İranda seçki gərginliyi

İranda seçki gərginliyi

Təfsilat
13 Aprel 2013, 11:12 1268
İranda sayca 11-ci prezident seçkiləri kampaniyası gərgin şəraitdə davam edir. Namizədlərin rəsmi qeydiyyatı üçün bir aydan az vaxt qalır. Yeddinci prezidentin seçiləcəyi seçkilərin iyunun 14-də keçirilməsi planlaşdırılır. Bəlli olduğu kimi, hazırkı prezident Mahmud Əhmədinejad üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməz.

Hələlik 17 siyasi xadim qarşıdakı prezident seçkilərində iştirak etmək arzusunu bildirib. Bu 17 namizədin əksəriyyətinin bu və ya digər dərəcədə keçmiş (Məhəmməd Xatəmi, Əli Əkbər Haşimi Rəfsəncani) və ya indiki (Mahmud Əhmədinejad) prezidentlərlə əlaqəsi var. Digər namizədlər isə deputatlar, İranın Məsləhət Şurasının üzvləri və keçmiş hərbi komandirlərdir. Siyahıya iki koalisiyadan olan namizədlər daxildir. Bunlardan biri Qulaməli Həddad Adil, Məhəmməd Bağır Halibafa və Əli Əkbər Vilayətinin daxil olduğu "Üçlər ittifaqı"dır. İkinci koalisiya olan "Beşlər ittifaqı"na isə Mənuçöhr Möttəki, Mustafa Purməhəmmədi, Məhəmməd Rza Bahünər, Yəhya Əli İshaq və Məhəmməd Həsən Əbuturabi Fərda daxildir. Yerdə qalan digər 9 müstəqil namizədin isə xeyli ortaq cəhətləri var. Belə ki, onların əksəriyyəti 20 ilə yaxındır ölkənin siyasi və iqtisadi strukturlarında birgə çalışır və xüsusilə, İranın problemləri ilə bağlı ümumi baxışları üst-üstə düşür. Lakin hələlik İranın Keşikçilər Şurası namizədləri rəsmi şəkildə təsdiqləməyib. İran KİV-ləri Prezident Dəftərxanasının rəhbəri İsfəndiyar Rəhim Məşaiyə prezident Mahmud Əhmədinejadın potensial varisi kimi baxır.

O ki qaldı İranın keçmiş prezidenti Məhəmməd Xatəmiyə, o, qarşıdakı seçkilərdə iştirak edəcəyini hələ ki rəsmən elan etməyib, lakin tərəfdarları onu seçkilərdə iştirak etməyə çağırırlar. Xatəminin namizədliyini 18 partiya və təşkilatı özündə birləşdirən İslahatçılar Cəbhəsi və 16 partiya və təşkilatın birləşdiyi Mötədillər Cəbhəsi irəli sürüb. Hər iki cəbhə razılığa gələrək Xatəmini özlərinin vahid namizədi elan edib. Adıçəkilən cəbhələrin rəhbərləri hazırda Məhəmməd Xatəmidən cavab gözlədiklərini, eləcə də məsələni müzakirə etmək üçün ölkənin dini lideri ayətullah Əli Xameneyiyə məktub yazdıqlarını bildiriblər. Məhəmməd Xatəminin bu ilin iyununda keçiriləcək prezident seçkisinə qatılmasına dəstək vermək üçün hətta qərargah da yaradılıb. Qərargah “Ümid səhərinin günəşi” adlandırılıb. Qərargah üzvləri sırasında İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin nəvəsi Zəhra Eşraqi də var.

Ekspertlər hesab edir ki, hər dəfə olduğu kimi, bu dəfəki seçkilərdə də qarşıdurmasız ötüşmək mümkün olmayacaq. İranda hazırda iqtisadi durum çox ağırdır. Əhali arasında hakimiyyətdən narazılıq günbəgün artır. Bu səbəbdən də elektorat daha çox qərblə qarşıdurmaya getmək istəməyən namizədə üstünlük verəcək. Bu şəxs isə Xatəmi ola bilər. Ali dini lider Əli Xameneyi isə onun namizədliyini müdafiə etmir. Ən maraqlı mövqeni Xameneyinin beynəlxalq məsələlər üzrə xüsusi müşaviri Əli Əkbər Vilayəti ortaya qoyub. O, hesab edir ki, qarşıdakı prezident seçkiləri ərəfəsində mühafizəkarlar istənilən mübahisəli addımdan qaçmalıdırlar. Vilayəti əlavə edib ki, seçkilərin ikinci turunun keçirilməsinə ehtiyac olmaması daha məqsədəuyğun olardı, çünki bu, iğtişaşlarla nəticələnə bilər. İranın keçmiş xarici işlər naziri Vilayəti, habelə ölkənin bir sıra siyasi xadimlərinin bəhs etdikləri "azad seçkilər" mövzusuna da toxunub. "Onlar azad seçkilər haqqında danışmaqla, hətta başlamazdan əvvəl seçkilərin legitimliyini şübhə altında qoyurlar" - deyə o vurğulayıb. Vilayətinin sözlərinə görə, bu, mühafizəkarlar arasında birlik məsələsidir. "Onların dairələrində intriqa var, lakin onlar bütün fikir ayrılıqlarını unutmalıdırlar" - deyə o əlavə edib.
Vilayəti İran prezidenti Mahmud Əhmədinejadın xarici siyasətini də tənqid edib. Vilayəti deyib ki, ölkədəki problemlərin əksəriyyəti hökumətin apardığı xarici siyasətin nəticəsidir: “Bu nə vəziyyətdir xarici siyasətimizdə yaranıb? Düzgün xarici siyasət aparılsaydı, bu gün ölkəyə qarşı bu sanksiyalar da olmazdı. Xarici siyasətimizi və beynəlxalq əlaqələrimizi daha düzgün bir xətdə apara bilərdik. Biz dünya ilə yaxşı əlaqələr qurmaq üçün digər ölkələrlə münasibətlərimizi normallaşdırmaq istiqamətində çox işlər görə bilərik. Bunu həm də uzun yox, qısa müddətdə edə, xarici siyasətimizdə yaranmış indiki durumdan çıxa bilərik”. Dörd ay əvvəl Vilayəti Xameneyinin qudası Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibafla birlikdə qarşıdan gələn prezident seçkisinə qatılmaq üçün “2+1” koalisiyasını yaradıb.

Hakimiyyət qarşıdurmanın qarşısını almaq üçün bu dəfəki seçkilərdə bir sıra yeniliklər də edib. Ən böyük yenilik odur ki, prezident seçkiləri zamanı qeydiyyatın bütün mərhələləri rəqəmsal formatda həyata keçiriləcək. Bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib. Onun sözlərinə görə, elektron seçkilərin təşkilini idarə etmək üçün kompleks sistem yaradılıb. Nəccar deyib ki, səsvermədən başqa, bütün seçki prosesi rəqəmsal texnologiyaların tətbiqi ilə həyata keçiriləcək.
Göründüyü kimi, hər bir şey İranın Keşikçilər Şurasından asılı olacaq. Məhz onun namizədləri təsdiq etməsindən sonra hər bir məsələyə aydınlıq gəlmiş olacaq.

Azər NURİYEV