• cümə axşamı, 25 aprel, 13:56
  • Baku Bakı 23°C

İran prezidentindən sensasion bəyanat

12.07.13 09:56 1564
İran prezidentindən sensasion bəyanat
İranda prezident seçkilərinin qalibi olmuş islahatçı kimi tanınan Həsən Ruhani sensasion bəyanatlar səsləndirməkdə davam edir. Bu dəfə o, İslam Respublikasının gündəlik həyatının liberallaşmasının zəruriliyini bəyan edib. Prezident kürsüsünə oturmağa hazırlaşan Ruhani iranlıların gündəlik həyatlarına olan sərt qadağaların aradan qaldırılması təşəbbüsü ilə çıxış edib. “Bizə güclü cəmiyyət lazımdır. Bizə insanlarla danışmaq gərəkdir. Onların fikirlərinə quraq asmaq gərəkdir. Hakimiyyətin total ağalığını zəiflətmək gərəkdir. Əgər bizim qüdrətli və ixtisaslaşmış hökumətimiz varsa, bu o demək deyil ki, baş verənlərin hamısına nəzarət etməlidir” - deyə prezident vurğulayıb.
Analitiklərdə daha çox güclü təsir yaradan Ruhaninin hicab taxmayan qadınlara qarşı olan münasibəti ilə bağlı olub. Ruhani bildirib ki, heç də həmişə mühafizəkar geyinən qadınlar özlərini layiqincə aparmırlar: “Bir çox hallarda elə olur ki, hicab taxmayan qadınlar özlərini hicablılardan daha yaxşı aparır”. Yeni seçilən prezident həmçinin dini polisin fəaliyyətini də tənqid edib. O, mövcud qaydalara uyğun geyinməyən qadınlara qarşı sərt hərəkətlər edən həmin qurumun əməkdaşlarının fəaliyyətini qənaətbəxş saymayıb. Bundan əlavə Ruhani qadınların ölkənin iqtisadi və siyasi həyatında hüquqlarının məhdudlaşdırılmasına, eləcə də oğlan və qızarın ayrı-ayrı yerlərdə təhsil almasına qarşı çıxıb.
Həsən Ruhanini özündən çıxaran hal senzura ilə bağlı olub. O, incəsənət azadlıqlarını genişləndirəcəyini, senzuranı azaldacağını, mədəni və bədii sahədə, İnternet və kütləvi informasiya vasitələrinə olan hücumların qarşısını alacağını vəd edib. Gələcək prezidentin sözlərinə görə, internet saytlar üzərində indiki filtrasiya sistemi hökumətlə xalq arasında etimadsızlıq səddi yaradır. O, əminliklə bildirib ki, İnternet üzərində senzuranın tətbiq etməyin heç bir faydası yoxdur. Sonra isə ritorik bir sualla çıxış edib: “Rəqəmsal inqilab dövründə informasiya məhdudiyyəti şəraitində yaşamaq, idarə etmək və fəaliyyət göstərmək mümkün deyil. Baxaq görək sərt qaydaların tərəfdarları olanlar hansı informasiyanın məxfiliyini qoruyub saxlaya biliblər. İranın indiki hakimiyyət orqanları bir çox internet-saytlar, o cümlədən sosial şəbəkələr üzərində məhdudiyyətlər tətbiq ediblər. Lakin iranlılar bu məhdudiyyətlərin üzərindən xüsusilə proqram təminatları vasitəsilə keçirlər. Bu həm də əcnəbi telekanallara da daxildir. Bu səbəbdən də əhali gizli şəkildə peyk antenaları quraşdırırlar”.
Seçilmiş prezident KİV-in də fəaliyyətinə toxunub. Onun sözlərinə görə, çatışmayan cəhətləri olmayan hökumət yoxdur. “Faktiki olaraq KİV üzərində hökumət və dövlət strukturlarının daimi nəzarəti hökm sürür. Halbuki, bu tənqid çox vaxt hakimiyyətin fəaliyyəti üçün xeyirli olur. Kütləvi informasiya vasitələri əhalinin problemlərini ortaya çıxarır, onları hakimiyyətin diqqətinə çatdırır. Özü də bu hakimiyyətin xeyrinədir”. Həsən Ruhani onu da deyib ki, xalqın dəyişikliklər və yeniliklərə can atmasını görür və seçkiqabağı vədlərini yerinə yetirəcək. İranın yeni seçilmiş prezidenti hesab edir ki, bu yaxınlarda keçirilən prezident seçkiləri İran tarixində dönüş anıdır. Ruhani iranlıların seçkilərdə kütləvi iştirakını qiymətləndirərək bildirib ki, islam sisteminin hüquqi əsasları insanlara yönəlib. O bildirib ki, milli iqtisadiyyat hökumətin nəzarəti ilə xalqa xidmət etməlidir. Bu eynilə mədəniyyət sahəsində də baş verməlidir. Ruhani əlavə edib ki, İran xalqı həmişə mötədil olması ilə seçilib və ekstremizmdən çəkinib. Prezident seçkiləri zamanı insanlar sübut etdilər ki, onlar həqiqət, etika, əxlaq, mötədillik və öz haqlarının qorunmasını axtarırlar: “Növbəti administrasiya qanuna əsasən hərəkət edəcək və heç kim qanundan yuxarı olmamalıdır”.
İranda yaşananları şərh edən beynəlxalq ekspert Yelena Dunayeva bildirir ki, bu mövcud rejimi modernləşdirmək üzrə ilk cəhd deyil. Onun sözlərinə görə, Həsən Ruhaniyə qədər də İranda liberallaşma cəhdləri olub. Ayətulla Xomeyninin 1989-cu ildə ölümündən sonra, prezident Haşimi Rəfsəncani oldu. O da prezidentliyi dövründə kifayət qədər liberal siyasət yürütdü, xüsusən də iqtisadiyyatda. Növbəti prezident isə Məhəmməd Xatəmi oldu. O da liberal-islahatçı xətt yeridərək xarici və daxili siyasətdə islahatlar apardı. Lakin mühafizəkar qatı dairələr onun islahatlarına qarşı çıxdılar. “Nəticədə “yumşalma” sərt qışlı əvəzləndi. İndi isə yenə gözləmək olar ki, İranda yaz küləyi əsir” deyə ekspert bildirib. Belə bir sual ortaya çıxır. Ruhani liberal planlarını həyata keçirə biləcəkmi? Onun səlahiyyətləri bunun üçün kifayət edəcəkmi? Yeni prezident öz ideyalarını həyata keçirmək üçün yollar arayacaq. “Lakin bu bir tərəfdən ona iranlıların rəğbətini qazanmağa imkan verəcəksə, digər tərəfdən elita tərəfindən dəstəkdən məhrum edə bilər. Seçkilər də göstərdi ki, əhali dəyişikliklərin tərəfdarıdır. Bu səbəbdən də söhbət tək yeni prezidentin və onun ətrafının liberal istəklərindən deyil, daha çox İranın obyektiv yolla inkişafından gedir” - deyə ekspert vurğulayıb. O ki qaldı yeni prezidentin xarici siyasətinə - artıq bununla bağlı fikirlərini bölüşüb. İranın yeni seçilmiş prezidenti bəyan edib ki, dünya ilə konstruktiv qarşılıqlı əlaqələr axtarır. Ekspertlər bildirir ki, Ruhani beynəlxalq məsələləri yaxşı anlayır və o beynəlxalq münasibətlər sahəsində ekspertdir - onun şüarı dünya ilə əməkdaşlıq və konstruktiv münasibətlərdir.
Yeri gəlmişkən, İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimi avqustun 4-də yeni parlamentdə keçiriləcək. Bunu İran parlamentinin ikinci vitse-spikeri Məhəmmədrza Bahünər deyib. Bahünər qeyd edib ki, parlament nümayəndələri ölkənin inkişafı naminə yeni prezidentlə sıx əməkdaşlıq etməyə hazırdırlar. Vitse-spiker yeni prezidentə Nazirlər Kabinetindəki səmərəli və işini bilən nazirlərdən istifadə etməyi məsləhət görüb. Qeyd edək ki, andiçmə mərasimindən sonra yeni seçilmiş prezident parlamentə Nazirlər Kabinetinin təşkili üçün müxtəlif nazir vəzifələrinə öz namizədlərini təqdim edəcək. Parlament nümayəndələri yeni nazir vəzifələrinə təqdim olunmuş şəxslərin təyinatını təsdiqləyəcək. Bahünər deyib ki, prezident avqustun 4-dən sonra 2 həftə müddətində yeni kabinetin tərkibini səlahiyyətlərinin təsdiqi üçün parlamentə təqdim etməlidir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər