• cümə axşamı, 18 aprel, 21:51
  • Baku Bakı 21°C

İranın Ermənistana rədd cavabı verməsinin səbəbləri

15.02.18 09:00 675
İranın Ermənistana rədd cavabı verməsinin səbəbləri
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti onu regionda rəsmi Bakının təşəbbüsləri ilə reallaşdırılan layihələrdən kənarda qoyub. Bu layihələrin məntiqi nəticəsi olaraq, bir sıra region dövlətləri mövcud şəraitdə rəsmi Yerevana dəstək olmaqdan imtina etməyə başlayıb. Xüsusilə, "Şimal-Cənub” dəmiryolu layihəsinin gerçəkləşdirilməsi ilə bağlı son günlər mətbuatda yer alan yazılar, heç şübhəsiz erməni tərəfini ciddi narahat etməyə başlayıb. Bunun ardınca İranın Ermənistandakı səfiri Seyid Kazem Sacadinin verdiyi bəyanat deyilənləri bir daha təsdiq etdi.

Belə ki, diplomat İrəvan Dövlət Universitetində çıxışı zamanı iki ölkə arasında ortaq nəqliyyat layihəsinin mümkünlüyü haqda danışıb, lakin ölkəsinin şərtlərini dilə gətirib: "İran tərəfi onu Ermənistanla birləşdirən dəmir yolunun açılışına hazırdır. Ancaq bir şərtimiz var. Əgər İrəvan investor tapsa, biz dəmir yolunu işə sala bilərik. Sadəcə, bu sahəyə birgə sərmayələr qoyulmalıdır. İlk addımı siz atın, növbətini biz atarıq”. İran diplomatının bu fikirlərini rəsmi Tehranın Ermənistana yumşaq şəkildə rədd cavabı da hesab eləmək olar. Bəs görəsən, İranın rədd cavabı verməsinin arxasında hansı amillər dayanır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, İranın Ermənistana qarşı münasibətinin dəyişməsi ilə bağlı proseslər tədricən gedirdi: "Ermənistanın Tehrana etdiyinin müqabilində İran səfirinin dəmiryolu ilə bağlı verdiyi bəyanat çox kiçik cavabdır. Çünki Ermənistan İranın tarixini, bu gününü, dinini, dövlətçiliyini təhqir edib. Qeyd edim ki, bu il Sarkisyan İran İslam İnqilabının ildönümü münasibəti ilə bu ölkənin prezidentini, ali dini rəhbərini təbrik etmədi. Amma hər il təbrik müraciəti olurdu. Sarkisyan ABŞ-ın və Rusiyanın qorxusundan bunu edə bilmədi. Bu həmin Serj Sarkisyandır ki, ötən il dekabrın sonlarında verdiyi müsahibələrin birində İran-Ermənistan əlaqələri ilə bağlı danışanda, maneənin olduğunu göstərmişdi. Bildirmişdi ki, bu maneə İranın daxilində xaosun olmasıdır, sabitliyin olmamasıdır. Elə bundan sonra, yəni dekabrın sonlarında, bu ilin əvvəlində İranda xaos baş verdi. Sarkisyan bunu haradan bilirdi? Buradan da bəlli olur ki, Ermənistanın bəzi xarici dövlətlərlə əlaqələri var və onlar da İranın daxilindəki xaosda maraqlı idilər. Maraqlıdır ki, İranda baş verən iğtişaşlardan sonra Ermənistanın xarici işlər naziri bu hadisələrə münasibət də bildirmədi”.
Politoloq qeyd etdi ki, təxminən 2014-cü ildə İran-Ermənistan qaz kəməri başa çatdırılıb və bunun da maliyyələşməsi İran tərəfindən aparılıb: "Həmin kəmərin Ermənistan hissəsinə düşən 40 kilometri də İran mülkiyyəti idi. Rəsmi Yerevan 2012-ci və 2014-cü illər ərzində İranın hesabına tikilmiş həmin qaz kəmərinin Ermənistana düşən hissəsini Rusiyanın "Qazprom” şirkətinə verdi. Eləcə də İran Ermənistanın Mehri və Aqarak rayonlarında 2 milyon dollar dəyərində qaz paylayıcı şəbəkə qurmuşdu. Ötən il dekabrın 14-də Ermənistan həmin bu şəbəkəni də Rusiya şirkətinə verdi. Təbii ki, bütün bunların münasibətlərdə rolu var”.

M.Əhmədoğlu vurğuladı ki, İranın Ermənistana münasibətini dəyişməsində Azərbaycanın həyata keçirdiyi xarici siyasətin də ciddi təsiri var: "Azərbaycan dövlət başçısının xarici siyasəti qüsursuzdur. İranda bir qrup adam var ki, Azərbaycanın çətin vəziyyətə düşməsini gözləyirdi, amma əksinə olaraq ölkəmiz İrana kredit verən dövlətə çevrildi. Astara-Astara dəmiryolu körpüsünün bütün maliyyələşməsi dövlətimiz hesabına baş tutdu. Eləcə də Astara-Rəşt dəmiryolunun çəkilməsi üçün Azərbaycan 500 milyon dollar kredit verib. Bunları deməkdə məqsədim odur ki, bizim siyasi bacarığımız İranın daxilində artıq faktordur. Bu da İranı vadar edir ki, Ermənistana qarşı siyasətini dəyişsin”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, İran səfirinin rədd cavabı ilə Ermənistana böyük zərbə vurulub: "Dəmiryolunun İran tərəfindən maliyyələşdirilməməsi bir bəhanədir. Guya bunun üçün Ermənistan maliyyə mənbələri tapmalıdır. Ola bilsin ki, bu maliyyə məsələləri həll olunmalı idi. Amma bunun arxasında bir sıra strateji maraqlar da var. Çünki İran başa düşür ki, Ermənistanın ərazisində hansısa infrastruktur yollar tikmək, uzun müddətli layihələr həyata keçirmək, yüklərin daşınması heç də Tehranın maraqlarına cavab vermir. Ona görə ki, İranın dünyaya çıxış yolu demək olar ki, Azərbaycan ərazisindəndir. İndiki halda İran Azərbaycan vasitəsilə öz yüklərini daşıya bilər. Bu səbəbdən şübhə etmirəm ki, İran səfirinin dedikləri Ermənistana bir dərs oldu. Yerevan başa düşməlidir ki, gündəmə strateji maraqlar gələndə, dövlətlərin maraqlarına uyğun məsələlər həll olunur. Çünki digər məsələlərdə Ermənistan faktiki olaraq heç bir rol oynamır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər