• cümə axşamı, 18 aprel, 08:03
  • Baku Bakı 12°C

İranda seçkilərin ikinci mərhələsi keçirilib

30.04.16 11:14 1283
İranda seçkilərin ikinci mərhələsi keçirilib
Dünən 10-cu çağırış İran parlamentinə seçkilərin ikinci turuna start verilib. Seçkinin ikinci turunda 290 yerlik İran parlamentindəki 69 boş yer uğrunda 135 namizəd arasında mübarizə gedib. Seçki ölkənin 21 əyaləti üzrə 55 seçki dairəsində keçirilib. İran prezidenti Həsən Ruhani seçkidən bir neçə saat əvvəl "Twitter” səhifəsində kiçik bir yazı paylaşaraq vətəndaşları seçkidə fəallığa çağırıb. O yazıb: "Başqalarının səsinə və nəzərinə önəm verməyən hər kəs məğlubiyyətə uğrayacaq”. İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli isə dünən sübh saatlarında jurnalistlərə açıqlamasında deyib ki, seçkinin nəticələrinin şənbə gününə qədər elan ediləcəyinə ümid edir: "Seçkinin vaxtının uzadılması zərurəti ortaya çıxsa, Daxili İşlər Nazirliyi bu məsələni Konstitusiyaya Nəzarət Şurası ilə koordinasiya edərək nəzərə alacaq”. 17 milyon nəfərin səsvermədə iştirak etmək hüququna malik olduğu seçkilərdə namizədlərin 52-si mühafizəkar (üsulçu), 38-i islahatçı, 45-i isə müstəqil olanlardır. Xatırladaq ki, seçkinin birinci turunda islahatçı namizədlər böyük qələbə qazanıblar və təkcə Tehranda 30 islahatçı namizəd seçicilərin səsini toplayaraq parlamentə vəsiqə qazanıb. Qeyd edək ki, prezident Həsən Ruhanini dəstəkləyən mötədil islahatpərəst düşərgə birinci mərhələdə olduğu kimi, ikinci mərhələdə də daha çox mandat əldə etməyə çalışır ki, yeni Məclisdə güclü blok yarada bilsin. Mayın 27-də Məclis özünün 4 illik işinə başlayır.
Xatırladaq ki, Tehrandan seçilmiş 30 millət vəkilinin hamısı keçmiş vitse-prezident Məhəmməd Rza Arefin başçılıq etdiyi və Ruhanini dəstəkləyən "ümid siyahısı”na daxildir. Siyahının zirvəsində gələn Arefə 3,2 milyon seçicidən 1, 6 milyonu səs verib. Qulaməli Həddad-Adelin başçılıq etdiyi mühafizəkarlar koalisiyası bir mandat da qazana bilməyib, Həddad-Adelin özü isə seçki yarışında təxminən 1 milyon seçicinin dəstəyi ilə yalnız 31-ci ola bilib. Bu, olduqca mühüm hadisədir, çünki paytaxtdan olan deputatlar adətən Məclisdə təşəbbüsçü olan kəsimin özəyini təşkil edirlər. Mühafizəkarların seçkinin ikinci dövrəsi üçün namizədlərin yenilənmiş siyahısı ilə çıxış etməyə həvəsli olmadıqlarını da bununla izah etmək olar. Halbuki birinci dövrədə onlar öz siyahılarını hökumətyönlü düşərgədən bir neçə həftə əvvəl açıqlamışdılar.
Birinci dövrədə olduğu kimi, yenə də keçmiş prezident Məhəmməd Hatəmi bəyanat verərək "nüvə sazişindən sonrakı dövrdə hökumətə dayaq olmaq naminə” adamları seçkidə fəal iştiraka çağırıb. Yerdə qalan mandatların böyük əhəmiyyəti var, çünki bu, böyük fraksiyalar arasındakı qüvvələr balansına təsir edə bilər.
Birinci dövrədə olduğu kimi, ikinci dövrədə də dövlət mediasına namizədlərin lehinə və əleyhinə hər hansı materiallarla çıxış etmək qadağan olunub. Buna baxmayaraq, qanun dövlət radiosu və televiziyasından seçkilər barədə ümumi maarifləndirici proqramların və seçki rəsmilərinin bəyanatlarının yayımlanmasını tələb edir. Parlament seçkilərinin birinci dövrəsi başqa bir mühüm seçki – ölkəyə nəzarət edən qurumun – Üləmalar Şurasının seçkisi ilə eyni vaxta düşdüyü üçün İran İslam Respublikasının dövlət televiziyası hər iki seçkinin işıqlandırılması zərurəti ilə bağlı sıx cədvəllə işləyirdi. İkinci dövrədə isə dövlət televiziyası adamları öz dini vəzifələri, milli borcları və siyasi təcrübələrindən çıxış edərək seçkidə fəal iştirak etməyə çağırıb. Birinci dövrədə olduğu kimi, yenə də bir neçə namizədin tərəfdarları sosial media platformalarında, xüsusilə də populyar mobil aplikasiyalarda öz namizədləri üçün kampaniya aparıblar.
Qeyd edilir ki, İranda parlament seçkilərinin ikinci turuna təxminən 30 azərbaycanlı namizəd qatılıb. Bəs parlament seçkiləri azərbaycanlılara nə vəd edir? "GünAz” televiziyasının təsisçisi Əhməd Obalı bildirib ki, bu dəfə seçkilərdə azərbaycanlılar Urmiyə gölünün qurumasının qarşısının alınması, İran konstitusiyasında göstərilən ana dilində təhsil hüququnun təmin edilməsi kimi tələblərini daha ciddi şəkildə müzakirəyə çıxarıb. O deyib ki, İranın başqa bölgələrində olduğu kimi, İran Azərbaycanında da iqtisadi böhrandan çıxmaq üçün Qərblə yaxınlaşmaya daha çox meyl müşahidə edilir. "Tələblər ümumiyyətlə Azərbaycan platformu üzərində qurulmuşdu. Yəni kimlik, ana dili və Urmiyə gölü kimi əsas tələblər və əlbəttə ki, iqtisadi böhrandan çıxış yolu”. Əhməd Obalı deyib ki, seçkilərin ikinci turunda iştirak edən 70 namizəddən təxminən 30-u Azərbaycan bölgələrini təmsil edir. Onun sözlərinə görə, azərbaycanlı namizədlərin yarısı islahatçı siyasətçiləri təmsil edir, qalan namizədlərin bir hissəsi müstəqil namizədlərdir, digərləri isə mühafizəkarlardır. O deyib ki, seçki prosesinin gedişi ikinci turda daha çox islahatçı namizədin seçiləcəyini deməyə əsas verir. Onu da qeyd edək ki, İran parlament seçkilərinin ikinci turunda Urmiyədən olan iki azərbaycanlı namizəd birlik mesajı veriblər. Ruhulla Həzrətpur və Seyid Hadi Bahaduri bu barədə Təbatəbai universitetində keçirdikləri seçki mühazirəsi zamanı danışıblar. Qərbi Azərbaycan vilayəti üçün mühüm olan mövzularda razılığa gələn namizədlər bir-birlərinə dəstək verdiklərini bəyan ediblər. S.H.Bahaduri bir öyrəncinin: "Siz hansı səbəbə görə tədbirdə türk dilində söhbət edirsiniz” sualını belə cavablandırıb: "Urmiyyə bir Azərbaycan şəhəridir və türk dili bu şəhərin əsas dilidir. Bütün dünyada, eləcə də İranda belə bir adət var ki, hər kəs bir şəhərə gedərsə, o şəhərin dilini öyrənməlidir. Biz də fars şəhərlərinə səfər etdiyimiz zaman fars dilində söhbət edirik. Bizim bütün dil və mədəniyyətlərə hörmətimiz vardır”. O əlavə edib ki, türklər dünyanın ən çox həqiqət tələb edən xalqları sırasındadır, lakin bu xüsusiyyət üstünlük meyarı deyil: "Biz bütün kimliklərə hörmət edərək öz kimliyimizə bağlıyıq və onu heç vaxt inkar etmərik”. R.Həzrətpur isə deyib: "Biz əl-ələ verib problemlərimizi özümüz həll etməliyik. Mən və cənab Bahaduri Azərbaycanın namizədləriyik, ümid edirəm öz birliyimizlə əhalimizin hüquqlarının təmini uğrunda çalışacağıq”. Bununla da azərbaycanlı namizədlər bir-birlərinə dəstək nümayiş etdirib və Urmiyə əhalisindən səs gözlədiklərini bildiriblər.
Yeri gəlmişkən, təhlilçilər qeyd edir ki, bu seçkilərdə prezident Ruhaninin Qərblə imzaladığı nüvə sazişinin nəticələrə mühüm təsiri olub. Gəlinən qənaət budur ki, yeni parlament İran tarixində təkrarsız məclis olacaq.
banner

Oxşar Xəbərlər