• cümə axşamı, 28 mart, 12:03
  • Baku Bakı 16°C

İran prezidenti Bakıya gəlib - Yenilənib

12.11.14 19:39 1168
İran prezidenti Bakıya gəlib - Yenilənib
İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən Azərbaycana rəsmi səfərə gəlib. Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirin 1-ci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.
Daha sonra İran prezidentinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib. Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib. İranın və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və prezident Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani rəsmi foto çəkdiriblər.
Noyabrın 12-də prezidentlərin təkbətək görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və İran dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Eləcə də həmin gün nümayəndə heyətlərinin iştirakı ilə prezidentlərin geniş tərkibdə görüşü olub.
"Qonşu ölkələrlə əlaqələrin inkişafı İranın xarici siyasətinin əsasını təşkil edir və qonşu ölkələr arasında Azərbaycanla əlaqələr bizim üçün çox önəmldir". Trend-in İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən verdiyi məlumata görə, bunu Həsən Ruhani Tehran hava limanında Bakıya səfərindən öncə jurnalistlərə deyib.
H.Ruhani bildirib ki, iki ölkəni bir-birinə ortaq mədəniyyət, sivilizasiya və din bağlayır: “Azərbaycan və İran arasında əlaqələrin inkişafı üçün geniş potensial var və iki ölkə arasında əlaqələrin daha da yaxşılaşdırılması hər iki xalqın xeyrinədir. İki ölkənin enerji, Xəzərin hüquqi statusu, ekologiya, balıqçılıq, müştərək sərhədlər, turizm və ticarət sahələrində mənafeyini xalqların xeyrinə dəyişə bilmək üçün çalışacağıq". O, əavə edib ki, iki ölkə regionda baş verən proseslərlə bağlı əməkdaşlıq üçün də geniş potensiala malikdir: “Qafqaz İran üçün şimala və şərqə uzanan bir körpüdür və İran da Qafqaz üçün körpü ola bilər. Səfər zamanı regiondakı problemlər, o cümlədən terrorizmlə mübarizə kimi məsələlər müzakirə olunacaq”.
İslam prezidenti bildirib ki, səfəri zamanı İran və Azərbaycan arasında neftin qiyməti məsələsi ilə bağlı müzakirələr də aparılacaq.
banner

Oxşar Xəbərlər