• cümə axşamı, 25 aprel, 11:18
  • Baku Bakı 14°C

İran geri çəkilmir

24.07.19 19:13 16829
İran geri çəkilmir
İran ətrafında gərginlik artmaqda davam edir. Rəsmi Tehranın Böyük Britaniyanın neft tankerini girov götürməsi gərginliyi daha da artırıb. Əvvəlcə Cəbəllütariq boğazında İran tankeri Britaniya tərəfindən saxlanıldı, indi də İran tərəfi Britaniya tankerini saxlayıb. Tehran bununla bir növ "girovların dəyişməsi”nə nail olmaq istəyir. Yaranmış durumun daha çox ABŞ-ın maraqlarına uyğun olduğu aydındır. Belə ki, bundan sonra İrana qarşı təkcə ABŞ deyil, Böyük Britaniya da sanksiyalara başlayacaq. İranın xarici işlər naziri Cavad Zərif Boris Consonu Britaniyanın baş naziri seçilməsi münasibətilə təbrik məktubunda İran tankerinin Cəbəllütariqdə saxlanmasına görə sabiq baş nazir Tereza Meyi günahlandırıb: "İran qarşıdurma axtarmır. Bizim Fars körfəzində 1500 millik sahil xəttimiz var. Bu, bizim sularımızdır və biz onu müdafiə edəcəyik. Mey hökumətinin İran tankerini ABŞ-ın göstərişi ilə saxlaması açıq və sadə dildə quldurluqdur”.
İran prezidenti Həsən Ruhani isə bildirib ki, dünya İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) Fars körfəzinin təhlükəsizliyini təmin etdiyi üçün minnətdar olmalıdır. Prezident bildirib ki, Fars körfəzinin və Hörmüz boğazının təhlükəsizliyi İran üçün çox önəmlidir:"İran təkcə Fars körfəzi və Hörmuz boğazındadeyil, dünyanın müxtəlif su yollarında, o cümlədənHind okeanında təhlükəsizliyi təmin etməyə çalışır.Hörmüz boğazı stratejimövqedə yerləşir. Bura hansısa ölkənin beynəlxalq qanunlarıpozacağı bir yer deyil. Kimsə Hörmüz boğazının təhlükəsizliyini təmin edən SEPAH-ın xəbərdarlıqlarına laqeyd yanaşıb, ora daxil ola bilməz. Buranın təhlükəsizliyinəəsasən İranvə qonşu ölkələrməsuliyyət daşıyır, bunun başqalarına heç bir aidiyyəti yoxdur”.H.Ruhani qeyd edib ki, Fars körfəzivə Hörmuz boğazında kimlərinsə qarışıqlıq yaratmasına icazə verilməyəcək.
"İran Fars körfəzində, xüsusilə Hörmüz boğazında təhlükəsizliyin təminatı üçün bütün gücünü sərf edəcək”. Bunu isə Fransanın xarici işlər naziri Jan İv Lö Drianla görüşü zamanı İran xarici işlər nazirinin müavini Abbas Arakçi deyib. O, Tehranın regionda gəmilərin sərbəst hərəkətinin pozulmasına imkan verməyəcəyini bildirib.
Yayılan xəbərlərə görə, ABŞ Hörmüz boğazında tankerlərin sərbəst hərəkətini təmin etmək üçün beynəlxalq koalisiya yaradır. Bunu ABŞ dövlət katibi Mayk Pompeo WFTV9 televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu patrul xidmətində məqsəd, regiondakı ticarət yolunu açıq saxlamaqdır. "İstəyirik ki, onlar sadəcə, bütün dünyada terrorçuluq fəaliyyətini dayandırsınlar”, - deyə Pompeo bəyan edib.
Vaşinqton bundan əvvəl bir sıra ölkələrlə belə bir koalisiya yaradılması yönündə danışıqlar aparıldığını bəyan eləmişdi. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2018-ci ildə İranla nüvə sazişindən çıxdıqdan sonra iki ölkə arasındakı münasibətlər daha da gərginləşib. ABŞ İranı sazişin şərtlərini pozmaqda və beynəlxalq terrorçuluğu dəstəkləməkdə günahlandırır. Tehran ittihamları rədd edir. ABŞ sazişdən çıxdıqdan sonra İrana qarşı sanksiyaları bərpa edib və onları daha da kəskinləşdirib. İransa buna cavab olaraq nüvə fəaliyyətini-uran zənginləşdirilməsi üzərində işi bərpa edib. ABŞ dəfələrlə bəyan edib ki, bu yaxınlarda Oman və Fars körfəzlərində neft tankerlərinə edilmiş hücumların arxasında birbaşa İran durur. Tehran ittihamları rədd edir.
Gərginliyin gücləndiyi bir vaxtda İranla 2015-ci il nüvə sazişini imzalamış beş ölkə bu ayın axırında iclas keçirməyi planlaşdırır. Britaniya, Fransa, Almaniya, Rusiya və Çin rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan 2015-ci il sazişini qoruyub saxlamaq məqsədilə Vyanada görüşəcəklər. Bu barədə məlumatı Avropa İttifaqının xarici siyasət idarəsi verib. Rəsmi bəyanatda deyilir ki, görüş Fransa, Almaniya, Birləşmiş Krallıq və İranın ricası ilə keçiriləcək və 2015-ci il sazişinin tətbiqi ilə bağlı məsələləri müzakirə edəcək. 2015-ci ilin nüvə sazişi Tehranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində İran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Vaşinqton bu sazişdən çıxdıqdan az sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub. Bu sanksiyalar İran iqtisadiyyatını və maliyyə sektorunu, özəlliklə də neft ixracatını hədəfləyir. Xam neft satışı Tehranın əsas xarici valyuta gəliri mənbəyidir. Neft üzərinə qoyulan sanksiyalar İrandakı daxili vəziyyəti gərginləşdirib.
Yeri gəlmişkən, hazırda ehtiyat edilir ki, İran öz cənub sahilləri yaxınlığında yerləşən strateji əhəmiyyətli nəqliyyat dəhlizi - Hörmüz boğazını bloklamağa cəhd edə bilər. Bu, nəticə etibarilə neftlə zəngin Fars körfəzinə girişi bağlamaq deməkdir. Bu baş verərsə, qlobal neft bazarı təchizatın beşdə birini itirəcək. Təbii qaz bazarı isə təklifin 25 faizindən məhrum oluna bilər. Lakin bir çoxları hesab edir ki, məsələ öz diplomatik həllini tapacaq. "İran Hörmüz boğazını bağlasa, (bu günə qədər Tehran belə təhdidlər etməyib) "neftin qiyməti əhəmiyyətli dərəcədə artacaq". Bunu Böyük Britaniyanın Gəmiçilik Palatasının rəhbəri David Balston bildirir. Onun sözlərinə görə, məsələnin diplomatik həlli tapılmasa, bu, Qərb müttəfiqləri tərəfindən "hərbi cavab” ehtimalını artıra bilər. Son həftələrdə gərginliyə görə qlobal bazarlarda neftin qiyməti dəyişkən qalsa da, vəziyyət "çox dramatik olmayıb", - deyə Alpha Energy konsaltinq qrupundan Con Hall BBC-yə deyib. Hall hesab edir ki, neftin qiymətini diktə edən bazar ABŞ prezidenti Donald Trampın İrana qarşı "təhdid və hədə-qorxularından” təngə gəlib. "Son vaxtlara qədər, Tramp hər dəfə tvit etdikdə bazar hərəkətə gələrdi, lakin investorlarda buna qarşı immunitet yarandı ", - deyə Hall bildirib.
Kamran
banner

Oxşar Xəbərlər