• cümə, 19 Aprel, 22:23
  • Baku Bakı 24°C

İran parlamenti yeni hökumətin tərkibini təsdiq etdi

17.08.13 08:28 1715
İran parlamenti yeni hökumətin tərkibini təsdiq etdi
İranda yeni prezident Həsən Ruhani nəhayət ki, yeni hökumətin tərkibini təsdiq üçün parlamentə təqdim edib. Onun irəli sürdüyü hökumət üzvlərinin parlamentdə təsdiqi isə əsl qarşıdurma, mübahisələrlə müşayiət olunub. Əvvəlcədən irəli sürülən namizədlərin şəxsiyyəti mühafizəkarlarda narazılıq doğururdu. Və ehtimallar da özünü doğrultdu. Ruhaninin islahatları mühafizəkarların müqaviməti ilə üzləşəcəyi bəlli idi. Deputatlar da gələcək nazirlərin arasında “qəsdçilər” və yaxud “Qərbin casuslarının” olub olmamasını üzə çıxarmağa çalışıblar. Qeyd edək ki, yeni prezident başlıca vəzifə kimi iqtisadiyyatın bərpası, sanksiyaların qarşısının alınması və Qərblə münasibətlərin normallaşmasını götürüb. Əvvəlcə prezident öz kabinetinin prioritetlərini elan edib. Bu, iqtisadiyyatda böhranın qarşısının alınması və ölkənin beynəlxalq təcriddən qurtarılması olub. Dövlət başçısı deputatları əmin edib ki, Qərblə münasibətlərin normallaşdırılması xətti inkişaf proqramlarına ziyan vurmayacaq. Onun sözlərinə görə, namizədlər peşəkar keyfiyyətlər nəzərə alınmaqla müəyyən olunub. Prezidentin bu sözləri isə onsuz da gərgin olan ehtirasları daha da qızışdırmış olub. “Qəsdə iştirak edənlər həbsxanada olmalıdır, hökumətin tərkibində yox” - deyə radikalların mövqeyini əks etdirən nüfuzlu “Kayhan” qəzetində dərc edilən məqalədə vurğulanıb. Qəzetin mövqeyini deputat Əhməd Əmirabadi Farahani daha da konkretləşdirib. Onun sözlərinə görə, parlament 2009-cu ildə yaşananları, sui-qəsd cəhdlərini qulaqardına vura bilməz. “Kabinet üzvlərinin böyük əksəriyyəti ya sui-qəsdçilərin üzvləri, ya da qərbdə təhsil alanlardır” - deyə deputat Atotolla Hakimi bəyan edib. 2009-cu ildə Mahmud Əhmədinejadın ikinci dəfə prezident seçilməsindən sonra ölkədə çoxminlik etiraz aksiyaları başladı. Nəticədə müxalifət liderləri həbs edildi, aksiyalar zorakılıqla dağıdıldı. Məlumatlara görə, Həsən Ruhaninin irəli sürdüyü neft naziri Bijən Zəngənə və təhsil naziri Məhəmməd Əli Nəcəfi 2009-cu il hadisələri zamanı mühafizəkarların “qəsdçilər” adlandırdıqları şəxslərlə təmaslarda olublar. Hər iki nazir postuna irəli sürülən şəxslər ev dustağı elan edilən müxalifət liderləri ilə görüşüblər. Eyni zamanda etirazçıların tələblərini ali dini lider ayətulla Xameneyiyə çatdırmaq üçün onunla görüşüblər. “2009-cu ildə baş verənləri qəsd olduğunu qəbul edirsinizmi” sualı ilə deputat Farahani namizədlərə müraciət edib. Əsl “istintaq dindirilməsi” isə Daxili İşlər Naziri olmağa iddialı Cavad Zərifə qarşı həyata keçirilib. Deputatlar onun 2002-2007-ci illərdə Nyu-Yorkda İranın BMT-dəki xüsusi nümayəndəsi kimi işləməsini şübhəli qarşılayıblar. “Ölkənin siyasətinin nizamlanması islam kriteriyalarına, bütün müsəlmanların ümumi dəstəyi ilə həyata keçirilməlidir. Siz isə cənab Zərif Nu-Yorkun siyasətini müdafiə etmisiniz” - deyə deputat Nader Qazipur gələcək naziri ittiham edib. “Siz Konstitusiyada yazılan prinsiplərə inanırsınızmı və ümumiyyətlə sizin inamınız nə qədərdir? - deyə o fikirlərini tamamlayıb.
“Beləliklə, İran parlamentində yeni hökumətin təsdiqi ilə bağlı qızışan ehtiraslar sübut edir ki, mühafizəkarlar prezident seçkilərindən sonra islahatçı Ruhaninin təşəbbüsü əlinə almasına yol verməməyə çalışırlar” - deyə Moskvadakı Karneqi fondunun eksperti Aleksey Malaşenko vurğulayıb. “Onun nəticədə liberal düşərgənin ümidlərini doğruldacağı isə açıq olaraq qalır. Lakin bu baş verməsə, onda bütün tərəflər uduzmuş olacaq. Sərt kurs tərəfdarı olanlar bildirəcəklər ki, rejim dəyişmək mümkün deyil. Nəticədə Qərblə dialoqun əleyhinə olanlar yeni arqument əldə etmiş olacaqlar” - deyə o bildirib.
Son məlumatlara görə, İran parlamenti dörd gün müzakirələrdən sonra prezident Həsən Ruhaninin nazir postlarına təklif etdiyi 18 nəfərin səlahiyyətini səsə qoyub. Deputatlar 15 nəfərin səlahiyyətini təsdiqləsə də, Təhsil, İdman və Gənclər, eləcə də Ali Təhsil nazirliklərinə təklif edilən 3 şəxsə səs verməyib. Nazir postlarına səlahiyyəti rədd edilən şəxslər bunlardır: təhsil naziri postuna təklif edilən Məhəmmədəli Nəcəfi; idman və gənclər naziri postuna təklif edilən Məsud Sultanifərd; ali təhsil naziri postuna təklif edilən Cəfər Mili Münfərid. İran parlamenti prezident Həsən Ruhaniyə həmin postlara başqa şəxslər seçib təklif etməsi üçün üç ay vaxt verib. Beləliklə, İranın yeni hökumətində bu şəxslər yer alır: Bijən Zəngənə, neft naziri Əbdülrza Rəhmani Fəzli, daxili işlər naziri Əli Təyyibniya, iqtisadiyyat və maliyyə naziri Mahmud Ələvi, kəşfiyyat (ETTELAAT) naziri Həmid Çitçiyan, energetika naziri Hüseyn Dehqan, müdafiə naziri Məhəmmədrza Nemətzadə, ticarət, mədən və sənaye naziri Mahmud Höccəti, kənd təsərrüfatı naziri Əli Rəbii, sosial rifah, əmək və korporasiya naziri Abbas Axundi, yol və şəhərsalma naziri Həsən Haşimi, səhiyyə naziri Məhəmmədcavad Zərif, xarici işlər naziri Mustafa Purməhəmmədi, ədliyyə naziri Əli Cənnəti, irşad və mədəniyyət naziri Mahmud Vaizi, informasiya texnologiyaları və kommunikasiya naziri. Yeri gəlmişkən, İran prezidenti Həsən Ruhani sərəncam imzalayaraq keçmiş xarici işlər naziri Əli Əkbər Salehini İran Atom Enerjisi Təşkilatının rəisi və prezidentin müavini vəzifəsinə təyin edib. Əli Əkbər Salehinin İran Atom Enerjisi Təşkilatının rəisi və prezidentin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı xəbəri Həsən Ruhaninin müşaviri Məhəmmədrza Sadıq jurnalistlərə açıqlamasında bəyan edib. Əli Əkbər Salehi Mahmud Əhmədinejad hökumətində xarici işlər naziri postuna təyin edilməzdən əvvəl, 2009-2010-cu illərdə İran Atom Enerjisi Təşkilatının rəhbəri vəzifəsində çalışıb. O həmçinin Məhəmməd Xatəminin prezidentliyi dövründə, 1997-ci ildən 2005-ci ilə qədər İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi olub.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər