• cümə axşamı, 28 mart, 16:45
  • Baku Bakı 16°C

İrana qarşı sanksiyalar neftin qiymətində “təlatüm” yaradacaq?

06.11.18 20:35 639
İrana qarşı sanksiyalar neftin qiymətində “təlatüm” yaradacaq?
Noyabrın 5-də ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi rəsmən qüvvəyə mindi. Belə ki, sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana müvəqqəti güzəşt tətbiq olunacaq. Amma ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin bahalaşmasını istəmədiyini söyləyib. O bildirib ki, İrana qarşı sanksiyalarda asta-asta hərəkət edəcək. Çünki neftin qiymətinin artmasını istəmir. Tramp İrana qarşı çox güclü və sərt mövqedə olduqlarını deyib: "Bu vaxtadək İrana qarşı ən sərt sanksiyaları tətbiq etdik. Lakin neftin qiymətində bir az asta hərəkət etmək istəyirik. ABŞ neftin qiymətində ehtiyatlı mövqe tutacaq. Bunun İranla heç bir əlaqəsi yoxdur. İranın neft ixracını dərhal sıfıra endirmək olar. Ancaq bu bazarlarda şoka səbəb olacaq”.
Maraqlıdır ki, neftin qiyməti sanksiyalar qüvvəyə minənə qədər, bir müddət artan xətt üzrə hərəkət etdi. Ancaq sanksiyaların qüvvəyə mindiyi ərəfələrdə kəskin şəkildə eniş başladı. Bəs bundan sonra qiymətdə hansı "təlatüm” baş verə bilər?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanbildirdi ki, neftin qiyməti cümə günündən başlayaraq aşağı enməyə davam edir: "Hazırda qiymətlər 73 dollar ətrafındadır. Bu da o deməkdir ki, oktyabr ayı ilə müqayisədə, qiymətlər 14 dollaradək aşağı düşüb. Oktyabr ayında qiymətlərin qalxmasının bir sıra səbəbləri var idi. Belə ki, bazar iştirakçılarında bazardakı vəziyyət haqda dumanlı bir təsəvvür mövcud idi. Bazar iştirakçıları ABŞ-ın sanksiyalarından sonra vəziyyətin necə dəyişəcəyini bilmirdi. Həmçinin, İranın bazardan çıxarılan həcmlərinin doldurulub-doldurulmayacağı sual altında idi. Digər tərəfdən, sanksiyaların hansı səviyyədə olacağı və özündə nələri ehtiva edəcəyi də bəlli deyildi. Sanksiyaların gərginliyinin hansı dərəcəyə qədər yüksəldəcəyi də hamıya maraqlı idi. Başqa bir səbəb isə ABŞ-ın digər ölkələrlə iqtisadi-ticarət əlaqələrinin və İrandan asılı olan ölkələrin aqibətinin necə olacağının bazar iştirakçılarına qaranlıq qalması idi. Ona görə də, qiymətlər durmadan artırdı. Son dörd gündə bütün suallara cavab tapıldı. ABŞ maliyyə nazirliyinin rəsmi saytında verilən açıqlamalar vəziyyəti tam olaraq aydınlaşdırdı. Ona görə də, hazırda qiymətlərdə enmələr müşahidə olunur. Sanksiyalar bütün gücü ilə işləməkdədir. İran rəsmilərinin və bəzi analitiklərin qiymətlərin 150 dollar həddini keçəcəyi haqda proqnozları, təbii olaraq özünü doğrultmadı. Çünki siyasi və iqtisadi risklər aradan qaldırıldı. İlin sonunadək qiymətlərin necə dəyişəcəyini demək bir qədər çətindir. Çünki neft elə bir məhsuldur ki, baş verən bütün proseslərə həssas reaksiya verir. Bu cür risklər nəzərə alınmasa, ilin sonuna kimi qiymətin 74-75 dollar ətrafında dəyişəcəyi ehtimal edilir. Çünki ilin 9 ayılıq yekununa görə, Brent markalı neftin orta qiyməti 75,2 dollar olub. OPEC ölkələrinin dekabr ayındakı toplantısında kvotaların həcminə yenidən baxılacaq. İki il əvvəl təyin edilən kvotalarda bəzi dəyişikliklərin olacağı şübhəsizdir. Çünki İranın payına düşən neft həcmləri digər iştirakçılar tərəfindən qarşılanmalıdır”.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, ABŞ qiymətləri öz istədiyi məcraya yönəldəcək: "ABŞ rəsmiləri etiraf etdilər ki, neft bazarlarında şok yaşanmaması naminə dünyanın 8 potensial neft idxal edən dövlətinə 6 ay müddətində İran neftinin tədarükünə icazə verilib. Bu dövlətlər də 6 ay ərzində idxal həcmlərini tədricən azaldacaqlarına dair söz veriblər.ABŞ-ın, İran neftinin idxalına icazə verdiyi 8 ölkənin yerləşdiyi coğrafi bölgəyə nəzər salsaq, görərik ki, amerikalılar hədəfi düz seçiblər. İran neftinin həm Asiya, həmdə Avropa bazarlarına tədarükünü təmin etməklə, ABŞ, neftin qiymətini öz bildiyi istiqamətə yönəldəcək. İkinci sanksiya paketinin qüvvəyə minəcəyindən əvvəl, bazar iştirakçıları tam əmin idilər ki, ikinci paketin işə düşməsindən sonra Avropa uzun müddət İran neftini görməyəcək. Lakin ABŞ İtaliya və Yunanıstanı seçməklə, Avropanın enerji bazarlarında Rusiya və Səudiyyə Ərəbistanının imkanlarını məhdudlaşdırmış oldu. Belə ki, Avropada neftin iki ticarət mərkəzi mövcuddur. Bunlar Rotterdam ( Niderland) və Avqustadır (İtaliya). ABŞ İtaliya və Yunanıstanı seçməklə, Rusiyanın URALS markalı eksport neftinin və Səudiyyə Ərəbistanının 4 eksport (medium , light, super light , heavy ) markalı neftlərinin, Şimal dənizindən hasil edilən Brent etalon markalı neft qarışığının Avropa bazarlarında sıxışdırmasının qarşısını almış oldu. Çünki həm Rusiya, həm də Səudiyyə Ərəbistanı öz eksport neftlərini Avropa bazarlarında etalon markaya çevirmək iddiasındadırlar.Digər tərəfdən, Rusiyanın neft ixracına məhdudiyyətlərin qoyulması məsələsi də gündəmə gəlib. Bu baxımdan, İran neftinin dünya bazarlarında dövriyyəsinin saxlanması doğru addım idi. Analoji fikri Asiya bazarları üçündə söyləmək olar. Bildiyiniz kimi, Asiya bazarlarında neftin 4 potensial tədarükçüsü Çin, Hindistan, Yaponiya, Cənubi Koreyadır. Bu 4 ölkə Asiya bazarlarında neftin qiymət formalaşmasında müstəsna mövqeyə malikdirlər”.
Ekspert bildirdi ki, bazarda vəziyyətin necə dəyişəcəyi haqda proqnoz etmək bir qədər çətindir: "İran neftinin yuxarıda adıçəkilən ölkələrə tədarükünə məhdudiyyətin qoyulmaması, Asiya bazarlarında Rusiya və Səudiyyə Ərəbistanının diktə siyasətini heçə endirməklə bərabər, Fars körfəzində şübhəli neft əməliyyatlarının və "qara bazarın" yaranmasının qarşısını almış oldu.İranın ixrac həcmlərinin qarşıdakı aylarda azalmasından sonra hadisələrin necə cərəyan edəcəyi ilə bağlı əvvəlcədən proqnoz vermək çox çətindir”.


Şəbnəm


banner

Oxşar Xəbərlər