• cümə axşamı, 18 aprel, 13:06
  • Baku Bakı 22°C

İran-Türkiyə yaxınlaşması nə vəd edir?

31.01.14 09:32 1418
İran-Türkiyə yaxınlaşması nə vəd edir?
Yanvarın 28-29-da Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan İran Prezidentinin birinci köməkçisi İshak Cahangirinin dəvətiylə Tehranda rəsmi səfərdə olub. R.T.Ərdoğanı səfərdə hökumət təmsilçiləri, iş adamları və mətbuat nümayəndələri müşayiət ediblər. Türkiyəli hökumət başçısı İranda Ali dini lider Ayətullah Seyid Əli Xamneyi, Prezident Həsən Ruhani, Prezidentin birinci köməkçisi Cahangiri, xarici işlər naziri Cavad Zərifi ilə rəsmi görüşlər keçirib. Görüşlərdə ikitərəfli əlaqələr başda olmaqla, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub. Belə ki, İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb, iki ölkə arasında güzəştli ticarət razılaşması imzalanıb, mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunub. Eyni zamanda, görüşlərdə Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, enerji və ticarət sahəsində əməkdaşlıq, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilmiş əməliyyatla bağlı da fikir mübadiləsi aparılıb.
Ərdoğanın İran səfərini, bölgədəki iki böyük dövlətin yaxınlaşmasını, bunun region dövlətlər üçün əhəmiyyətini “Kaspi”yə şərh edən millət vəkili Sahib Alıyev bildirib ki, Türkiyə baş naziri hakimiyyətə gələndən sonra İranla əlaqələri get-gedə sıxlaşdırmağa başlayıb. Deyib ki, hakim Ədalət və Qalxınma Partiyasının mövqeyi rəsmi Tehranla rəsmi Ankaranın daha asan dil tapmasına şərait yaradır, əlavə stimul verir: “Son bir neçə ildir ki, İran sanksiyalarla üzləşir, bu ölkənin Qərbə çıxışı məhdudlaşdırılır və sair. Bunlar da Türkiyə-İran əlaqələrinin xeyli genişlənməsinə təsir edir. Belə reallıqlar var. Amma İran da Türkiyə də ortaq tarixi, dəyərləri olan bir-birinə qonşu dövlətlərdir. Bu dövlətlərin əlaqələrini daha da genişləndirməsi təbii zərurətdən irəli gəlir. Buna normal yanaşmaq lazımdır. Digər tərəfdən, indiki halda İrana qarşı Qərbdə yumşalmanın, eyni zamanda Türkiyənin özünün daxilində ziddiyyətlərin baş verdiyi məqamlarda Ankara-Tehran münasibətlərinə yenidən baxılmasına da ehtiyac var idi. Ərdoğanın İrana səfəri də məhz burdan qaynaqlanır. Türkiyə yaranmış vəziyyətdən özü üçün mümkün qədər çox yararlanmaq istəyir”.
Türkiyəli baş nazirin Tehran səfərinin region, xüsusən də ölkəmiz üçün əhəmiyyətindən söhbət açan millət vəkili qeyd edib ki, Ərdoğanın İrana gəlməsi əsasən iki ölkə arasında əlaqələri inkişaf etdirməyə hesablanıb. Onun fikrincə, bu səfərin ətraf dövlətlər, xüsusən də ölkəmiz üçün ziyanından və yaxud xeyrindən danışmaq hələlik tezdir: “Hazırda söhbət Türkiyədə 17 dekabr hadisələrindən sonra “çirk”li pulların “yuyulması”, rüşvət qalmaqalı və sair ətrafında gedir. Burada söhbət İranın pullarının “yuyulması”dır. Bu işi görən əsas adam kimi isə hazırda Türkiyədə saxlanılan İran kökənli iş adamı Rza Zərrabın adı çəkilir. Bütün bu məsələlərin üstünün açılmasında bir tərəfdən daxildə Gülən camaatı, xaricdən isə onları yönləndirən qüvvələr göstərilir. Bu qüvvələrin ABŞ və İsrail olduğu bildirilir. Belə bir vəziyyətdə Tehrana səfərə gələn Ərdoğan orada müəyyən danışıqlar, müzakirələr aparıb. Ardınca məşhur iş adamı Rza Zərrabın bütün mülkünə, hesabına qoyulan qadağalar götürülüb. Bu səfərdə daha çox İran-Türkiyə münasibətləri danışıqlar mövzusu olub, Ərdoğan hakimiyyəti ilə rəsmi Tehranın gələcək əməkdaşlığının perspektivinə baxılıb. İki ölkə arasındakı əməkdaşlığın zərər görməməsi üçün yollar axtarılıb”.
Millət vəkili Fərəc Quliyev isə Türkiyənin Azərbaycan da daxil olmaqla türk dövlətləri ilə ortaq əməkdaşlığına diqqət çəkib. Deyib ki, bu əməkdaşlıqda əsas məqsəd türk dövlətlərinin ortaq mənafedən çıxış etmələridir. Onun fikrincə, bu dövlətlər arasında hərbi-ticari, xüsusən də xarici siyasət kursu koordinasiya olunmalıdır: “Türkdilli dövlətlər hətta hərbi sahədə əməkdaşlıq məsələlərində də bir-birinin mənafeyini gözləməlidirlər. Türkiyədə, İranda 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyinə tam biganə münasibət sərgiləmək olmaz. Türkiyə-İran əməkdaşlığı kontekstində Tehranın İrəvanla əməkdaşlığına da diqqət yetirmək gərəkdir. Bu məsələ gündəmə gətirilməli və ətraflı müzakirə olunmalıdır. Çünki İran uydurma soyqırımı və ərazi iddiaları ilə Türkiyəyə qarşı çıxış edən Ermənistan üçün “ağciyər” funksiyasını yerinə yetirir. Ermənistan iqtisadiyyatı İrandan güc alır”.
F.Quliyev Türkiyənin regiondakı mövqelərinin möhkəmlənməsində hər zaman maraqlı olduğunu dilə gətirib. Xüsusən də qardaş ölkənin Avropa Birliyi, yeni dünya düzəni qurmaq istəyən sistemlə əlaqələrində maraqlı olduğunu ifadə edib. Lakin o, yeni dünya düzəni siyasətində İranı “badalaq” kimi qələmə verib: “Fikir verin, Rusiya da böyük dövlətdir. Eyni zamanda demokratik dəyərlərin bölgədə, dünyada həyata keçməsinə, eşidilməsinə mane olur. Rusiya kimi İran da şər üçbucağının tərkib hissəsidir. İran bölgədə insan hüquqları ilə bağlı pozucu bir rol oynayır. Öz ərazisində yaşayan Azərbaycan türklərinin, ərəblərin və sair millətlərin hüquqlarını pozan imperiya kimi tanınır. Həm də nüvə silahının əldə olunması ilə bağlı təhdidlərin içərisindədir. Sanksiyalardan sonra müəyyən yumşalmalar olmasına baxmayaraq, bu dövlətin mövqeyində heç bir dəyişiklik olmayıb. Belə vəziyyətdə dünyaya qarşı getmək doğru deyil. Onu da yaddan çıxarmaq olmaz ki, PKK terror təşkilatına yardımda İrandan platsdarm kimi istifadə olunur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər