• cümə, 29 Mart, 11:53
  • Baku Bakı 5°C

İrana müalicəyə aparılan uşağın faciəli sonluğu Araşdırma

31.08.13 09:49 3583
İrana müalicəyə aparılan uşağın faciəli sonluğu Araşdırma
Son bir ayda Azərbaycan mətbuatında 2 azyaşlı uşağın İran xəstəxanalarında girov saxlanıldığı barədə xəbərələr yayıldı. Əvvəlcə İran xəstəxanasının 5 aylıq körpə Emil Məlikov, ardınca da 13 aylıq Zeynəb Yusiflini girov saxladığı bildirildi. Sonunda hər iki girov valideynlərinə təhvil verildi. Müsahibimiz İranda girov saxlanılan uşağın dayısı Nahid Hacıyevlə hadisənin təfərrüatları, İranda başlarına gətirilənlər və oradan necə qurtulmaları barədə danışdıq. Qeyd edək ki, N.Hacıyev də 13 aylıq Zeynəblə birlikdə İranda olub.
“Bakıda uşağı iflic etdilər”
N.Hacıyev deyir ki, Bakıda şiddətli qarın ağrılarından əziyyət çəkən Zeynəbi əvvəlcə 2 saylı Qara Qarayev adına Uşaq Xəstəxanasına aparıblar: “Zeynəbin ciyərlərində problem var idi. 2 saylı Q.Qarayev adına Uşaq Xəstəxanasında həkim Cəmaləddin Əzizov uşağa müalicə üçün resept yazdı, dərmanları alıb vurdurduq, amma təsiri olmadı. Sonra elə həmin xəstəxanada həkim Mətanət Rzayeva həmin resepti ləğv edib başqa bir resept yazdı, dərmanları gedib özüm aldım. Amma bu dəfə də müalicənin köməyi olmadı. Bir sözlə, hər həkim öz bildiyini və bilmədiyini yazıb uşağı “müalicə etdilər”. Bu müalicələrdən sonra Zeynəbin halı daha da pisləşdi və iflic oldu. Sonra dedilər ki, “uşağı götürüb aparın, artıq biz heç nə edə bilmərik”.
İranlı həkimlər reseptləri görəndə şoka düşdülər
Uşağın vəziyyətinin ağır olduğunu görən yaxınları – atası, dayısı və xalası (anası xəstə olduğuna görə İrana gedə bilməyib - N.H.) birlikdə Zeynəbi təyyarə ilə təcili İrana, Təbrizdəki Bimarestane Kudakan Uşaq Hospitalına aparıblar: “Məlum oldu ki, uşağın ciyərlərini təmizləmək üçün Bakıdakı həkimlər o qədər dozadan artıq antibiotik təyin ediblər ki, Zeynəbin bədənində iltihab yaranıb. Vurulan antibiotik nəcis yolu ilə çıxmalıydı. Amma həkimlər nəcis yolunu açmadıqlarına görə su Zeynəbin bütün bədəninə və başına yığılmışdı. Nəticədə yaranan çirk uşağın qanına və bədəninə işləmişdi. Təbrizdəki hospitala çatan kimi həkimlər uşağı müayinə etdilər və müayinədən sonra bizdən soruşdular ki, uşaq anadangəlmə bu vəziyyətdədir? Biz uşağın anadangəlmə sağlam olduğunu və sonradan ciyərlərində problem olduğunu deyəndə soruşdular ki, “müalicəni özünüz təyin etmisiz, ya həkim?” Biz Bakıdakı analizlərin cavabı, yazılan reseptləri göstərəndən sonra iranlı həkimlər şoka düşdülər...
Beləliklə, Zeynəbdən yenidən bütün analizlər götürülür və uşaq reanimasiya otağına köçürülür: “Analizlərin cavabı çıxandan sonra bəlli oldu ki, Bakıda müalicə olunduğu 15 gün ərzində çirk uşağın hər yerinə işləyib və uşağı iflic edib. Bir sözlə, İrana artıq gecikmişdik. Uşağı çimdikləyirdin, heç nə hiss etmirdi, komada olduğuna görə, gözləri açıq olsa belə ağlamırdı. 5 gün reanimasiyada qalandan sonra uşağı beynindən əməliyyat etdilər və başına aparat qoydular ki, aparat vasitəsilə çirki, suyu çəksinlər. Amma orada olduğumuz 8 gündən sonra dedilər ki, uşaqdan əlinizi üzün, sağalması mümkün deyil. Sağalmaq ehtimalı var, amma gərək bir həftədən bir antibiotik, əlavə qan vurulmalıdır. Bu da bir il çəkəcək, amma bilinmir ki, uşaq sağalacaq, ya yox. Uşağı palataya çıxardılar və biz dedik ki, uşağı Azərbaycana aparmaq istəyirik, xərci nədirsə, ödəyib uşağı aparaq. Həmin gün gecə saat 4-də Zeynəbin halı pisləşdi, nəfəs vermək üçün oksigen aparatı qoşdular və sabahısı həmin aparatla yenidən reanimasiyaya köçürdülər və dedilər ki, sağalması mümkün deyil”.
“Şunuru çəkin, uşaq ölsün, sonra aparın”
Vəziyyəti belə görən Zeynəbin atası Novruz baş həkimin adına ərizə yazır ki, uşağı Azərbaycana aparır və yolda başına nə iş gəlsə, məsuliyyətini boynuna götürür: “Bunları yazıb barmağını da İranın qaydalarına uyğyn olaraq kağıza basdı və xəstəxanaya təqdim etdi. Həkimlər dedilər ki, uşağı aparmağımız mümkün deyil, uşaq burada qalmalıdır və nə vaxt keçinsə, onda apara bilərik. Amma təkcə aparat üçün gününə 250 manat pul köçürəcəyik. Ümumilikdə günə 600 dollara yaxın pul çıxacaq. Atası da dedi ki, uşaq onsuz da yaşamayacaq, istəsək aparatla 1 il də qalar, amma faktiki olaraq yaşamayacaq, niyə bu qədər pul ödənməlidir? Baş həkim və onun müavini razılaşmadı ki, buranın qayda-qanunu belədir, uşaq keçinməlidir, ondan sonra apara bilərsiniz. Nə qədər dedik ki, onsuz da uşaqdan əlimizi üzmüşük, heç olmasa, aparaq anasının qucağında canını tapşırsın. Çünki aparatla istəsələr 1 il, 3 il də saxlaya bilərlər, amma sonunda yenə uşağı itirəcəyik. Baş həkimə bunu izah etdik və soruşduq ki, indi nə edək? Dedi ki, “heç nə, Bakıya zəng edin, pul gətirsinlər”. Qeyd edim ki, xəstəxanada uşağın atasının şəxsiyyət vəsiqəsini, bir də girov kimi min dollar pul götürmüşdülər. Baş həkimin müavini İsmayılzadə ilə yenə də söhbətləşdik. O da dedi ki, uşağın ancaq burdan meyitini apara bilərsiniz. Bunun üçün də bizə məsləhət gördü ki, “şunuru çəkin, uşaq ölsün, sonra aparın. Amma mən görməyim”. Xəstəxanada da hər yerdə kamera var. Şunuru kim çəksə, baxmayaraq ki İran vətəndaşı deyil, adam öldürdüyünə görə İran qanunlarına görə edam olunmalıdır. İranda vəkillə danışdım, dedi ki, uşaq burada ölsə, minimum 30 gün İranda qalmalıdır, sənəd işləri uzun sürəcək, araşdırma aparılacaq ki, uşaq nədən, necə ölüb. Sonra da 5-15 min rüşvət verib meyiti almaq mümkündür”.
Konsul: “Bizim sözümüz xəstəxanada keçmir”
Uşağı ala bilməyəcəklərini görəndə Təbrizdəki baş konsulluğumuza üz tuturlar: “Konsula vəziyyətimizi danışıb uşağı xəstəxanadan çıxarmaqda bizə yardım etməsini xahiş etdik. Konsul dedi ki, bizim sözümüz xəstəxanadakılara keçmir. Biz də dedik ki, sözünüz keçmirsə, burda nə gəzirsiniz, ancaq meyit işinə baxırsız. Beləliklə, konsulluqda heç bir kömək etmədilər. Bakıdakı qohumlarımız Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etdilər, mətbuatda səs-küy qaldırdılar. Azərbaycan Xarici İşlər Nazirliyi, deyəsən, Tehrandakı səfirliyimizlə əlaqə saxlayıb və səfirlik də xəstəxana ilə danışıb. Həmin gün səfirliyə də getdik. İran prokurorluğuna da üz tutduq, prokurorluqdan da dedilər ki, qayda-qanun belədir. Oradan da əlimizi üzüb xəstəxanaya gəldik”.
Bir günə İran qanunları necə dəyişdi?
Azərbaycan mətbuatında səs-küy qaldırıldıqdan sonra və Azərbaycan Xarici İşlər Nazirliyi işə qarışdığı günün sabahısı Zeynəbin xalası xəstəxanada səs-küy qaldırır ki, uşağı verin, ölür: “Bu zaman tibb bacılarından biri uşağın atasının adından yenidən əvvəlki kimi ərizə yazdı ki, uşağı xəstəxanadan çıxarırıq, başına nəsə gəlsə, məsuliyyət mənlikdir. Altından yenə də atası barmağıyla vərəqə imza qoydu. Baş həkimin köməkçisi yenidən gəldi ki, kömək edəcəyik. İranın səhər proqramında da yayımlandı ki, azərbaycanlı uşağı girov götürüblər, buraxmırlar. Səs-küy olduğuna görə baş həkimə verdiyimiz ərizəni qəbul edib, uşağı problemsiz buraxdılar. Ancaq hələ də inana bilmirik ki, bizi buraxdılar. Çünki əvvəlcə qanunlar uşağı buraxmağın mümkünsüz olduğunu deyirdi, ancaq sonradan necə oldu ki, qanunlar dəyişdi. 9 gecə orada qaldığına və 2 gün də uşaq aparata qoşulduğuna görə dərman pullarından əlavə, 2 min manata yaxın pul ödədik. Böyük ümidlərlə İrana apardığımız Zeynəbi güclə oradan çıxara bildik. Bizi hər şeylə təmin olunmuş təcili yardım maşınına – köhnə “moskviç”ə qoyub yola saldılar. Naxçıvan tərəfə gəldik ki, Biləsuvara getsək, yol uzun olduğundan uşaq ölə bilər. Naxçıvana gətirdik, yenidən həkimlərimizin qeyri-peşəkarlığı ilə rastlaşdıq. Təsəvvür edin, İranda təcili yardım maşını kimi istifadə edilən köhnə “moskviç”in içərisində hər şey var idi, amma Naxçıvanda neçə min manatlıq müasir təcili yardım maşınlarının içərisində demək olar ki, heç nə yox idi. Təcili yardım məntəqələrində süni nəfəs aparatı tapa bilmirdik. Nəhayət, birindən yarımçıq süni nəfəs aparatı tapdıq. Ancaq uşağı Bakıyacan saxlaya bilmədik, elə Naxçıvanda canını tapşırdı. Çünki süni nəfəs aparatını əllə idarə edirdik, yəni əllə nəfəs verirdik, bunu da sonadək etmək çətin idi”.
N.Hacıyev bildirdi ki, əslində İranda qanunlar tələb etmir ki, uşaq öləndən sonra xəstəxanadan çıxa bilər: “Sadəcə, bizdən daha çox pul qoparmaq istəyirdilər”. Müsahibimiz əvvəlkinə nisbətən indi İranda xəstəxanalarda qiymətlərin 3 dəfə qalxdığını dedi: “Əvvəllər yerlilərə də, əcnəbilərə də eyni məbləğdə pulun müqabilində baxırdılar. Amma indi əcnəbilər, həmçinin Azərbaycandan gələnlər üçün bu məbləğ 3 dəfə qalxıb. Özü də İranın dövlət xəstəxanalarında xidmət aşağı səviyyədədir, həkimlər özəl xəstəxanalardakından fərqli olaraq adamla adam kimi danışmırlar”.
N.Hacıyev Zeynəbi Bakıda müalicə edən həkimləri məhkəməyə verməyə hazırlaşdıqlarını qeyd etdi.
Həkimlər: “Uşağın sağ qalması çətin idi...”
Məsələ ilə bağlı Zeynəbi Bakıda müalicə edən həkim Cəmaləddin Əzizovla danışdıq. C.Əzizov ilk öncə bildirdi ki, şikayətçi Səhiyyə Nazirliyinə, lazımi orqanlara, məhkəməyə sivil qaydada müraciət edə bilər: “Müraciətdən, şikayətdən sonra bizi çağıracaqlar. Biz də hər şeyi lazımi qaydada danışacağıq. Söhbət xəstəxanadan gedirsə, burada ölüm halı da ola bilər. 26 il mən bu sahədə baş ağartmışam, məni tanıyanlar tanıyır. Sözügedən uşağın xəstəliyi müalicə edilən xəstəlik deyildi”.
Zeynəbin xəstəlik tarixçəsindən danışan C.Əzizov qeyd etdi ki, uşaq onların şöbəsində reanimasiyada 1 gün qalıb: “Biz uşağın nəcisindən analiz götürdük, nəcisindən infeksiya çıxdığına görə, onu digər korpusumuza köçürdük və həkimi Mətanət Rzayeva oldu. Orada da bir müddət Mətanət həkim müalicə etdi, uşaq reanimasiyada da yatdı, sonra valideyni ərizə yazıb qol çəkdi ki, məsuliyyəti öz üzərinə götürərək uşağı xəstəxanadan çıxarır və İrana müalicəyə aparır”.
Həkim Mətanət Rzayeva isə bizimlə söhbətində bildirdi ki, Zeynəbin başında vərəm mənşəli şiş – qranuloma olub: “Zeynəb doğulandan müalicə alıb. Mənə qədər də müxtəlif həkimlərdən müalicə alıb, bağırsaq infeksiyasından da müalicə olunub. Sonradan mənim yanıma göndəriblər. Mənim yanıma gələndə xəstə qranulomadan çoxdan əziyyət çəkirdi. Çünki bu xəstəlik birdən-birə qısa müddətə yaranmır. Uşaq mart ayından sürətlə arıqlamağa başlayıb, mənim yanıma gələndə gündə 12 dəfə qarnı gedirdi, yüksək qızdırmadan, qarın köpündən əziyyət çəkirdi. O xəstənin sağalması üçün çox çalışdım. Hətta bəzən gecə durub evdən də gəlirdim. Müalicədən sonra arada qarnı düzəldi, yeməyi yaxşılaşdı, qızdırması aşağı düşdü. Ancaq təkcə vərəm mənşəli şişdən deyil, həm də bağırsaq infeksiyasından əziyyət çəkdiyindən ikincili ensefolit (beyin iltihabı – L.M.) güclənmişdi, huşsuz vəziyyətə düşmüşdü, eşidirdi, amma ətrafa laqeyd idi. Bağırsaqlarından qan, irin gəlirdi. Onu bir müddət müalicə edəndən sonra reanimasiyaya təyin etdik, bağırsaqları iflic olmuşdu, hərəkətsiz idi. Sonra MRİ-dən keçdi, yəni başın tomoqrafiyası çıxarıldı və başında vərəm mənşəli şişin olduğu ortaya çıxdı. Bu diaqnozla isə uşağın sağ qalması çətin idi. Çünki yanaşı xəstəlikdən, həm də bağırsaq infeksiyasından əziyyət çəkirdi”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər