• çərşənbə, 24 Aprel, 04:59
  • Baku Bakı 14°C

İranda kənd təsərrüfatı məhsulları bahalaşırsa...

19.11.18 19:52 1625
İranda kənd təsərrüfatı məhsulları bahalaşırsa...
ABŞ-ın İrana qarşı sanksiyalar bütün gücü ilə işləməkdədir. Bu mənada ölkənin idxal potensialı xeyli azalıb. Tətbiq olunan məhdudiyyətlər isə yavaş-yavaş öz təsirini göstərməkdədir. Belə ki, artıq ölkənin aqrar məhsullarının qiymətində artım müşahidə olunmağa başlayıb. Misal üçün, istixana pomidorunun bir kiloqramı 110 min rial (təxminən 2,61 dollar), xiyarın isə 1 kiloqram üçün qiyməti 65 min riala (təxminən 1,54 dollar) çatıb. Trend-in məlumatına görə, bunu İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargər deyib. Qonşunun pis gününə sevinmək hər nə qədər etik olmasa da, qiymət artımı bir növ bizim işimizə yarayır. Çünki bu artım həm də Azərbaycanın aqrar məhsulları üçün yeni bazarlara çıxış imkanı deməkdir. Bəs görəsən bu şansdan yararlana bilərikmi? Ümumiyyətlə, Azərbaycandan İrana kənd təsərrüfatı məhsullarının ixracı mümkündürmü?

Milli Məclisin İqtisadi Siyasət, Sənaye Sahibkarlıq komitəsinin üzvü Azər Badamov qeyd etdi ki, İrandakı qiymət artımları bizim bu ölkənin bazarına çıxış imkanımızı artırır: "Qiymət artımı bizim ixrac imkanlarımızı daha da artırır. İrana kənd təsərrüfatı məhsullarımızın ixrac edilməsi ilə bağlı onu demək olar ki, hələlik ticarət dövriyyəmiz o qədər də böyük həcmdə deyil. Siyasi proseslərin gedişatı qiymət artımını daha da dərinləşdirərsə, bu bizim üçün yeni bir imkanın yaradılması deməkdir. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiyməti İrandakına nisbətən xeyli ucuzdur. Bu, bizə yeni bazarlara - İran bazarlarına çıxış imkanı yaradır. Ümumilikdə götürdükdə, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları bir sıra ölkələrə ixrac olunur. Bu ölkələr arasında Rusiya özünəməxsus yer tutur. Çünki istehsal etdiyimiz məhsulların 80 faizi Rusiyaya ixrac olunmaqdadır. Amma son illər kənd təsərrüfatına olan diqqət və qayğı artmaqdadır. Aqrar sahədə həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Keyfiyyətli kənd təsərrüfatı məhsulları dünyanın əksər ölkələrinin bazarlarına ixrac olunur. Bu mənada yeni bazarlara çıxış imkanları bizim üçün çox önəmlidir. Dövlət başçısı da bu məsələyə xüsusi diqqət yetirir. Ölkədə istehsal olunan məhsulun həcmi artmaqdadır. Məhsul istehsalının həcminin artması və müasir standartlara cavab verən kənd təsərrüfatı məhsullarının istehsalı ölkənin ümumi ixrac potensialına müsbət təsir göstərir. Beləliklə, biz dünyanın ayrı-ayrı ölkələrinə ixrac missiyasını həyata keçirə bilərik. Bu ölkələrdən biri də məhz İran bazarları ola bilər”.
Kənd təsərrüfatı üzər ekspert Nicat Nəsirli bildirdi ki, İrandakı qiymət artımlarının müxtəlif səbəbləri var: "İran iqtisadiyyatını təhlil etsək, görərik ki, orada son illər ərzində aqrar sektora böyük maliyyə vəsaiti qoyulub. Xüsusilə meyvə-tərəvəz məhsullarına diqqət yetirilir. İran əlverişli coğrafi mövqedə yerləşir. Onun Fars körfəzinə çıxışı var. İran, İraq bazarının tam, Suriya bazarını isə böyük qismini aqrar məhsulla təmin edə bilir. Körfəz vasitəsi ilə dünyanın bir çox ölkələrinə, hətta Şimali Afrika ölkələrinə öz çıxışını təmin edib. Ümumilikdə götürsək, İranın aqrar potensialı çox böyük həcmdədir. Bu mənada İran məhsullarının Azərbaycan bazarlarına təsir bizə nisbətən daha böyükdür. Çünki İranın sənayesi xeyli inkişaf edib. İstehsal həcmi böyük olduğuna görə, məhsulun maya dəyəri ucuz başa gəlir. İranla Azərbaycan qonşu dövlətlərdir. Bizim ticarət əlaqələrimiz ilbəil daha da yaxşılaşmaqdadır. Bu mənada gələcəkdə ticarət əlaqələrinin daha da genişlənəcəyini söyləmək olar. Amma hələlik Azərbaycanın İrana məhsul ixracı yox səviyyəsindədir. Hal-hazırda meyvə-tərəvəz mövsümü başa çatmaqdadır. Aqrar məhsullar xüsusi anbarlarda saxlanılır. Müəyyən məhsullarımızın İrana ixracı həyata keçirilə bilər”.
İqtisadçı-ekspert Fikrət Yusifov bildirdi ki, yeni bazarlara çıxış imkanı indiki halda bizim üçün çox vacibdir: "Azərbaycandan İrana hələlik aqrar məhsul ixracı həyata keçirilmir. Çünki İran özü böyük aqrar ölkəsidir. Orada kənd təsərrüfatı məhsulunun istehsalı yüksək səviyyədə həyata keçirilir. Qiymətlər də əlverişlidir. Məhsullarının qiymətinin 10-15 faiz artımı İran üçün böyük artım hesab olunmur. Orada meyvə-tərəvəzin qiyməti çox ucuzdur. Bütövlükdə götürdükdə, hesab edirəm ki, məhsulların qiymətinin artması siyasi səbəblərlə bağlıdır. İrana tətbiq olunan sanksiyalar öz işini görməkdədir. Bu, istər-istəməz qiymətlərə də öz təsirini göstərir. İranın idxal imkanlarının məhdudlaşdırılması qiymət artımı ilə nəticələnir. Bizim üçün aqrar məhsulların ən böyük bazarı Rusiyadır. Rusiya bazarlarının hüdudları çox genişdir. Hətta indiki ixrac potensialımızı 15-20 dəfə artırsaq da, bu bazarların tələbatını ödəyə bilmərik. Rusiya bazarlarında Azərbaycan məhsullarına maraq böyükdür. Amma istənilən halda, yeni bazarlara çıxış imkanı çox önəmlidir. Bu mənada yaranan hər bir fürsətdən istifadə etmək lazımdır”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər