İranla müharibə başlasa…

İranla müharibə başlasa…

Müsahibə
02 Oktyabr 2012, 15:40 1652
Bu yaxınlarda “Reuters” agentliyi İrana hücum zamanı İsrailin Azərbaycanın köməyindən istifadə edəcəyi barədə xəbər yayıb. Məlumatda bildirilib ki, İsrail və Azərbaycan tərəfi rəsmi olaraq belə bir iddianı təkzib etsələr də, Azərbaycan ordusunun iki sabiq hərbçisi və Rusiya kəşfiyyatından iki mənbə Azərbaycanla İsrailin belə bir məsələni müzakirə etdiklərini söyləyiblər. Agentlik daha sonra Qərb hökumətlərinin və enerji şirkətlərinin müttəfiqi olan Azərbaycanı yəhudi dövlətinin nadir müsəlman dostlarından biri kimi də qələmə verib. İsrail və Azərbaycan arasında 1,6 milyard dollarlıq silah sövdələşməsini, İsrailin pilotsuz kəşfiyyat təyyarələrinin birgə istehsalını, yəhudi dövlətinin Xəzər neftinə marağını və sair amilləri nəzərə alaraq, Tehrana hücum ərəfəsində Bakının Tel-Əvivə dəstək verəcəyini bildirib. Yayılan son məlumat, eləcə də İran ətrafında cərəyan edən digər proseslər barədə “Kaspi”nin suallarını politoloq Fikrət Sadıqov cavablandırır.
- Fikrət müəllim, ilk öncə “Reuters” də yayılan sonm məlumatla bağlı Sizin fikirlərinizi öyrənmək istərdik.
- Siyasətdə müəyyən reallıqlar var. Əgər biz hər hansı bir ölkə ilə münaqişə vəziyyətindəyiksə, təbii olaraq silahlanmalıyıq, hərbi potensialımız artmalıdır. Faktiki olaraq, ölkəmizin 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Azərbaycan rəsmiləri dəfələrlə bəyan edib ki, bu işğal sonsuza qədər davam edə bilməz. Belə bir vəziyyətdə hər hansı informasiya agentliyi bunu özünəməxsus şəkildə çözürsə, öz bildiyi kimi şərh etmək istəyirsə, bu, onların daxili işidir. Bu öz yerində. İrana hücumda Azərbaycanın İsrailə dəstək verməsinə gəlincə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrana ola biləcək hərbi hücumda Azərbaycan meydançaya çevrilməyəcək. Azərbaycan İrana qarşı olacaq hər hansı hərbi əməliyyatın tərəfdarı deyil. Rəsmi Bakı ən yüksək tribunalardan belə bunu açıq şəkildə bəyan edib. Ona görə də agentliyin yaydığı son məlumatı həqiqətdən uzaq ehtimallar kimi dəyərləndirirəm.
- Bəzi ekspertlər iddia edir ki, ABŞ-da prezident seçkilərinin keçirilməsindən istifadə edən İsrail İranın nüvə obyektlərinə təkbaşına hücum etməyi planlaşdırır. Siz bu fikirləri necə qiymətləndirirsiniz?
- Bu fikirlərin nə dərəcədə doğru olmasını söyləmək çətindir. Amma ilkin proqnozlara görə, ABŞ-da respublikaçıların namizədi Mit Romni indiki prezident barak Obamadan daha sərtdir. Onun mətbuatda bir-birindən sərt bəyanatları səsləndirilir. Ola bilsin ki, bu, prezident seçkilərinə görədir. Lakin, yaddan çıxarmaq olmaz ki, kimliyindən asılı olmayaraq, istənilən ABŞ prezidenti üçün İranı vurmaq asan olmayacaq. Xüsusən də yaranmış indiki geosiyasi vəziyyətdə. İlk növbədə Yaxın Şərqdə cərəyan edən hadisələrin fonunda. Suriyada gərgin vəziyyət hələ də davam etməkdədir. Bundan başqa, inqilablar nəticəsində hakimiyyət dəyişikliyi baş verən ölkələrdə də sabitlik yaranmayıb. Müsəlman ölkələrində Qərbə, ən əsas da ABŞ-a qarşı mitinqlər davam etməkdədir. Belə bir şəraitdə müsəlman ölkəsi olan İranı vurmaq, sağlam düşüncəli siyasətçinin atdığı addım sayılmaz.
- Hazırda rəsmi Vaşinqtonun İran məsələsinə münasibəti necədir?
- ABŞ-ın İrana münasibəti sərt olaraq qalır. Onlar əsas üstünlüyü sanksiyalara, embarqolara verir. BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində İrana sanksiyalar tətbiq edilir. Avropa Birliyi də iyul ayından etibarən İrandan neft alınmasına embarqo qoyub. Buna görə də İran çətin və mürəkkəb vəziyyətdədir. İrana qarşı bu siyasət bundan sonra da davam edəcək. Respublikaçılar hakimiyyətə gəlsə, bəlkə də bu siyasət, daha sərt şəkildə həyata keçiriləcək. Ancaq, hələlik Qərb ölkələri, o cümlədən ABŞ İrana qarşı diplomatik yollarla, sərt siyasi və iqtisadi təzyiqlər göstərəcək. Digər tərəfdən, düşünürəm ki, əgər İran nüvə silahına sahiblənməyə yaxın olsaydı, rəsmi Vaşinqton hərbi əməliyyatlara çoxdan başlayardı. Fikrimcə, İran nüvə silahının istehsalına yaxınlaşmayıb. Bu yolda İranı böyük çətinliklər gözləyir. Xüsusən də embarqo və sanksiyalar rəsmi Tehranın bu istəyinin reallaşmasını daha da çətinləşdirəcək. ABŞ İrana qarşı belə siyasəti davamlı şəkildə yeridəcək.
- Bəs, bu situasiyada Azərbaycan hansı mövqe tutmalıdır?
- Azərbaycan artıq öz mövqeyini bildirib. Biz nüvə enerjisinin dinc xarakterli məqsədlərlə, sülhə zərər gətirmədən istifadəsinin tərəfdarıyıq. Amma nüvə silahının yaradılmasının tərəfdarı deyilik. Xüsusilə bizim qonşu ölkəmizdə belə silahların olmasını, heç arzulamırıq. Dəfələrlə bunu bəyan etmişik. Düşünürəm ki, bundan sonra da öz mövqeyimizi dəyişməyəcəyik. Azərbaycan tərəfi onu da bəyan edib ki, bu kimi məsələlər hərbi yolla həll oluna bilməz. Həmçinin, Azərbaycan heç zaman İrana qarşı meydançaya-poliqona çevrilməyəcək. Burada bir sıra məqamlar var. Biz yaxşı başa düşürük ki, burada dini amil var, İrandakı soydaşlarımız amili var. Ən nəhayət, biz İranla qonşu ölkəyik və aramızda problemlər olsa da, hər halda düşmənçilik mövqeyində dayanmırıq. Onu da anlayırıq ki, regionda hər hansı bir hərbi əməliyyat başlansa, bu, genişmiqyaslı müharibəyə çevrilə bilər. Bunun nəticəsində Azərbaycanın ərazisinə də zərər dəyə bilər. Belə bir şəraitdə İranla müharibə əhval-ruhiyyəsindən uzaq olmalıyıq və heç vaxt belə bir münaqişələrə baş qoşmamalı, aktivlik nümayiş etdirməməliyik. Çalışmalıyıq ki, müəyyən mənada neytral mövqeyimizi saxlayaq. Əgər aparıcı dövlətlər hansısa sanksiyalar, embarqolar tətbiq edirsə və bizim də bununla bağlı rəyimiz lazımdırsa, Azərbaycan buna qoşula bilər. Ancaq regionda İrana qarşı hərbi əməliyyatların başlanmasına etiraz etməliyik.
- Bir müddət əvvəl amerikalı konqresmen Deyn Rorabaher rəsmi Vaşinqtonu cənubi azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb. Hətta o, ABŞ dövlət katibi Hillari Klintona ünvanladığı məktubunda Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin dəstəklənməsinin vacibliyini bildirib. Sizcə, konqresmenin belə bir addım atmasında məqsəd nədir? Bununla ABŞ Azərbaycanın bütövlüyünü istəyir, yoxsa Bakı ilə Tehran arasındakı münasibətləri daha gərginləşdirməyə çalışır?
- Biz soydaşlarımızla bəlkə də nə vaxtsa, hansısa bir tarixi məqamda, perspektivdə birləşəcək, vahid dövlətdə yaşayacağıq. Amma bu, heç də o demək deyil ki, indiki mürəkkəb vəziyyətdə İranın daxili işlərinə müdaxilə etməliyik. İkincisi, hazırda İranda bəzi dairələrin söylədiyi kimi inqilabi vəziyyət də yoxdur. Orada soydaşlarımız hazırkı iqtidara qarşı genişmiqyaslı mübarizə aparmırlar. Bu reallıqdır və bunu yaddan çıxarmamalıyıq. Biz kimisə dəstəkləyə bilərik. Lakin orada heç kəs ciddi mübarizə aparmırsa, yaxud o mübarizə kütləvi xarakter daşımırsa, biz niyə başqa ölkənin daxili işlərinə müdaxilə etməliyik? Onsuz da bizim kifayət qədər problemlərimiz var. Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla 20 faiz ərazilərimizin ermənilər tərəfindən işğalı buna sübutdur. Azərbaycan siyasiləri, eləcə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin hərblə deyil, sülh yolu ilə tənzimlənməsi istiqamətində fəaliyyət göstərirlər. Belə bir vəziyyətdə ikinci qonşu ölkə ilə münaqişə həddində yaşamaq Azərbaycana fayda verməz. Nəhayət, üçüncü məqam. Əgər bu konqresmen Azərbaycanın və azərbaycanlıların qayğısına belə qalırdısa, o, Cənubi Azərbaycan məsələsini çoxdan qaldırmalı idi. Bunun üçün İran probleminin gündəmə gəlməsini gözləmək lazım deyildi. “İran vurulsun naminə birləşmək” şüarı bizə yaraşmaz. Biz bu şüarı qəbul etməməliyik. Çünki bu şüar indiki siyasi reallıqlardan tamamilə uzaqdır.
- Son olaraq, ABŞ və İsrailin İranla münasibətlərinin hansı istiqamətə yön alacağı barədə proqnozlarınızı bilmək istərdik.
- Bu, çox mürəkkəb sualdır. Təbii ki, İsrail İranda nüvə silahın əldə olunmasından olduqca narahatdır. Çünki ilk növbədə İran İsraili hədələyir. Dəfələrlə rəsmi Tehran deyib ki, İsrail kimi dövlət xəritədən silinməlidir. Bu heç də o demək deyil ki, İsrail yaxın gələcəkdə İranı bombalayacaq. Amma o da məlumdur ki, İsrail tək deyil, onun əsas müttəfiqi Amerikadır. Əgər müttəfiqlər buna razılıq verməsə, İsrail təkbaşına heç vaxt İrana qarşı addım ata bilməz. Ona görə də bu gərginlik hələlik davam edəcək. İran da bu vəziyyətdən istifadə edəcək. Lakin onun nüvə silahı əldə etmək məsələsi daha da mürəkkəbləşəcək. Çünki embarqo şəraitində, iqtisadi sanksiyalar şəraitində hər hansı bir iri layihəni həyata keçirmək çox mürəkkəb məsələdir.
Rufik İSMAYILOV