• cümə, 29 Mart, 19:00
  • Baku Bakı 14°C

İran Ermənistanın işığını kəsdi

05.11.13 09:09 1456
İran Ermənistanın işığını kəsdi
İqtisadi böhran və korrupsiya girdabında çürüyən Ermənistan həftə sonu İrandan sürpriz yaşayıb. Bütün ölkə ərazisində elektrik enerjisinin verilməsi dayandırılıb. Ermənistan Energetika Nazirliyi bəyan edib ki, enerjinin nəqli İran tərəfindən kəsilib. Metsamor Atom Elektrik Stansiyasının sentyabrın 22-də təmirə dayanmasından sonra Ermənistan elektrik enerjisinə tələbatını əsasən İrandan ödəyir. Elektrik enerjisinin kəsilməsi Yerevan metrosunda qatarların tuneldə qalmasına səbəb olub. Bəzi soyuducu sistemlərin də işi dayanıb. Sərnişinlər tunellərdən evakuasiya edilib. Yerevanın qəza xidmətinin telefonu susmaq bilmir. Şəhərin bəzi yollarında işıqforlar işləmir. Energetika Nazirliyindən bildiriblər ki, hazırda enerji sisteminin tənzimlənməsi üzərində iş gedir.
Enerji sistemində yaranan problem üzündən əksər rayonlarda kəsilmiş elektrik cərəyanı qısa müddətdən sonra bərpa olunub. Hadisə Zvartnots aeroportunun işinə təsirsiz ötüşüb. “İki sistem arasında bağlantının kəsilməsi nəticəsində tezlik 45 Hz-ə düşüb. Buna görə miqyaslı elektrik kəsilmələri baş verib” - deyə “İnterfaks” agentliyi Ermənistanın Energetika Nazirliyinin məlumatından iqtibas gətirib. Ermənistanın Metsamor Atom Elektrik Stansiyası təmir və yanacaq təchizatı üzündən işləmir. Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, Ermənistan AES noyabrın 16-na kimi planlı təmirə dayandırılıb. Nazir bildirib ki, bu səbəbdən də ağırlıq İran tərəfinin üzərinə düşüb: “Burada nəsə qeyri-adi bir şey baş verməyib. İran tərəfdən yaranan texniki problem üzündən elektrikin verilməsində problem yaşanıb”. O bildirib ki, 3-5 saat elektrikin verilməsində problemin yaşanmasında qeyri-adi bir şey axtarmaq gərək deyil. Erməni nazir əlavə edib ki, bu cür halların gələcəkdə təkrarlanmaması üçün xüsusi komissiya yaradılacaq. Müxalifət isə ölkənin enerji sahəsində problemin mütəmadi davam edəcəyini bəyan edib.
Müxalifət ölkədə təbii qaz və elektrik başda olmaqla müxtəlif sahələrdə tətbiq olunan yüksək qiymətlərdən narahatdır. Erməni Milli Konqresindən Levon Zurabyan hesab edir ki, iqtidar yaxın vaxtlarda enerji sahəsində qiymətlərin artıracaq. Onun sözlərinə görə, Ermənistanda 2013-cü ilin sentyabrında taxıl məhsulları bazarında qiymətlər 2012-ci ilin sentyabrı ilə müqayisədə 6,1 % artıb. O bildirib ki, bu ilin yanvar-avqust aylarında Ermənistanda 196,5 min ton çörək istehsal edilib. Yoxsulluq və işsizlik şəraitində yaşayan, günbəgün əhalisinin sayı azalan ölkədə ötən il bu rəqəm 198,4 min ton olub. Unun istehsalında da azalma müşahidə edilməkdədir. Belə ki, bu 6 ay ərzində 92 752 ton un istehsal olunub. Ötən il isə bu rəqəm 141 841 ton olub. Bu da 35,1% geriləmə deməkdir: “Görünür günü-gündən artan qiymətlərin fonunda bu ölkədə qalan az sayda əhali artıq ac qalmamaq üçün yavan çörəyi belə ala bilmir”.
Ermənistanda tək enerji deyil, qaz sahəsində də böhran yaşanır. Belə ki, Ermənistanın strateji müttəfiqi Rusiyanın qiymət artımı ilə bağlı atılan addım bu ölkə üçün gözlənilməz olub. Hesablamalara görə, Rusiyanın təbii qazın qiyməti ilə bağlı tələb etdiyi bahalaşma ən azı 640 min erməni ailəsinin sosial vəziyyətinin pisləşməsi deməkdir. Əhali ölkədə bununla əlaqədar ərzağın qiymətinin də artacağından da narahatdır. Erməni iqtisadçılar isə həyəcan təbili çalırlar. Bildirilir ki, qazın qiymətinin artırılması ölkədə həm də yeni etiraz dalğasının başlamasına səbəb olacaq. Son vaxtlar ictimai etiraz əsasən ölkəni tərk etməklə və şikayətlərlə ifadə olunurdusa, bundan sonra vətəndaş itaətsizliyi ilə müşahidə olunacağı istisna edilmir. Artıq sosial şəbəkələrdə qazın qiymətinin artmasına qarşı etiraz çağırışları başlayıb. İqtisadçı ekspertlər bildirirlər ki, mavi yanacağın qiymətinin artırılması ölkədə istehlak mallarının, nəqliyyatın, elektrik enerjisinin və ən əsası ərzağın qiymətinə təsirsiz ötüşməyəcək.
Rusiyanın Ermənistana ixrac etdiyi qazın məbləğini yüksəltməsi ölkədə iqtisadi vəziyyəti gərginləşdirib. Təsadüfi deyil ki, 2013-cü il üçün dövlət büdcəsi cəmi 3,2 milyard dollar təşkil edən Ermənistan Rusiyanın qazın qiymətini birdən birə 90 dollar artıraraq 270 dollara çatdırmasını heç də sakit qarşılaya bilmir. Hərçənd Ermənistan hakimiyyəti bu məsələyə bir qədər nikbin yanaşmış görüntüsü yaratmağa çalışaraq vətəndaşlarına problemi yüksək siyasi səviyyədə həll edəcəyinə dair vədlər verir. Amma bu vəd belə erməni xalqını sakitləşdirmir. Bahalaşmanın fonunda onsuz da hər il 25 min sakininin xarici ölkələrə üz tutduğu Ermənistanda miqrantların sayının daha da artacağını heç kim istisna etmir. Ermənistanın problemin həlli istiqamətində apardığı axtarışlar ölkədəki Gümrü hərbi bazanın icarə məsələsini gündəmə göndərib. Parlamentdə çıxış edən erməni millət vəkili Zarui Postandjyan Rusiyaya məxsus olan hərbi bazanın icarə haqqını qaldırmağı təklif edib. Ölkədə demək olar ki, artıq hər kəs Ermənistanın təhlükəsizliyi məqsədilə yarandığı deyilən bu bazanın ermənilərdən daha çox Rusiyaya lazım olduğunu yaxşı anlayır. Nə də olmasa, Axalkalaki və Qəbələdən sonra bu baza Rusiyanın ön Asiyada yeganə hərbi obyektidir. Adi qaz pulu məsələsi Ermənistanı elə vəziyyətə salıb ki, artıq o Rusiya ilə münasibətlərinə xələl gətirəcəyini bilsə belə, bu probleminin həllində İrana güvəndiyini qəti gizlətmir. Yerli medianın yaydığı məlumata görə, İran tərəfi artıq bu köməyi göstərməyə hazır olduğunu bəyan edib. Qeyd edilir ki, Ermənistan hakimiyyətinin səhiyyə və enerji istehsalı xidmətlərini təmin etmək üçün kifayət qədər imkanları yoxdur. Və hər tərəfdən izolyasiya olunan Ermənistanın bugünkü vəziyyəti onun qonşu ölkələrlə əlaqələrin yaranmasına yönələn yaxşı diplomatik siyasət yürütməyi tələb edir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər