• cümə, 29 Mart, 00:28
  • Baku Bakı 7°C

İran Urmiya gölünü Ermənistanla birgə xilas edəcək?

19.09.13 07:38 1575
İran Urmiya gölünü Ermənistanla birgə xilas edəcək?
İranla Ermənistan arasında əməkdaşlıq yüksələn xətlə davam edir. İranın yeni prezidentinin inauqurasiya mərasiminə qatılan Serj Sarkisyan Həsən Ruhani ilə görüşündə iki dövlət arasında münasibətlərin yeni mərhələyə qaldırılması barədə razılığa gəliblər. Erməni politoloq Sergey Şakaryants bununla nələrin nəzərdə tutulduğunu söyləyə bilmədiyini deyib. Lakin yayılan rəsmi məlumatda qeyd edilir ki, tərəflər iri birgə layihələrin reallaşdırılması sahəsində razılığa gəliblər. İran və Ermənistan Araz çayı üzərində birgə su elektrik stansiyanın tikilməsi barədə də razılığa gəliblər.
İran-Ermənistan ticarət palatasının rəhbəri Levon Aqaronyan bildirib ki, yaxın vaxtlarda Yerevanda xüsusi İran sərgisi keçiriləcək. Hazırda iki ölkə arasında ticarət mübadiləsi 380 mln. dollardır. Tərəflər bunu 1 mlrd. dollara çatdırmaq niyyətindədirlər. İran saytları ötən gün belə bir xəbər yayıblar ki, İran və Ermənistan Urmiya gölünün xilası üzrə birgə proqramın icrasına başlamaq barədə razılığı gəliblər. Bu xəbər sonradan İran tərəfindən təkzib edilməsə də, erməni tərəfi xəbərin həqiqəti əks etdirmədiyini yayıb: “Ermənistanla İran arasında Urmiya gölünün xilası üzrə heç bir rəsmi razılaşma yoxdur”. Bu barədə Ermənistan Təbiəti Mühafizə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Armen Vardanyan bildirib. Onun sözlərinə görə, nazirlik nəzdində Su Resurslarının İdarə Olunması Agentliyinin rəhbəri Volodya Narimanyan gölün bərpa edilməsində Ermənistanın dəstəyinə dair İran tərəfindən rəsmi təklif alınmadığını bildirib. Agentliyin rəhbəri ötən il iyulun ortalarında İranın Ətraf Mühit və Ekologiya naziri Məhəmməd Cavad Məhəmmədzadənin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfəri zamanı da bu məsələnin müzakirə olunmadığını bildirib. Bundan əvvəl İranın hökumətyönlü “Tasnim” xəbər agentliyi bildirmişdi ki, İran Urmiya gölünün xilası üçün Ermənistanın su mənbələrindən istifadə barədə rəsmi Yerevanla razılığa gəlib.
Urmiya gölünün xilası yeni prezident Həsən Ruhaninin seçki kampaniyası zamanı səsləndirdiyi vədlərdən biridir. Yüksək vəzifəli İran rəsmisi demişdi ki, hökumət Şərqi və Qərbi Azərbaycan ostanlarında yerləşən duzlu gölün xilas edilməsi planına malikdir. “Nazirlər Kabinetinin ilk iclasında Urmiya gölünün xilas edilməsi planı ratifikasiya olunub. Bu planın icrası Energetika Nazirliyi və nazir Həmid Çiçiana həvalə edilib” - deyə İran vitse-prezidenti, Ətraf Mühiti Mühafizə Departamentinin rəhbəri Məsumə Ebtekar mətbuat konfransında bildirmişdi. Xanım Ebtekar deyib ki, onun rəhbərlik etdiyi qurum suyu çəkilən gölün əvvəlki durumuna gətirilməsinədək məsələni diqqət mərkəzində saxlayacaq. “Tasnim” agentliyinin ingilisdilli saytında dərc olunmuş məlumatda Həmid Çiçian və Məsümə Ebtekarın Urmiyə gölünün yerləşdiyi bölgəyə baş çəkdikləri xəbər verilib. Suyun təqribən yarısının çəkilməsinin əsas səbəbi kimi gölə axan çayların istiqamətinin dəyişdirilməsi və yeni körpünün inşası göstərilir. Agentlik xatırladır ki, bundan əvvəl İran Urmiya gölündəki suyun əvvəlki səviyyəsinə çatdırılması üçün Araz çayının suyunun yarısının bu gölə axıdılmasını planlaşdırırdı. “Tasnim” agentliyinin məlumatında deyilir ki, Azərbaycan Respublikasının belə planlara etirazından sonra İran suyun Ermənistandan gətiriləcəyi barədə razılığın əldə olunduğunu bildirib. İndi isə rəsmi Yerevan Tehranla bu sahədə heç bir razılaşmasının olmadığını söyləyir.
Urmiya gölünün quruması ilə əlaqədar onun sahillərinin azərbaycanlıların yaşadığı hissəsindəki şəhərlərdə etirazlar aksiyaları keçirilmiş və bu hadisə ekoloji və iqtisadi mahiyyətli problemə siyasi çalarlar qazandırmışdı. Vaxtilə bu problemi şərh edərkən Məhəmməd Cavad Məhəmmədzadə isti və yağmursuz havalar nəticəsində göldəki suyun səviyyəsinin ən aşağı tarixi nöqtəyə endiyini bildirmişdi. İsveçdə yaşayan və əslən İrandan olan azərbaycanlı hüquqşünas Saleh Kamrani bildirib ki, Urmiya gölü ilə bağlı problemin mövcudluğu çoxdan bəllidir. Onun sözlərinə görə, hakimiyyət bundan əvvəl də bu problemi çözmək üçün fəaliyyət göstərəcəyini vəd etmişdi. Konkret olaraq bildirilmişdi ki, Urmiya gölünü qidalandıran çayların üzərindəki bəndlərin bir çoxu ləğv ediləcək, lakin bu tədbirlər həyata keçirilməyib. Başqa bir təklifə görə, Urmiyaya su Xəzərdən gətirilməli idi. Lakin bu layihənin 10 milyard dollardan bahaya başa gəlməsi onu gündəmdən çıxarıb. Kamrani deyir ki, bütün bunlara baxmayaraq, hələlik heç bir konkret addım atılmayıb və güman edir ki, Ermənistanla birlikdə görüləcək tədbirlər barədə xəbərlər Tehranın bir daha Araz çayı layihəsinə qayıdışı kimi görünür. O bildirir ki, Urmiya gölünün probleminin həlli yeni prezident Həsən Ruhaninin azərbaycanlı seçicilərə verdiyi bir neçə vəddən biridir. Onun fikrincə, hazırda bu məsələnin gündəmə gətirilməsi potensial yeni etirazların qarşısının alınması üçün atılmış önləyici addım təsiri bağışlayır. Salehi həmçinin deyib ki, Urmiya gölü ilə bağlı məsələ prezident Ruhaninin azərbaycanlılara daha bir vədini kölgədə qoymaq məqsədi güdə bilər. Həsən Ruhani seçki kampaniyasının gedişində azərbaycanlıların yaşadıqları ərazilərdə təhsilin həm də ana dilində olması üçün imkan yaradacağını da vəd etmişdi. Hüquqşünas bildirir ki, yeni dərs ilinin başlanmasına baxmayaraq, bu vəddən ümumiyyətlə söhbət açılmır.
Qeyd edək ki, Urmiya gölündəki ekoloji fəlakət ciddi nəticələrə səbəb olmaqdadır. Belə ki, hövzənin ətrafında yerləşən 7 şəhər böyük təhlükəylə üzləşib. İranın Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya gölünün qurumasının hövzənin ətrafında yerləşən 7 şəhərin artezian quyularına ciddi təsir göstərdiyini və quyuların suyunun şorluğunun artmasına gətirib çıxardığını söyləyib. Onun sözlərinə görə, hazırda Urmiya gölü hövzəsi ətrafındakı 600 min hektardan çox əkin və bağ sahəsi ekoloji fəlakətin mənfi təsiri ilə qarşı-qarşıyadır və ciddi ziyan görməkdədir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər