• cümə axşamı, 25 aprel, 05:05
  • Baku Bakı 19°C

İran Xalq Mücahidlərinin düşərgəsinə hücum: ölən və yaralananlar var

27.12.13 07:49 1036
İran Xalq Mücahidlərinin düşərgəsinə hücum: ölən və yaralananlar var
APA-nın İran mətbuatına istinadən məlumatına görə, hadisə dekabrın 26-da yerli vaxtla 21:15-də baş verib. Belə ki, xalq mücahidlərinin məskunlaşdığı Bağdad Beynəlxalq Hava Limanının yaxınlığındakı ABŞ-ın köhnə hərbi bazası olan “Camp Liberty”yə (“Azadlıq”) onlarla raketin atıldığı bildirilir. Ölən və yaralananlar var. Hazırda onlardan yalnız ikisinin adı müəyyənləşib. Bunlar Bijən Tehrani və Vəsam Zərqamidir. Bu, 2013-cü il ərzində “Camp Liberty”yə düzənlənmiş dördüncü hücumdur.
Qeyd edək ki, İran Xalq Mücahidləri Təşkilatının üzvləri rəsmi Tehranın təzyiqi, İraq şiələrinin düşərgə qarşısında etiraz aksiyaları keçirməsi səbəbindən İraq hökumətinin qərarı ilə “Əşrəf” düşərgəsindən ABŞ-ın köhnə hərbi bazası “Camp Liberty”yə köçürülüblər. 2011-ci ilin dekabrında BMT və İraq arasında imzalanmış müqaviləyə əsasən, İran Xalq Mücahidləri Təşkilatının üzvləri üçüncü ölkədə yerləşdirilənə qədər onlar “Camp Liberty”də qalmalıdırlar. Hazırda düşərgədə İran Xalq Mücahidləri Təşkilatının 1500 üzvü var.
Xatırladaq ki, İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib.
Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.
banner

Oxşar Xəbərlər