimi onun da öz maraqları var. Üstəlik, Rusiya İran üçün çox ciddi mənada silah bazarıdır. Həm də müasir raketlərin alınması yönündə əməkdaşlıqları var və İrana bu silahları satan yeganə müttəfiq ölkə Rusiyadır. Onlar bir yerdə Qərbə dirəniş göstəriblər. Həmçinin Rusiya ilə enerji məsələlərində də ortaq maraqları var ki, İran heç bir vəchlə bu maraqları gözardı edə bilməz. Bundan əlavə, Rusiya İranı regionda böyük bir ölkə kimi tanıyır, onunla əməkdaşlıqda maraqlıdır. Ona görə də bu anlaşmanın Rusiya-İran əməkdaşlığına mənfi təsir edəcəyini, münasibətləri korlayacağını düşünmürəm.
- Bu saziş Rusiyanın ümumi durumuna necə təsir edə bilər? Belə fikirlər var ki, razılaşmalar Rusiyanın sıradan çıxarılmasına hesablanıb.

- Bu məsələnin Rusiya iqtisadiyyatının çökdürülməsinə hesablandığı haqda deyilənlər həqiqətə bənzəyir. Hazırda Qərb bazarı enerji daşıyıcıları baxımından Rusiyadan asılıdır. Orada Rusiyanın dövlət şirkəti olan “Qazprom” dominantlıq edir. Ancaq Qərb getdikcə Rusiya qazından asılılığı azaltmağa çalışır. Rusiyaya qarşı qəbul olunan sanksiyalar da bu yöndə atılan addımlardandır. Şübhəsiz ki, İranın neft və qazı Avropa bazarına çıxdıqdan sonra Rusiyanın imkanları məhdudlaşacaq. Bu da Rusiyanın büdcəsi, iqtisadiyyatı üçün çox ciddi problemlər yaradacaq. Ona görə də Rusiya bu anlaşmanın əldə olunmasında maraqlı deyildi. Fikir verdinizsə, Rusiya dəfələrlə İrana bir neçə təklif irəli sürdü, amma İran öz dövlət marağını üstün tutdu. Rusiyanın İrana S-300 raketlərini verəcəyi haqda açıqlama da məhz bu prosesi pozmağa hesablanmışdı. Rusiya bu yolla İranla Qərb arasında müəyyən anlaşılmazlıq və ziddiyyət yaratmaq istəsə də, planı baş tutmadı. Gördüyünüz kimi, İran öz maraqlarını hər şeydən üstün tutdu və bu anlaşmaya varıldı. Bu gedişatdan zərər çəkən ölkə olsa, o, yalnız Rusiya olacaq.
- İsrail də ABŞ-ın İranla yaxınlaşmasından narazıdır və buna etirazını da açıqlayıb. Sizcə, Təl-Əviv bu prosesin qarşısını ala bilərmi?
- Bəli, Təl-Əviv artıq öz narahatlığını ABŞ-a çatdırıb. Ancaq ABŞ da müəyyən əsaslarla onları sakitləşdirməyə çalışıb. Amma İsrailin bu məqamlarla qane olacağını düşünmürəm. Çünki bu dövlət düşünür ki, belə razılaşma İranın yaxın Şərqdə nüfuzunun və təsir imkanlarının daha da artmasına səbəb olacaq. Məlumdur ki, İran bu regionda terroru dəstəkləyən və silahla təmin edən dövlət hesab edilir. İsrailin bu yöndə olan narahatlıqlarını anlamaq mümkündür. Məncə, sözügedən dövlət təkcə öz etirazlarını bildirməklə kifayətlənməyəcək. Onun ABŞ-da çox ciddi imkanları və güclü lobbisi var. İsrail ən azından bu sənədin Konqresdən keçməməsi üçün çalışacaq və lobbisinə bu yöndə çox ciddi tapşırıq verəcək. Ona görə də düşünürəm ki, sənədin parlamentdən keçməsi o qədər də asan məsələ olmayacaq. Demokratların bu yöndə bütün güclərini səfərbər etmələrinə baxmayaraq, işləri çətin olacaq. Orada respublikaçıların çoxluğunu da nəzərə alsaq, onun ratifikasiyası Obamaya çətinlik yaradacaq.
- Bəs İranın region dövləti kimi mövqeyinin güclənməsi Azərbaycan və Türkiyə üçün hansısa problem yarada bilərmi?

- Bu gün bəzi dünya dövlətlərində, xüsusilə də İsrail və ərəb ölkələrində bu anlaşma ilə bağlı narahatlıqlar çoxdur. Demək olar ki, əksəriyyət bu yolla terrora dəstək verildiyini düşünür. İranın bundan sonra terrorçuları silah və maliyyə ilə təmin edə biləcəyi çoxunun ürəyincə olmayan məqamdır. O, istər-istəməz Suriya rejimini asanlıqla dəstəkləyə biləcək. Oradakı müəyyən qüvvələri də silahla təmin edəcəyi şübhə doğurmur. Düşünürəm ki, bu anlaşma təkcə nüvə məsələsi ilə məhdudlaşmayacaq və daha böyük sferanı əhatə edəcək. Gələcəkdə xüsusilə ticarət anlaşmaları müzakirə mövzusu ola bilər. Bu isə yeni biznes müqavilələrinə yol açacaq. Düşünürəm ki, bu, İran bazarının üzünə yenidən Qərb dünyası qapılarının açılması olacaq. Artıq bu yöndə konkret çıxışlar da var. Bu günlərdə Almaniyanın xarici işlər naziri çox yaxın zamanlarda İrana səfər edəcəyini bildirib. Hesab edirəm ki, siyahı onun adı ilə bitməyəcək və digər Avropa dövlətləri də bu mövzunu davam etdirəcəklər. Məncə, daha sonra Fransa, İngiltərə və hətta ABŞ özü də bu siyahıya qatılacaq, İranla çox ciddi iqtisadi planlar həyata keçiriləcək. Təbii ki, bu ölkələrin böyük şirkətləri İran bazarında özünə yer tutmağa çalışacaq. Belə ticarət əlaqələri, əməkdaşlıqlar möhkəmləndikcə, bu regionun təhlükəsizliyinə təminat da artacaq. Bundan əlavə, regionun daha da inkişaf etməsinə əlavə bir stimul yaranacaq. İranın Qərb dünyası ilə bu cür münasibətdə olması düşünürəm ki, heç də Türkiyə və Azərbaycanın maraqlarına zidd bir davranış deyil. Əksinə, əgər Qərb dünyası bu regionun bazarlarına maraq göstərəcəksə, təbii ki, Azərbaycan da bundan yararlanacaq. Regionda yeni azad ticarət zonası yaradılarsa, bu, həm biz, həm də Türkiyə üçün faydalı olacaq. Ümumiyyətlə, belə mühitdən fayda götürmək lazımdır. Regionda sülhün bərqərar olması yaxın zamanlarda Azərbaycanın əsas problemi olan Qarabağ münaqişəsinin həllinə də yol aça bilər. Bu mənada düşünürəm ki, bu anlaşma Azərbaycanın da maraqlarına uyğundur.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər