İranın xarici işlər naziri Yaponiyaya səfərə hazırlaşır

İranın xarici işlər naziri Yaponiyaya səfərə hazırlaşır

Təfsilat
19 Avqust 2019, 11:15 3703
Avqustun sonlarında İranın Xarici işlər nazirinin Yaponiyaya səfəri gözlənilir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bir sıra diplomatik mənbələr Məhəmməd Cavad Zərifin Asiya ölkələrinə səfəri çərçivəsində Yaponiyanı da ziyarət etməsi üçün son hazırlıq işlərinin görüldüyünü bildirirlər.
Qeyd edilir ki, iranlı nazir artıq Yaponiyanın Baş naziri Şinzo Abe və Xarici işlər naziri Taro Kono ilə görüş üçün müraciət edib. Həmin görüşlərdə İran körfəzində gərginliyin artması ilə bağlı İranın mövqeyinin bildiriləcəyi gözlənilir.
Güman edilir ki, M.C.Zərif İranın ABŞ-ın Hörmüz boğazında təhlükəsizliyin təmini ilə bağlı dəniz koalisiyasının yaradılmasına qarşı olduğunu da qeyd edəcək. Həmçinin bu hərəkətin onun ölkəsinə qarşı düşmənçilik olduğunu və regionda gərginliyi artırdığını vurğulayacaq.
Qeyd edilir ki, İran nümayəndəsi bununla ənənəvi dostluq əlaqələrinə malik olduğu Yaponiya ilə qarşılıqlı anlaşmağa çalışacaq. Eyni zamanda, İran tərəfi ciddi addımlar atacağı təqdirdə Yaponiyanın mövqeyini də dəqiqləşdirmək niyyətindədir.