• cümə axşamı, 28 mart, 17:49
  • Baku Bakı 16°C

İrandan Azərbaycana radikal cərəyanlarla birgə mübarizə təklifi

04.12.14 12:55 799
İrandan Azərbaycana radikal cərəyanlarla birgə mübarizə təklifi
Bunu Trend-ə eksklüziv açıqlamasında İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkman deyib.
Ə.İbrahimi Türkman bildirib ki, Azərbaycan çox zəngin və böyük mədəniyyətə malik ölkədir, Azərbaycan xalqı çox mədəni xalqdır: “İran və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı bizim üçün proritet məsələlərdəndir. Mədəni əlaqələrin inkişafı hər iki ölkənin xeyrinədir”.
Onun sözlərinə görə, təəssüflər olsun ki, hazırda bəziləri din adı altında cinayətlər törədir və bu, regionda zorakılıq, ifratçılıq və təkfirçiliyin formalaşması ilə nəticələnib: "Hazırda Azərbaycan və İranın din sahəsində yaxından əməkdaşlıq etməsi zəruridir. Əməkdaşlığımızı artırmaqla ifratçı qrupların qarşısında dayana bilərik”.
Ə.İ.Türkman deyib ki, iki ölkənin bir-biri ilə fikir mübadiləsi aparmasına ehtiyac var: “Biz eyni taleyi paylaşırıq. Bunu dərk etməliyik, keçmişdə olan xırda problemləri bir qırağa qoymalıyıq və bu problemlər bizim gələcək əməkdaşlığımızın qarşısını almamalıdır”.
O, qeyd edib ki, regiondakı ifratçılıq problemləri həm Azərbaycanın, həm də İranın məsələsidir və iki ölkə bunun qarşısında dözümlülük göstərməzsə, ziyan çəkəcək: “İranda uzun illərdir təkfirçi cərəyanlarla bağlı araşdırmalar aparılıb və bu sahədə kitablar yazılıb. Azərbaycanla bu təcrübələri bölüşməyə hazırıq. Bundan başqa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müxtəlif sahələrlə bağlı müştərək konfranslar keçirə bilərik”.
Təşkilat rəhbəri İslamın rəhmət və sevgi dini olduğunu vurğulayıb və deyib ki, ifratçı qruplar öz düşüncə və fikirlərini din adı altında ictimaiyyətə yeridirlər: “İlk növbədə öz xalqlarımızı və gənclərimizi onların həqiqi mahiyyəti ilə tanış etməliyik və insanlarımıza başa salmalıyıq ki, onların dedikləri din deyil. Anlatmalıyıq ki, bu məsələlərin ardında siyasi maraqlar dayanır və qruplaşmalar böyük güclərin oyuncağıdır. Öz dəyərlərimizi üstün tutmalıyıq. Azərbaycan və İran xalqlarının adət-ənənələri, dini dəyərləri ata-babalarımızdan bizə qalan ən böyük mirasdır və biz bunu unutmamalıyıq”.
Ə.İbrahimi Türkman böyük güclərin Suriyanın Kobani şəhərini ifratçıların əlindən ala bilməməsini inandırıcı hesab etmir və bunun siyasi məsələlərə görə uzadılıdığını düşünür: “Kim inanar ki, böyük güclər Kobanini azad edə bilmir. Həmin ölkələr üçün indiki zamanda hər şey asandır. Necə olur ki, Kobanini balaca bir qruplaşmanın əlindən ala bilmirlər? Deməli, bu məsələnin arxasında siyasi maraqlar dayanır”.
Təşkilat rəhbəri hər iki ölkənin mediasını regiondakı böyük təhlükə ilə mübarizəyə çağıraraq və deyib ki, KİV-lər gənclər arasında maarifləndirmə aparmalıdır və ifratçılığın həqiqi simasını onlara çatdırmalıdır.
banner

Oxşar Xəbərlər