AZE | RUS | ENG |

İran inqilab astanasında

İran inqilab astanasında
Qərbin tətbiq etdiyi sanksiyalar ölkədə maliyyə böhranı yaradıb

Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi sanksiyalar artıq nəticələrini göstərməkdədir. Belə demək olarsa, hər bir iranlı artıq bunu öz üzərində hiss etməyə başlayıb. Vəziyyətin gərginləşdiyini hətta İran prezidenti də etiraf edib. Orta məktəb şagirdləri ilə görüşən prezident Mahmud Əhmədinejad hökumətinin maliyyə sıxıntısı içində olduğunu vurğulayıb. Bu, prezidentin ilk belə etirafıdır. Bundan əvvəl bir sıra iqtidaryönlü saytlar hökumətin büdcə çatışmazlığı ilə üz-üzə qaldığını və maliyyə böhranı keçirdiyi haqda məlumatlar yaysalar da, Əhmədinejad bütün bunları onun hökumətinə qarşı aparılan psixoloji müharibə adlandırırdı. “Hazırda büdcə baxımından ağır təzyiq altındayıq. Belə ki, bir çox hökumət təşkilat və qurumlarının büdcəsi ya tamamilə kəsilib, ya da ən azı 25 faiz azaldılıb. Məhz belə bir ağır şəraitdə çoxlarının nə işlə məşğul olduğunu yaxşı anlamaq olar” - deyə prezident vurğulayıb. Əhmədinejad çıxışında bildirib ki, İran Qərbin iqtisadi sanksiyalarının öhdəsindən gəlmək üçün mübarizə aparır. Əhmədinejad ölkə büdcəsi üzərindəki təzyiqin səbəblərini qeyd etməsə də, onun çıxışından bəlli olur ki, Qərbin İranın nüvə proqramına görə tətbiq etdiyi sanksiyalar dövlət gəlirlərinə böyük zərbə vurub. İran rialının dəyərinin azalması da bununla bağlıdır.

Az əvvəl isə İran parlamenti prezident Mahmud Əhmədinejadın ərzaq və yanacaq dotasiyası ilə bağlı həyata keçirdiyi islahatları dayandırmaq barədə məsələni müzakirəyə çıxarmaq qərarı verib. Deputatlar bu addımı İranda iqtisadi böhranın dərinləşməsi, milli valyutanın devalvasiyası və kütləvi etirazlardan sonra atır. Ancaq subsidiya islahatlarının ikinci mərhələsinin dayandırılıb-dayandırılmaması haqqında qərarın nə vaxt veriləcəyi hələlik bilinmir. Qeyd edək ki, M.Əhmədinejad 2010-cu ilin sonunda təqdim olunan subsidiya islahatlarının birinci mərhələsini son onilliklərin ən böyük iqtisadi islahatı kimi dəyərləndirib. Ancaq prezidentin bu addımı ona qarşı ictimai narazılığı gücləndirib. Parlamentdəki səsvermə isə M.Əhmədinejada siyasi zərbə kimi qiymətləndirilir. Hazırda prezidentin istefaya getməsi üçün ona təzyiqlərin edildiyi bildirilir. Bundan əlavə, M.Əhmədinejadın parlamentdə dindirilməsi üçün 93 deputatın imzası da toplanıb. İran Konstitusiyasına görə, ölkə prezidentini parlamentə çağırmaq üçün 74 deputatın imzası lazımdır. Hələlik İranın ali dini lideri, ayətullah Əli Xamneyi ölkədə yaranmış iqtisadi-siyasi böhranla bağlı heç bir açıqlama verməyib. Qeyd edək ki, oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 40 faiz aşağı düşüb. Hazırda ölkədə yalnız İranın Mərkəzi Bankının lisenziya verdiyi bir neçə valyutadəyişmə məntəqəsində mübadilə aparılmasına icazə verilir. Həmin valyutadəyişmə məntəqələrində də 1 ABŞ dolları 28 min riala dəyişdirilir.

Bələliklə, ABŞ və Avropa Birliyi Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etmək, bununla da rejimi hərbi güc tətbiq etmədən «rəngli inqilab» yolu ilə devirməyə ümid edirlər. Ekspertlər bildirir ki, ABŞ və AB-nin sanksiyalarının İran iqtisadiyyatını iflic vəziyyətinə çalmasının əsas indikatoru ölkənin mili valyutasının - rialın fəlakətli vəziyyətə düşməsidir. Artıq İran valyutası dollarla müqayisədə 40 faiz ucuzlaşıb və belə hal 30 ildən artıq idi ki, baş vermirdi. Təşviş içində olan əhali valyutadəyişmə məntəqələrində dollar almağa başlayıb və alverçilər də bundan yararlanmağa çalışıblar. Baş verənlər 2013-cü ildə prezidentlik müddəti başa çatan Əhmədınejada çox ciddi zərbədir. Ekspertlərin qənaətincə, ölkənin iqtisadi vəziyyətinin pisləşməsi hakimiyyət uğrunda ali dini liderlə prezident arasında mübarizəni daha da gücləndirəcək. Əhmədinejadın namizədinin qalib olması perspektivi isə qeyri-müəyyən olaraq qalır.
İrana qarşı təzyiqlərin effektivliyindən BMT baş katibi Pan Qi Mun da danışıb. Onun sözlərinə görə, sanksiyalar əhalinin bütün təbəqələrdən olan nümayəndələrinə təsir edib. Elektrik enerjisi və xammalın qiyməti, ilkin tələbat mallarının, o cümlədən dərmanların qiymətləri artıb. Sanksiyalar humanitar əməliyyatların keçirilməsini də çətinləşdirib.

Maraqlıdır ki, Qərb təzyiqləri təkcə bu sanksiyalarla məhdudlaşmaq niyyətində deyil. Britaniyanın «Sunday Times» qəzeti yazır ki, AB ölkələrinin oktyabrın 15-də keçiriləcək görüşünün sonunda İran qazına embarqonun tətbiq edilməsi barədə qərar qəbul edəcəklər. 2013-cü il yanvarın 1-dən isə İran Mərkəzi Bankının iştirakı ilə hər hansı bir ticarət əməliyyat aparılmasını qadağa edən qərar qüvvəyə minəcək.

İranda baş verən hadisələr çox qədim bir həqiqəti təsdiq etmiş olur: inqilabların əsas hərəkətverici qüvvəsi iqtisadi vəziyyətindən narazı olan kütlədir. Düzdür, bir iqtisadiyyatla məsələ bitmir. Çox vaxt xalq həyəcanları siyasi, etnik və icmalararası münaqişələrdən də doğur. Lakin inqilabçılar üçün dərin iqtisadi böhran, milli valyutanın sürətlə ucuzlaşmasından yaxşı nə şans ola bilər? Məhz belə bir hal da Tunisdə, Misirdə baş verdi. Əgər bu ölkələrdəki vəziyyət Qətər və Küveytdəki kimi yaxşı olsaydı, çətin ki, hər hansı bir inqilab baş verə bilərdi. İranda isə «fars baharı» az qala 2009-cu ildə, Əhmədinejad prezident seçiləndən sonra yaşanacaqdı. Tehranda və iri şəhərlərdə kütləvi etirazlara qalxan əhali müxalifət namizədinin qalib gəldiyini, hakimiyyətin seçkilərin nəticələrini saxtalaşdırdığını bəyan etdi. Lakin zaman-zaman aksiyaların sayı azaldı və bunun da əsas səbəblərindən biri inqilab üçün ilkin əlamətlərin olmaması idi. 2009-cu ildə İranda indiki böhran yox idi, neft dollarları stabil şəkildə ölkəyə daxil olurdu, realın qiymət düşmürdü. Bu gün isə fərqli mənzərədir. Ayətullah rejiminə qarşı bu gün siyasiləşmiş Tehran tələbələri deyil, bazar, ticarətçilər çıxış edir və bu insanlar sırf praqmatik düşünürlər. Onlar Qərbin sanksiyalarından özlərinin itirdiklərini düşünür. Başa düşürlər ki, rial dəyərdən düşməkdə davam edəcək. Onların əmanətlərinin isə qiyməti olmayacaq. Bunun baş verməməsi üçün isə ticarətçilər çox şeylərini qurban verməyə hazırdırlar. Prezidenti, nüvə proqramını, hətta ayətullah rejimini belə. Axı ticarətçilərin günbəgün var-yoxdan çıxdıqları rejim nəyə lazımdır?


Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056