• şənbə, 20 Aprel, 10:38
  • Baku Bakı 14°C

İranda gördüyüm sevgi üçün burnumun ucu göynəyir Fotolar

08.10.13 10:05 1931
İranda gördüyüm sevgi üçün burnumun ucu göynəyir Fotolar
Bakı uşaq teatrının direktoru, rejissor İntiqam Soltan özündə bir çox meydan teatrlarını birləşdirən “Dramatic arts center of İran” festivalından qayıdıb. Sayca 8-ci dəfə keçirilən Beynəlxalq Meydan Teatrları Festivalı dünya ölkələrinin maraq göstərdiyi festivallar sırasındadır. Sözügedən festivalda Azərbaycanı təmsil edən İntiqam Soltan səfər barədə təəssüratlarını bizimlə bölüşdü.
Rəqabət üçün özəl teatrlar vacibdir
- İntiqam müəllim, istərdik festival barədə təəssüratlarınızı bizimlə bölüşəsiniz...
- Oktyabrın 2-dən 5-nə kimi keçirilən festivaldakı nümayəndələrə ustad dərsləri verdim. Festivala 20 ölkədən 200 tamaşa təqdim olunmuşdu. Festival İranın Kürdüstan vilayәtindә, Mәrivan şəhərində keçirilirdi. İştirakçılar Türkiyə, İraq, Ərəbistan, Küveyt kimi ölkələrdən gəlmiş 27 tamaşanı izlәmәk imkanı әldә etmişdilər. Sözügedən festivala dünya teatrları arasında böyük maraq var. Mərivan şəhərində 3 gün ərzində şəhərdən axşama qədər 8-9 yerdə tamaşalar oynanıldı. Mən oradan çox müsbət ab-hava ilə geri döndüm. İlk növbədə onu qeyd edim ki, İranın ucqar bir əyalətində belə, tamaşaçı mədəniyyətinin olması məni heyran etdi. Teatra heç kim məcburi şəkildə gəlmirdi. Bu onlar üçün sanki bir bayrama çevrilmişdi. İnsanların 80-90%-nin milli geyimdə gəzmələri festivala daha da xüsusi bir rəng qatırdı. Həmin məkana 200 yaxın insan gəlmişdi. Tamaşalar gecə saat 11-də başlayıb, saat 1-in yarısı bitirdi. Festival iştirakçıları ilə bərabər həm də sakinlər iştirak edirdilər.
Orda mən sənətimə, özümə o qədər sevgi gördüm ki, indi həmin sevgi üçün burnumun ucu göynəyir. Mən oraya 10 tamaşamızın disklərini aparmışdım. İçəri şəhərdə hazırladığımız meydan tamaşasını iştirakçılara göstərdim. Festival nümayəndələrinə tamaşamın rejissor həlli barədə seminar keçdim. Bir çox tamaşalarda müəyyən qüsurlar var idi ki, onları təhlil etdik. Nəzərinizə çatdırım ki, meydan festivallarının 8-i həmin məkanda keçirilib. Adının VIII olmasına baxmayaraq, bu artıq 10-cu festival idi. Onlardan 2-si beynəlxalq səviyyədə keçirilməyib. Ümumiyyətlə, İranda teatrların 50%-ni dövlət teatrları təşkil edirsə, 50%-i özəllərdir. Azərbaycanda isə bu baxımdan vəziyyət heç də ürəkaçan deyil. Özəl teatrların adları var, ancaq özünün fəaliyyəti üçün heç bir şərait, imkan yoxdur. Mənim düşüncəmə görə, dövlət teatrlarına rəqabət üçün özəl teatrlar vacibdir.
Diqqətimi çəkən digər maraqlı bir nüans isə orada yerləşdirilən heykəllərin əlində silaha rast gəlməməyim oldu. Yəni deməyim odur ki, İranda heç bir siyasətçiyə, elm adamına heykəl qoyulmayıb. Orada müəllimlərə heykəl qoyulduğunun şahidi oldum. Bizdə isə bir dənə də olsun müəllimə heykəl qoyulmayıb.
Yerindən tərpədə bilmədilər
- Həmin festivalda nə üçün yerli tamaşalarımız göstərilmədi?
- Festivalda Bakı Uşaq Teatrının ”Əşxas” tamaşasının göstərilməsini düşünmüşdük. Onlara həmin tamaşanın diskini göndərdik. Həmin heyət bizə söylədi ki, “Əşxas” tamaşasının bəzi yerlərini qısaltmaq lazımdır. Biz isə ona razılaşmadıq. Yaxşı ki, həmin tamaşa festivala getmədi. Çünki o cür ağır tamaşalar festivala gəlməmişdi.
- Bəs, festivalda hansı tip tamaşalar üstünlük təşkil edirdi?
- İranın özündən iştirak edən teatrlar çox idi. Göstərilən tamaşalar içərisində ailə-məişət mövzuları üstünlük təşkil edirdi. Qadınların hüquqları, ailə qurmağın çətinliyi ilə bağlı məsələlər ön plana çəkilmişdi. Nəzərinizə çatdırım ki, maraqlı tamaşalara da rast gəlmək mümkün idi. Misal üçün, “Canlı heykəl” tamaşası maraqlı tamaşalar siyahısında idi. Tamaşalar göstərilmədən öncə zala sual etdim ki, kimin tamaşasının səhnədə oynanılması mümkün deyil? Heç kim dillənmədi. Bilirsinizmi, meydan tamaşaları daha çox açıq sahələrdə, meydanlarda oynanılmalıdır. Elə tamaşa var ki, 1-ci hissəsi küçədə, ikinci hissəsi səhnədə keçirilir. Bu barədə geniş məlumata sahibəm. Elə ona görə də məni festivalda ustad dərsi keçməyə dəvət etmişdilər.
İldə 2-3 dəfə festival keçirməklə iş bitmir
- İntiqam müəllim, bəs İran teatral məkan kimi Azərbaycandan üstündürmü?
- Dünyanın heç bir ölkəsində bizim incəsənət nümayəndələri kimi güclü sənətkarlar yoxdur. Bizim aktyorlarımızın çox güclü potensialı var. Təkcə aktyorlarımız deyil, rejissorlarımız, kino sənəti və incəsənətin başqa sahələri ilə məşğul olanlar da çox istedadlı insanlardır. Bizim əlimizi-qolumuzu bağlayan incəsənət sahəsində sosial bazanın çox aşağı səviyyədə olmasıdır. Onların bizdən heç biz güclü cəhəti ola bilməz. İranlılar gəlib burda film çəkirlər. Mən şəxsən buna qısqanclıqla yanaşıram. İran kinosunun bir çox bizdən üstün cəhətləri var. Bu da ondan irəli gəlir ki, İranın bu sahədə çalışan insanları inkişaf etmiş ölkələrdə təhsil alıblar və çox güclü maliyyə imkanlarına, sosial bazaya malikdirlər. Bizim tamaşaların zəif alınmasının əsas səbəbi maliyyənin çox zəif olmasıdır. Onlarda bu sahəyə böyük maliyyələr ayrılır. İranda prodüser məktəbi çox inkişaf edib. Onlarda dövlət tərəfindən ayrılan maliyyədən əlavə prodüser mərkəzləri kino üçün güclü maliyyə tapırlar. Bizdə də istədilər prodüser sənətini yerindən tərpətsinlər, ancaq alınmadı. Bu gün kinoya yalnız dövlət qayğı göstərir. Kino sahəsindən əlavə bizdə teatr festivalları çox az keçirilir. Teatr Xadimləri İttifaqının ildə 2-3 dəfə festival keçirməsilə iş bitmir. Dünya səviyyəli festivallarımız demək olar ki, yox səviyyəsindədir. Dünya təcrübəsindən yararlanmaq lazımdır. Mən bir çox ölkələrdə festivallarda olmuşam, maraqlı təcrübələr götürmüşəm. Bizim beynəlxalq festivallar keçirməyə təcrübəmiz azdır deyə qorxuruq. Belə festivalların keçirilməsinin tamaşaçıya da xeyri var ki, onlar bu prosesin içərisində yetişirlər. Tamaşaçı da həmin o festivallarda tərbiyələnir.
- Eşitdiyimizə görə, Bakı Uşaq Teatrında mətbuat nümayəndələri tamaşa hazırlayacaq. Bu xəbər doğrudurmu?
- Bəli. Bakı Uşaq Teatrı yeni tamaşalar hazırlamaqdan əlavə, bir sıra layihələr həyata keçirir. Belə ki, teatr yazarları, jurnalistlərlə tamaşa hazırlamaq istəyirik. Nəzərə alsaq ki, incəsənət yazarlarının bir çoxu sizin kimi (müsahibə götürən müxbiri nəzərdə tutur – red.) İncəsənət Universitetini bitirib, onların ən azından səhnənin nə demək olduğu barədə anlayışları var. Bu onlar üçün o qədər də çətin olmayacaq. Məqsədimiz isə odur ki, jurnalistlərin teatr, mədəniyyət haqqında yanaşmaları peşəkarlaşsın. Hər hansı bir qəzetin mədəniyyət xəbərlərini oxumaq istəsək, gərək qəzetin sonuncu səhifəsini açıb oxuduqlarımıza təəccüb edək. Yerləşdirilən məlumatların əksəriyyətində kiminsə dalaşmağı, kiminsə səhnədə soyunmağı, kiminsə başına pis bir hadisə gəlməsi əks olunur. Mətbuatda daha çox açıq-saçıq geyinən insanlar qabardılır. Burda qeydi-adi heç nə yoxdur. Onlar ucuz reklamla oxucu qazanmaq istəyirlər. Bu isə incəsənət haqqında düşüncələri, zövqləri cılızlaşdırır. Sənətdə olan adamlar arasında yaranan intriqaların bir çoxunu məhz elə mətbuat nümayəndələri yaradır. Kiminsə mətbuatı, saytı pul qazanmalıdırsa, bu o demək deyil ki, mənim sənətimi savaş meydanına çevirməlidir. Mən çox istəyirəm ki, incəsənət yazarları, tənqidçilər də səhnəyə çıxaraq oradan tamaşaçıları izləsinlər. Bir dəfə də onlar səhnədən zala baxsınlar. Rejissorun diktəsini görsünlər. Görsünlər ki, aktyor səhnədə necə çətinliklər çəkir. İnanıram ki, ondan sonra həmin jurnalistlərin mədəniyyətə, sənətə qarşı olan düşüncəsi dəyişəcək. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə bu layihə ilə bağlı məktub yazmışam ki, teatrların birində buna imkan yaratsınlar.
- Yeni tamaşalar necə, olacaqmı?
- Bəli. “Qurbağa” adlı əsər götürmüşəm. Bu əsəri səhnələşdirəcəyik. Bu tamaşa çox tərbiyəvi əhəmiyyətə malikdir. Həmin tamaşa ekologiyanın, ətraf mühitin qorunması ilə əlaqədardır. Bundan əlavə, “Dəvəquşu” adlı tamaşa hazırlamağı düşünürük. Mən yeni mövsümə başlayanda demişdim ki, bu mövsüm canlıların qorunması, mühafizəsi ilə bağlı tamaşalar hazırlayacağıq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər