• cümə axşamı, 18 aprel, 19:21
  • Baku Bakı 21°C

İranda müəyyən edilən quş qripi Azərbaycan üçün təhlükə olmasa da...

10.12.18 14:08 624
İranda müəyyən edilən quş qripi Azərbaycan üçün təhlükə olmasa da...
Bu günlərdə İrandan Azərbaycana quş əti gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədəmətbuata Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, İranın Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib: "Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyənləşdirilib. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”, - xəbərdarlıqda deyilir.
Bəs görəsən qonşu ölkədə quş qripi xəstəliyinin yayılmasının Azərbaycana hər hansı bir təsiri ola bilərmi? Bunun üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə saxladıq. O bildirdi ki, quşların payız miqrasiyası ilə əlaqədar Dövlət Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, o cümlədən digər aidiyyəti qurumlar monitorinq keçirir: "Bu il noyabrın 12-də monitorinq keçirildi və qoruqlarda və milli parklarda müvafiq tədbirlər aparıldı. Köçəri quşlardan 42, ev quşları və quşçuluq təsərrüfatından 461 qan nümunəsi götürülərək Qida Təhlükəsizliyi Agentliyinin istinad laboratoriyasına təqdim olunub. Qeyd edim ki, hazırda mütəmadi olaraq ayrı-ayrı quşçuluq təsərrüfatları ilə əlaqə saxlanılır. Hələlik ölkəmizdə quş qripi xəstəliyinin bu və ya digər tipinə görə epizootik vəziyyət sabit olaraq qiymətləndirilir. Bu günə kimi bu barədə heç bir narahatlıq qeydə alınmayıb”.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev "Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycan İrandan böyük həcmdə quş əti idxal etmir: "Hesab edirəm ki, İrandan bizə quş qripi xəstəliyinin yayılma ehtimalı yoxdur. Çünki biz İrandan böyük həcmdə quş əti idxal etmirik. Ümumilikdə İrandan hər il nə qədər quş əti idxal etdiyimizə dair rəsmi rəqəmlər yoxdur. Amma bu idxalın həcminin o qədər də böyük olmadığını söyləmək olar. Bu mənada deyə bilərəm ki, narahatlığa əsas yoxdur. Ümumiyyətlə, quş qripi elə bir xəstəlikdir ki, onun yayılması haqda tez-tez mətbuatda məlumatlar eşidir, oxuyuruq. Amma təəssüf ki, bu məlumatların əksəriyyəti həqiqəti əks etdirmir. Azərbaycanda hələlik quş qripi virusunun yayılma ehtimalı yoxdur”.
"Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov söylədi ki, atılan addımı doğru qərar kimi qiymətləndirir: "Azərbaycanda azad və liberal bazar iqtisadiyyatı hökm sürür. Ölkəmizin yerli broyler fabrikləri öz daxili tələbatımızı ödəməyə qadirdir. Bu sahədə son illər ərzində effektiv islahatlar aparılıb. Lakin azad bazar iqtisadiyyatında istehlakçıların seçim hüququn artması, bazarda rəqabətin yüksəlməsi naminə, başqa ölkələrdən Azərbaycana quş əti idxal edilir. Bu mənada quş əti idxalına heç bir qadağa qoyulmur. Amma bəzən bu şəraitdən sui-istifadə olunur. Bəzən xarici ölkələrdən tələb olunan standartlara cavab verməyən, aşağı keyfiyyətli quş əti məhsulları gətirilir. Məsələn, ötən il Ukraynadan ölkəmizə gətirilən quş ətinin tərkibində zərərli maddələr aşkar edilmişdi. Bəzi hallarda istehlakçılar aldadılır. Ona görə də, atılan addımı doğru qərar kimi qiymətləndirirəm. Əgər quş qripi təhlükəsi varsa, vaxtında lazımi tədbirlər görülməlidir. Çünki bu virusun yayılma ehtimalı hər zaman yüksək olaraq qalır. Amma indiki halda, vəziyyətdən istifadə edərək quş əti məhsullarının qiyməti süni şəkildə qaldırılmamalıdır”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, quş qripi xəstəliyinin yayılma ehtimalı çox güclüdür: "Əslində quş qripi tələfatla müşahidə olunan bir patologiyadır. Virusun əsas daşıyıcıları köçəri quşlar hesab olunur. Bu mənada xəstəlik sərhəd tanımır. "Quş qripi” adlanan xəstəlik, yəni H5N1 virusu Azərbaycanda vaxtilə yayılmışdı. Həmin dövrdə mütəxəssislər bu virusu lokallaşdıra bildilər. Ona görə də ehtiyatı əldən vermək olmaz. Profilaktik tədbirlər gücləndirilməlidir. Quş qripi quşçuluq məhsulları vasitəsilə insan orqanizminə keçə bilir. Belə bir təhlükə varsa, məhdudiyyətin qoyulması çox müsbət haldır. Xüsusilə trans-sərhəd zonalarında diqqətli olmaq lazımdır. Bir müddət çöl quşlarının ovlanması məsələsinə diqqət etmək lazımdır. Qrip artıq qonşu ölkədə yayılıbsa, deməli, bizim ərazimizə də keçə bilər. Quş qripi insan orqanizminə qan vasitəsilə keçir. Bu virus qripin digər növlərindən fərqli olaraq hava-damcı yolu ilə deyil, yalnız qan vasitəsilə insana yoluxur. Virusa yoluxan xəstənin hərarəti artır və getdikcə qaraciyər, böyrək və digər daxili orqanları sıradan çıxaraq, fəaliyyətini dayandırır. Bir çox hallarda ölümlə nəticələnən bir xəstəlikdir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər