AZE | RUS | ENG |

İran sanksiyalara tab gətirə biləcək?

İran sanksiyalara tab gətirə biləcək?
Tehran “hə” deyir, ekspertlər isə...

İrana qarşı Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi, ən əsası, qonşu dövlətin buna tab gətirə bilib-bilməyəcəyi ən çox müzakirə olunan məsələdir. Düzdür, İran bu sanksiyaların ona ciddi təsir etməyəcəyini iddia etsə də, əksəriyyət bunu qəbul etmir. Məsələ ondadır ki, sanksiyalar əsasən, İranın neft sektorunu əhatə edir. Nəzərə alaq ki, İran özünün neft ixracatından son dərəcə asılıdır və yeni sanksiyalar səmərəli olsa, ölkənin iqtisadiyyatına böyük zərbə dəyəcək. Bir məsələ də var ki, Avropa İttifaqı yeni sanksiyalara baxmayaraq, İranla ticarət edən şirkətlərə dəstək təklif edib. Bəs bu şirkətlər onların, ABŞ-la ticarətini məhdudlaşdıra biləcək bu sanksiyalardan çəkinmirlərmi? Xatırladaq ki, 2015-ci ildə İranla imzalanan nüvə sazişinin "dəhşətli razılaşma” olduğundan qəzəblənən Donald Tramp, bu ilin əvvəllərində ölkəsini bu tarixi və çoxtərəfli razılaşmadan çıxarıb. Bu razılaşma İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur. Nəticədə 2016-cı ildə ABŞ və sazişi imzalayan başqa ölkələr tərəfindən Tehranın üzərinə qoyulmuş sanksiyalar qaldırılmışdı. İndi bu sanksiyaları ABŞ birtərəfli qaydada yenidən tətbiq edir. Tramp İranı, sazişin "ruhunu” pozmaqda ittiham edirdi. İran neft ehtiyatlarına görə, dünyanın dördüncü ölkəsidir. Lakin Avropa da daxil, başqa ölkələr İranın nüvə sazişinə əməl etdiyinə əmindirlər.
Avropa ölkələri bildiriblər ki, İranın üzərinə sanksiyaların bərpa olunmasına dair ABŞ siyasətinə qoşulmayacaqlar. Ancaq məsələ ondadır ki, ABŞ-ın qlobal ticarətdəki hegemonluğu o qədər böyükdür ki, hətta Vaşinqtonun sanksiyaları bərpa edəcəyi barədə xəbərin özü, beynəlxalq şirkətlərin İran investisiyalarını geri götürməsinə səbəb olub. Bundan sonra İranın neft hasilatı da azalmağa başlayıb. ABŞ-ın son sanksiyalarına görə, İranla ticarət edən hər hansı bir şirkət Birləşmiş Ştatlardakı biznesindən məhrum olur. Bundan başqa, dolayısı ilə və ya ikinci dərəcəli sanksiyalar İranla ticarət edən hər hansı şirkətlə işbirliyində olan ABŞ şirkətlərinə də şamil oluna bilər. Ötən avqustda qızıl, qiymətli metal ticarəti və avtomatika sahəsinin bir sıra sənayelərinə qarşı məhdudlaşdırıcı tədbirlər irəli sürülmüşdü. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, İran iqtisadiyyatı bu il 1,5 faiz tənəzzül edəcək. ABŞ bəyan etmişdi ki, son nəticədə İranın neft ticarətini tamamilə bloklamaq niyyətindədir. Buna baxmayaraq, Vaşinqton 8 ölkəyə müvəqqəti olaraq İrandan idxalın davam etdirilməsinə icazə verib. Lakin bu ölkələrdən, İranla ticarəti tədricən azaltmaq tələb olunub. Avropa şirkətlərinin İranla ticarət edib, eyni zamanda ABŞ-ın cərimələri ilə üz-üzə qalmamağı üçün Avropa İttifaqı Xüsusi Məqsədli Ödəniş (Special Purpose Vehicle) və ya qısaca SPV mexanizmini yaratmaq istəyir. Bu sistem şirkətlərə, İranla, ABŞ-ın maliyyə sistemindən yan keçməklə, ticarət etmək imkanı yaratmalıdır. SPV bir bank kimi fəaliyyət göstərərək şirkətlərlə İran arasındakı maliyyə tranşlarını həyata keçirməlidir. Belə olan təqdirdə, şirkətlər pulu bilavasitə İrana ödəməyəcəklər. Bu o deməkdir ki, İrandan neft idxal edən Avropa İttifaqı ölkəsi ödənişləri həmin bu SPV-yə edəcək. Bundan sonra İran bu pullardan kredit kimi başqa Avropa ölkələrindən mal almaq üçün istifadə edə bilər. Lakin hətta Avropanın belə bir planı olsa da, İrana bağlı hər hansı biznesə girişmək bir çox şirkətlər üçün riskli ola bilər. Məsələn, bir yük daşımaları şirkəti nefti SPV mexanizmi vasitəsilə alsa da, yükü sığortalamalı olan sığorta şirkəti dolayısı ilə ABŞ sanksiyalarına tuş gələ bilər. Bu isə potensial olaraq həmin şirkətin Birləşmiş Ştatlardakı biznesini itirməsi demək olardı. Kolumbiya Universitetinin sanksiyalar üzrə eksperti Riçard Nephev BBC-yə deyib ki, İran iqtisadiyyatı birbaşa olaraq ABŞ-ın maliyyə sisteminə əsaslanmır: "Lakin məsələ burasındadır ki, İranın əksər böyük ticarət tərəfdaşları bu sistemdən asılıdırlar və bu, onların İranla biznes etmək naminə Birləşmiş Ştatların bank sisteminə girişini risk qarşısında qoyur”. Ekspertin sözlərinə görə, SPV sistemi böyük şirkətlərdənsə, kiçik bizneslər üçün sərfəlidir. Başqa bir problem budur ki, İranla ticarət üçün SPV-də istifadə olunmuş məhsullar da dolayısı ilə ABŞ sanksiyaları ilə üzləşə bilər. "Reed Smith” beynəlxalq ticarət və milli təhlükəsizlik firmasından Leiq Hansson deyir ki, tranşların özü də xeyli riskli olacaq. ABŞ İranın neft ixracatını sıfıra endirmək əzmində olduğunu bildirirdi, lakin Birmingem Universitetinin beynəlxalq siyasət professoru Skott Lukas deyir ki, bunu etmək çətin olacaq, belə ki, nəticədə neftin qiymətləri qalxa bilər.
İranla neft ticarətinə ABŞ tərəfindən icazə verilmiş bir sıra ölkələrdən başqa, İranın ən böyük neft idxalçısı Çinin Tehrana dəstək verməsi həlledici rol oynaya bilər. Son dəfə 2010 və 2016-cı illər arasında İran neftinə embarqo qoyulduqdan sonra onun ixracatı yarıbayarı azalmışdı. Heç şübhə yoxdur ki, budəfəki sanksiyalar da ixracatı təsirləndirəcək. Amma bu da aydındır ki, İranın qalan tərəfdaşları da bu ölkə ilə ticarət bağlarının saxlanmasına cəhdlər edəcək.
"European Council on Foreign Relations” analitik mərkəzindən Ellie Qeranmayeh deyir ki, sanksiyaların ağır olmayacağına dair xülyalara dalmaq olmaz. Bununla belə, ekspertin sözlərinə görə, İran əvvəllər bu cür sanksiyalara tab gətirə bilib. Ekspertin fikrincə, İran əvvəlki sanksiyalar zamanı əldə etdiyi təcrübədən istifadə edərək, öz neftini satmaq üçün yeni yaradıcı yollar tapacaq. Avropa investisiyalarının boş qalmış yerini doldurmaq üçünsə Tehran şərqə - Çinə və Rusiyaya üz tutacaq. O ki qaldı Türkiyəyə - qardaş dövlətin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Vaşinqtonun, İrana sanksiyalardan güzəşt etdiyi 6 ay bitəndən sonra da həmin məhdudiyyətlərə əməl etməyəcək. Beləliklə, gəlinən qənaət budur ki, İranı qarşıda çətin günlər gözləyir. Ölkənin bu çətinliklərdən əvvəlki illərdəki kimi, çıxıb-çıxmayacağını isə zaman göstərəcək.
 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178